Siyasi islahatlar davam edir, bəs məhkəmə-hüquq islahatları? - AVROPA KOMİSSİYASINI NƏLƏR QANE ETMİR...

Baxış sayı:
2020

2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanda gerçək siyasi islahatlara start verildiyi kimsədə şübhə doğurmur. Ona görə ki, məhz həmin ərəfədə bir sıra “siyasi kötüklər” öz kreslolarından qoparıldı, ölkədə “gəncləşdirilmə siyasəti” həyata keçirilməyə, yəni yaşlı kadrları gənclər əvəz etməyə başladı.

Qeyd etdiyimiz bu proseslərə ilin ikinci yarısından start verilsə də, əslində, 2019-cu ilin birinci rübünün sonlarına yaxın bu islahatların mesajı verilmişdi. Söhbət Prezident İlham Əliyevin aprelin 3-də verdiyi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanından gedir. Zənnimizcə, məhz bu fərman cəmiyyətdə uzun illərdir gözlənilən siyasi islahatlar dalğasının əsasını qoymuşdu. Şübhə yoxdur ki, Prezident həmin vaxtadək ölkədə hüquq sisteminin iflic vəziyyətdə olduğunu, məhkəmələrin bir qrup məmurun iradəsindən asılı duruma düşdüyünü, hakim əbalarının altında hansı hoqqalardan çıxıldığını çox gözəl bilirdi. Üstəlik, bu da bir aksiomadır ki, ölkədə davamlı siyasi islahatların aparılması üçün mütləq məhkəmə-hüquq sisteminə “əl gəzdirilməli” idi. Odur ki, İ.Əliyev haqlı olaraq islahatlara “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman verməklə başladı. Bu fərmanın giriş hissəsində də islahatların davamlı olacağı açıq şəkildə vurğulanırdı:

“Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir.

Müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

Eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsi daha da yaxşılaşdırılmalı, müvafiq infrastrukturun yenilənməsi işləri davam etdirilməli, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməli, digər mühüm məsələlər həll olunmalıdır”.

Prezident sözünün üstündə durdu…

Əlbəttə, Prezidentin bu fərmanı rüşvətxor, siyasi sifarişlə işləyən “hakim ordusu” ilə yanaşı, ölkədəki insan hüquqlarını özlərinin “saqqalından” asılı vəziyyətə salan məmurlara da bir xəbərdarlıq idi. Bu o demək idi ki, artıq kimsə özünü hakimi-mütləq hesab edə bilməyəcək, ölkədə hər şey nəzarətdədir. Şübhəsiz, İ.Əliyev dediyi sözün də üstündə durdu və onun iradəsinə, yəni ölkədəki hüquqi nizama tabe olmayan, özlərini müxtəlif rəngli “kardinallar” rolunda görən bir sıra məmurlar vəzifələrindən uzaqlaşdırıldı.

Bu gün əminliklə deyə bilərik ki, Prezidentin məlum fərmanının ardınca – 23 oktyabrda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin öz postundan uzaqlaşdırılması qeyd olunan siyasi islahatların, yəni ölkədəki “gəncləşdirmə siyasəti”nin başlanğıcı idi. Üstəlik, bu, həmin ərəfədə də qeyd olunduğu kimi, illərdir Azərbaycan xalqına qarşı zülm edən, eynilə prezidentin özü üçün də böyük təhlükəyə çevrilən Rusiyaya məxsus “5-ci kolon”un “kökünə balta çalmaq” məqsədi daşıyırdı. Hansı ki, müstəqil siyasət yürütməyi qarşısına məqsəd qoyan, “böyük qardaş”ın asılılığından xilas olmağa çalışan İ.Əliyev gec-tez bu addımı atmalı idi. Amma çoxları Prezidentin ən başdan başlayacağını güman etmirdi, hər kəs düşünürdü ki, öncə “5-ci kolon”un qol-budağı kəsiləcək. Prezident İlham Əliyev isə problemi kökündən və ən qısa müddətdə həll etməkdə israrlı idi. Təbii ki, Ramiz Mehdiyevin ardınca “qol-budaq”lara da növbə çatacağı şübhəsiz idi və cəmi 1 ay sonra – noyabrın 29-da Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun bir daha vəzifə üzü görməmək şərtilə “Ağ ev”dən qovulması dediklərimizin bariz nümunəsi hesab oluna bilər.

“5-ci kolon”un iki “parlaq” simasının ardınca bir sıra ruspərəst məmurun da vəzifədən alınması və onların gənc kadrlarla əvəzlənməsi, o cümlədən illərdir imkansız insanların yardım puluna belə göz dikən icra başçılarına qarşı DTX-nın keçirdiyi ardıcıl əməliyyatlar da məlum islahatlar dalğasının tərkib hissəsi idi və bu prosesin hələ də davam etdiyini əminliklə qeyd edə bilərik.

Siyasi islahatlar davam edir, bəs məhkəmə-hüquq islahatları?

Bütün bunlardan göründüyü kimi, ölkədə Ramiz Mehdiyevin istefası ilə başladılan siyasi islahatlar hələ də davam edir. Bəs, Prezident İlham Əliyevin aprelin 3-də verdiyi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanın icrası nə yerdədir? Əlbəttə, Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədovun dediklərinə inansaq, bu sahədə də ciddi irəliləyiş əldə edilib. Belə ki, nazirin hələ 07.05.2001-ci il tarixdə Məhkəmə-Hüquq Şurasının iclasında verdiyi məlumata görə, fərmandan irəli gələn bütün tələblərin yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb:

““Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin təkmilləşdirilməsi işinin müasir çağırışlara uyğun yeni mərhələdə təşkilini, o cümlədən kadr islahatlarının aparılmasını, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirib.

Fərmana uyğun olaraq mühüm qanunlar qəbul edilib, o cümlədən cəza siyasəti humanistləşdirilib, «Elektron Məhkəmə» informasiya sisteminin bütün ölkəni əhatə etməsi üçün tədbirlər görülüb, yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı güclənib. Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər görülüb, yeni bina və komplekslər inşa olunaraq yüksək texnoloji - «hi-tech» məhkəmələr yaradılıb.

Həmçinin, hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və çevik baxılması məqsədilə əlavə ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə, müsabiqələr davamlı xarakter alıb, namizədlərin təlimi və məhkəmələrdə təcrübələri təşkil olunub.

Fərmanın icrası çərçivəsində hakimlərin fəaliyyətinin hərtərəfli və prinsipial qiymətləndirilməsi məqsədilə yeni Qaydalar təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb. Həmin Qaydalara uyğun olaraq 120-dək hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya və digər müvafiq məhkəmələrin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, sair aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanaraq Şuranın müzakirəsinə çıxarılıb.

İclasda həmin hakimlər barədə qiymətləndirmə materialları hərtərəfli müzakirə olunaraq, onlardan 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunub və işdə dönüş yaratmaları üçün 6 ay vaxt verilib, 3 nəfərin isə səlahiyyətlərinə xitam verilməsi qərara alınıb”.

Bir daha qeyd edək ki, nazirin bu və digər açıqlamaları Prezidentin məlum fərmanından 2 il sonra, 2021-ci ilin may ayının əvvəlinədək görülən işləri özündə əks etdirir. İnanmaq istərdik ki, sonrakı 1 il 6 ay ərzində də bu sahədə önəmli addımlar atılıb. Lakin bizim nəyə inanıb-inanmamağımızdan asılı olmayaraq, beynəlxalq təşkilatların bu məsələyə öz yanaşması var.

Avropa Komissiyasının məhkəmə sistemləri ilə bağlı hesabatı


Belə ki, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının 44 Avropa ölkəsi və üç müşahidəçi dövlətin məhkəmə sistemlərindəki əsas tendensiyalara dair bu günlərdə yaydığı hesabatında Azərbaycan hüquqi yardıma ən az sərmayə qoyan ölkələr sırasında yer alır. Qeyd edək ki, söhbət qurumun fəaliyyətə başlamasından (2002-ci ildən) bu yana açıqlanan onuncu qiymətləndirmə hesabatından gedir. Hesabatda qeyd olunur:

“Avropa ölkələri öz məhkəmə sistemlərinə orta hesabla 1,1 milyard avro xərcləyiblər ki, bu da hər bir sakinə 79 avro təşkil edir (2018-ci illə müqayisədə 7 avro çoxdur). Bu büdcənin orta hesabla 66 faizi məhkəmələrə, 24,5 faizi prokurorluq orqanlarına, 9,5 faizi isə hüquqi yardıma ayrılır. Gürcüstan (8,7 avro) və Azərbaycandan (9,6 avro) fərqli olaraq, İsveçrə və Mərakeş bir sakinə ən çox pul xərcləyən ölkələrdir (217 və 199 avro).

Şərqi Avropa ölkələri prokurorluq xidmətlərinə proporsional olaraq daha çox pul xərcləyirlər, halbuki, Şimali Avropa ölkələri hüquqi yardıma daha çox sərmayə qoyurlar.

Avropada vəkillərin sayı artmaqda davam edir və 100 000 sakinə orta hesabla 172 müdafiəçi düşür. Eyni zamanda, Azərbaycanda bu göstərici cəmi 20-dir.

Bu baxımdan Lüksemburq liderdir - 100 min nəfərə 485 vəkil düşür.

Avropa Şurası üzv dövlətlər və təşkilatlar məhkəmə fəaliyyətini dəstəkləmək üçün informasiya-kommunikasiya texnologiyalarından daha çox istifadə edirlər və məhkəmələrin büdcəsinin böyük hissəsini kompüterləşdirməyə ayırırlar.

2020-ci ildə Azərbaycan, Finlandiya və Slovakiya məhkəmə sistemində informasiya-kommunikasiya texnologiyalarına orta Avropa göstəricisindən üç dəfə çox sərmayə qoyub.

2020-ci ildə Çexiya, Malta, Mərakeş, Sloveniya və İspaniya məhkəmə sistemi büdcəsinin 80 faizdən çoxunu məhkəmələrə yönəldib, Albaniya, Azərbaycan, Bolqarıstan, Kipr, Gürcüstan, Moldova isə məhkəmə sistemi büdcəsinin 35 faizdən çoxunu məhkəmə təqiblərinə yönəldib. 

Azərbaycanda hüquqi yardım xərcləri artsa da, bu, dövlət tərəfindən təyin edilən vəkillərin qonorarlarının məbləğinin artması hesabına olub.

Azərbaycan Ermənistanla yanaşı məhkəmə korpusunda qadın hakimlərin 40 faizdən az təşkil etdiyi ölkələr sırasındadır.

Prokurorluğun feminizasiyasının artması fonunda Azərbaycan Albaniya, Gürcüstan, Ermənistan və Türkiyə ilə birlikdə qadın prokurorların sayının 40 faizdən az olduğu ölkələr sırasındadır”.

Buradan isə belə qənaətə gəlmək olur ki, Azərbaycanın məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı görülən işlər hələ istənilən səviyyədə deyil. Bəs, bu barədə yerli hüquq müdafiəçilərimiz nə düşünür? Son 3 ildə, yəni Prezident İlham Əliyevin məlum fərmanından sonra ölkədə nə kimi müsbət irəliləyişlər əldə olunub və məhkəmə-hüquq sistemində çatışmayan nələr var? Bu və digər suallara növbəti sayımızda cavab tapa bilərsiniz. Bizi izləyin.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI