Sabiq icra başçısının məhkəməsi başladı - MƏHKƏMƏ BAXIŞI SABAHA TƏYİN EDİLİB

Baxış sayı:
2850

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov və rayonun digər vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, ötən ilin avqustunda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.

İstintaq orqanı tərəfindən Tacəddin Novruzov və Natiq Kərimovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.