​Şəhərli-kəndli söz-söhbəti ciddi problemə səbəb ola bilər… - ELDAR SABİROĞLU YAZIR

Baxış sayı:
1846

Hökumətə səslənirəm: şəhərli-kəndli söz-söhbəti böyüyür. Məxsusi adamlar, məxsusi qruplar bu işə qoşularaq antixalq təxribatını genişləndirirlər. Qarşısı təcili alınmazsa, problemin Azərbaycanın bütün regionlarını cənginə keçirəcyini yüzdə-yüz ehtimal etmək olar.
Bu qərara heç nədən gəlmədim. Ona görə də hökumət orqanlarından, ölkənin hüquq-mühafizə təşkilatlarından, vətəndaş cəmiyyətlərindən xahiş edərdim, dövlətçiliyimizin, insanlarımızın  həyatı üçün çox ciddi yaralar aça bilər ki, bu yaraların sağalması üçün uzun illər lazım gələcək.
Halbuki təcrübədən biz bunun nə demək olduğunu  çox yaxşı bilirik. Mən açıq danışmaq məcburiyyətindəyəm. 1988-ci ildə Ermənistandan deportasiya edilmiş 250 mindən çox azərbaycanlının acı taleyini göz önünə gətirək. Nələr oldu, nələr baş verdi, hər şey tarixin yaddaşında üstünü toz basmadan qalır. Yaxşı ki, milli problemin önünə vaxtında, Azərbaycanın böyük şəxsiyyətlərinin gərgin əməyi sayəsində keçilməz sədd çəkildi.  Bakı-ermənistanlı söhbətinə son qoyuldu. Lakin siyasi pravakatorlar ölkəni daxildən parçalamaq üçün qara niyyət və alçaqlıqlarından əl çəkmək istəmirdilər. Bu dəfə ikinci planı- qarabağlı-ermənistanlı qarşıdurmasını işə salmağa başladılar. Son hesabla nəticədə burada da  hər iki tərəfdən siyasi ziyanvericilərin əlləri boşaldı və öz yuvalarına çəkilməkdən başqa çarələri artıq qalmamışdı... Azərbaycanın əleyhinə olan qüvvələr hələ də sakitləşmək istəmirdilər. Mənfi qüvvələr, Azərbaycanın müstəqil dövlət kimi güclənməsini arzu etməyən və Rusiyanın “5-ci kolon”una daxil olan güclər daha təhlükəli planını  günün birində meydana atmağa müvəffəq  olurlar. Təhlükəli oyunun müəllifləri isə elə zənn edirdikər ki, artıq hər şeyi bitiriblər. Dayaz düşüncəli naxçıvanlı ilə dayaz düşüncəli ermənistanlı arasında gedən savaşın nəticə etibarı ilə mikrob halına gətirilməsi göstərdi ki, bir-iki nəfərin sarsaq və düşmən mövqe sərgiləməsi tarixən yekdil olan Naxçıvan və Qərbi Azərbaycan kökənli diyarı parçalamaqda çox acizdir.
Bunları təsadüfən qələmə almıram. Ya da ki, özümü qəhrəman libasında xalqın gözündə ucaltmaqdan da tamamilə yanayam. Bəs məni arğıdan nə oldu ki, gecənin bu vaxtında, 67 yaşlı qoca bir kişi böyük narahatlıqla Bəhram Bağırzadə adında bir korafəhimin, daha doğrusu özündən müştəbehin zir-zibili üzərində baş sındırır. Aləm bundan danışır, demək olar ki, ölkənin informasiya məkanı  bu məsələni müzakirə edir, bizim dövlət və hökumət orqanlarımızı yuxudan oyatmağa isə yetərincə imkanımız yoxdur. Nə etməli!?
Eldar SABİROĞLU