ƏSƏDİN VƏ SURİYANIN TALEYİ TÜRKİYƏDƏ MASA ÜZƏRİNDƏ:kim gedəcək, kim qalacaq, kimə nə çatacaq? - TƏHLİL

Baxış sayı:
4426

04 apreldə Ankarada Rusiya, Türkiyə və İran liderlərinin Suriyaya həsr edilmiş görüşü keçiriləcək. Rəsmi olaraq bu, atəşkəs haqqında qətnamənin yerinə yetirilməsi üçün “saatların tutuşdurulub yoxlanması” adlandırılır. Lakin müttəfiqlər arasındakı ziddiyyətlər hələlik gərginliyi azaltma zonaları ilə bağlı olan problemlərin həlli üçün tamkeyfiyyətli siyasi prosesə keçməyə mane olur. “Gazeta.ru” müəyyən edib ki, bu da Suriyada uzunmüddətli barışığın yaradılmasına imkan vermir.
Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Ankara görüşündə Suriyada atəşkəs haqqındakı BMT TŞ qətnaməsinin yerinə yetirilməsi üçün “saatlarını tutuşdurub yoxlayacaqlar”. Bu barədə Rusiya İnformasiya Agentliyi “Novosti”yə rus liderinin köməkçisi Yuri Uşakov danışıb. Söhbət BMT TŞ-nin fevralın sonunda qəbul edilən, “ölkənin bütün ərazisində atəşin kəsilməsinə çağıran” 2401 saylı qətnaməsinin yerinə yetirilməsindən gedir.
Küveyt və İsveçin təklifi ilə qəbul edilən 2401 saylı qətnamə ölkə əhalisinə humanitar yardım göstərilməsi üçün bütün Suriya ərazisində atəşin 30 gün ərzində kəsilməsini nəzərdə tutur.
Döyüşçülərin böyük hissəsinin məhv edilməsinin bəyan edilməsinə baxmayaraq, son həftələrdə başlıca münaqişə zonası onların hökumət qüvvələrilə şiddətli döyüş apardığı Dəməşqin ətrafı – Şərqi Quta olub. Lakin praktiki olaraq, Ankaradakı üçtərəfli görüş ərəfəsində Suriya hərbçiləri Rusiya müşavirlərinin iştirakı ilə Qutanın azad edilməsinə nail oldular. Onlar həmçinin şəhəri tutan islamçı döyüşçüləri öz ailələrilə birlikdə onu tərk etməyə inandıra bildilər.
Dəməşqin Rusiyanın köməyilə əldə etdiyi siyasi qələbə Suriyada siyasi tənzimləməyə nail olmaq məqsədilə aparılan danışıqlarda rəsmi olaraq bu ölkənin mövqeyini gücləndirir.
Vaşinqtondakı “Gulf News”un aparıcı eksperti Teodor Karasik deyir ki, “Bu, Putinin Türkiyəyə əməliyyatların növbəti mərhələsini müəyyən edən və Suriyadakı antiəsəd qüvvələri arasında münaqişənin dayandırılmasını başladan mühüm səfəridir”.
Beynəlxalq işlər üzrə Rusiya şurasının eksperti Yuri Barmin hesab edir ki, görüş Astana prosesinin taleyini həll etməyə yardım etməlidi. O, qeyd edir ki, Astana prosesi gərginliyi azaltma zonalarının müəyyən edilməsi üçün əhəmiyyətli idi, lakin, ekspertin rəyinə görə, “zonalar layihəsi uğursuzluğa düçar oldu”.
Söhbət ötən il Suriya ərazisində yaradılan dörd atəşkəs zonasından gedir. Biri İdlib vilayətini, həmçinin Latakiya vilayətinin rayonlarının bir hissəsini əhatə edir. İkinci zona Homs vilayətinin şimalında yerləşir. Üçüncüsü Şərqi Qutada, dördüncüsü isə Suriyanın cənubunda, İordaniya ilə sərhəddədir.
Bu durumda Dəməşqi ittiham edirlər ki, onun aviasiyası atəşkəs zonalarını bombalayır. Suriya hakimiyyəti də öz növbəsində bəyan edir ki, döyüşçülər bu rayonlardan atəş açırlar.
Barmin gözləyir ki, üçlüyün liderləri gərginliyin azaldılması cəhdlərinin necə ediləcəyi haqqında “prinsipial qərarlar” qəbul edəcəklər. Bu məsələdə mühüm nöqtələrdən biri, onun sözlərinə görə, “hər tərəfdən gələn qruplaşmalar üçün “çirkab suyu yığılan çuxur” olan”  İdlib vilayətidir.
Putinin xarici siyasət üzrə köməkçisi Uşakov üçlüyün görüşü ərəfəsində jurnalistlərə açıqlıq gətirib ki, gərginliyi azaltma zonaları ilə bağlı problemlər var: “Yəqin ki, (Suriyada) döyüş əməliyyatlarının durdurulması rejiminin möhkəmləndirilməsi, gərginliyi azaltma zonalarının funksionallığının təmin edilməsi maraqlarına uyğun əlavə addımlar işlənib hazırlanacaq”.
 
Əsəd qalır
 
Bundan əlavə, Rusiya, Türkiyə və İranı Suriyanın yenidən qurulması problemləri də maraqlandırır, çünki dağıdılmış ölkənin bərpa edilməsi üçün milyardlarla dollar lazımdır. Bu dövlətlərdə isə belə pullar yoxdur, ona görə də digər dövlətlərin yardımına müraciət etməyə ehtiyac olacaq, ancaq hazırkı şəraitdə bu, tamamilə problemlidir.
Suriyanın quruluşunun necə olacağından asılı olmayaraq, çətin ki, mərkəzləşmiş dövlət olaraq qalsın, onun lideri Bəşər Əsəd hələlik onun başında qalacaq. Bundan başqa, tamamilə zəif fiqur olmasına rəğmən, o, münaqişənin başlamasından sonra öz rolunu gücləndirə və hətta Rusiyanı müxalifətin əlində saxladığı ərazilərin tutulmasına nail olmağa inandıra bildi. Əlavə olaraq, artıq onun əlində Moskvaya təzyiq vasitəsi – ölkə ərazisində olan hərbi bazaları var.
Əsədin öz mövqelərini gücləndirməsi faktı bu yaxınlarda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi tərəfindən də etiraf edilib. “The Time”a verdiyi müsahibəsində Məhəmməd bin Salman deyib ki, “Bəşər qalacaq. Lakin mən ümid edirəm ki, iranlılara istədiklərini etməyə imkan vermək Bəşərin maraqlarına daxil deyil”.
Səudiyyə Ərəbistanının qorxularına baxmayaraq, İranın bu münaqişədəki rolu, hətta Rusiya və Türkiyə ilə olan müttəfiqlik münasibətləri çərçivəsində belə, elə də müəyyən edilməyib.
Suriyada Tehranın ən güclü ziddiyyəti Türkiyə ilə yaranıb. Türkiyənin Suriyanın şimali-qərbində yerləşən Afrində, – harda ki, türk hərbçiləri kürd dəstələrilə qarşı-qarşıya durub, – apardığı əməliyyatları İran İslam Respublikasında şübhə ilə izləyirlər. İranda hesab edirlər ki, Türkiyənin fəaliyyətləri yalnız regionu daha da sabitsizləşdirə bilər.
Lakin türk tərəfi də gizlətmir ki, onun başlıca məqsədi kürdlərin qonşu ölkədən Türkiyə ərazisinə keçməsinə yol verməmək üçün Suriya ilə olan sərhədə nəzarəti təmin etməkdir.
İranla Türkiyə arasında olan ziddiyyətlər Rusiyanın nail olmaq istədiyi Suriya sülh prosesinə keçidi mürəkkəbləşdirəcək. İŞİD üzərində qələbədən sonra Moskvanın məqsədi müxtəlif qruplaşmalarla Əsəd rejimi arasında siyasi barışığa və onları siyasi prosesə daxil etməyə nail olmaqdı.
 
Kim gedəcək, kim qalacaq
 
Bundan ötrü Suriya üçün konstitusiya işləyib hazırlamaq lazımdır və Ankarada bu proses də müzakirə ediləcək. Düzdür, Suriyada çoxları qorxur ki, təminatçı dövlətlər zorla konstitusiya qanununun özləri tərəfindən hazırlanan variantını qəbul etdirə bilərlər. Hələliksə, suriyalı müxtəlif qrupların iştirakı ilə keçirilən ötən forumda mövcud konstitusiyaya düzəlişlərin edilməsilə məşğul olacaq komissiya yaradılması qərara alınıb.
Qərb siyasi dairələrində, Suriyadakı qələbələrin əsas faydalananlarının Rusiya, İran və Türkiyə olduğunu nəzərə alaraq, belə sabit fikir formalaşıb ki, bu dövlətlər öz aralarında Suriyanı təsir zonalarına “bölməyə” hazırlaşırlar.
Görüş ərəfəsində nəşr edilən məqalədə CNN-nin şərhçisi Nik Paton Volş qeyd edir ki, bu plana görə, guya, İran və Rusiya ölkə ərazisinin sahil hissəsinə nəzarət edəcək, Tehranın eyni zamanda Bağdada çıxışı olacaq. Türkiyə isə İdlib vilayətilə bağlı olan ərazilərə nəzarət edəcək, orada sünnilər onun nəzarətində olacaq. Eyni zamanda ABŞ hərbçiləri şimali-şərqdəki, – harada ki, kürd dəstələri onların mühafizəsi altındadır, – iştiraklarını de-fakto saxlayacaqlar.
Düzdür, ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan edib ki, ölkəsi İŞİD-i məğlub etdikdən sonra Suriyadan çixa bilər.
RF XİN rəhbəri Sergey Lavrov qeyd etdi ki, Trampın ifadələri onun “öz vədlərinə sadiq qaldığından” xəbər verir. Lavrov dedi ki, “Əgər ABŞ prezidenti amerika qüvvələrinin tezliklə Suriyadan çıxacağını bəyan etdisə, bu, o deməkdir ki, o, ən azı, İŞİD üzərində qələbədən sonra ABŞ-ın Suriyadan çıxacağı haqqındakı əvvəlki bəyanatlarına sadiqdir. Baxacağıq”.
“Gulf News”un təhlilçisi Teodor Karasikin qeyd etdiyinə görə, görüş iştirakçıları, aydındır ki, Suriyadakı siyasi durumu müzakirə edən zaman Trampın bu bəyanatını nəzərə alacaqlar.
Eyni zamanda müşahidəçilər əmindir ki, Vaşinqton yaxın zamanlarda Suriya Ərəb Respublikasından öz qoşunlarını çıxarmayacaq, belə ki, onu Dəməşq rejimindən daha çox, ABŞ-ın müttəfiqlərini təhdid edə biləcək İranın qarşısının alınması maraqlandırır. Bundan əlavə, ABŞ, faktiki olaraq, İran İslam Respublikasını asılı vəziyyətdə saxlayır, çünki Konqres yaxın iki ay ərzində İranla bağlanan nüvə sazişinin şərtlərinə yenidən baxa bilər.
Tərcümə Strateq.az-ındır