SABİQ DEPUTAT VÜQAR MƏMMƏDOVLA BAĞLI PREZİDENTƏ MÜRACİƏT ETDİ – “Sizdən bu sifarişlı həbsi sona yetirməyinizi xahiş edirik”

Baxış sayı:
2588

Sabiq millət vəkili, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu "Hürriyyət" qəzetinin baş redaktoru Vüqar Məmmədovun qanunsuz həbsi ilə bağlı saytımıza açıqlama verib. V.Məmmədovla yaxın dost olduğunu bildirən E.Sabiroğlu deyir ki, onu yaxından tanıyan və fəaliyyətini mütəmadi olaraq izləyən bir insan kimi, baş redaktorun heç bir dövlət sirrini yaymadığına əmindir.

Hurriyyet.az Eldar Sabiroğlunun müsahibəsini olduğu kimi təqdim edir:

- Eldar müəllim, siz “Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovu yaxından tanıyırsınız və guman edirik ki, onun fəaliyyətini ardıcıl olaraq izləmisiniz. Necə düşünürsüz, Vüqar Məmmədovun həbsi nə dərəcədə hüquqidir?

- Birinci onu söyləyim ki, onun həbsi məni dərindən sarsıtdı. Vüqar Məmmədovun həbsxanaya düşməsi məni çox təəssüfləndirir. Biz yaxın dost olmuşuq. Onun səhhətində olan problemlər məni ciddi şəkildə narahat edir.

Vüqar müəllimin hüquqi və yaxud da qeyri-hüquqi həbsi barəsində qəti fikir söyləmək düzgün deyil. Artıq həbs verilib, qərar qəbul edilib, gözləyək, görək sonluğu nə ilə bitəcək.

Biz onunla söhbətlərimizdə, öz aramızda apardığımız müzakirələrdə hər zaman hakimiyyəti dəstəkləmişik. Vüqar Məmmədov heç vaxt siyası fəaliyyətlə məşğul olmayıb, o, hər zaman hadisələrə bir jurnalist kimi yanaşıb.

Mən həqiqətin tərəfdarıyam. Əgər Vüqar müəllimin fəaliyyətində qanunsuzluq varsa, buyursunlar qoysunlar ortaya, biz də görək.

Mən sizin sayt vasitəsilə cənab Prezidentə müraciət edirəm:

Cənab Prezident!

Vüqar Məmmədov hər zaman hakimiyyətin yanında olub. O, savadlı jurnalist, səlist nitqi və gözəl qələmi ilə hər zaman seçilib. Vüqar müəllim verilişlərində bir çox gərçəklikləri önə çıxarıb. Hansı ki, Siz də dəfələrlə media nümayəndələrinə bu haqda müraciətlər etmisiniz. Odur ki, bu sifarişlı həbsi sona yetirməyinizi Sizdən xahiş edirik. Siz hər zaman haqqın, ədalətin tərəfdarı olmusunuz.

Eldar Sabiroğlu: “Allah heç kimi övladl ilə sınağa çəkməsin” | Azadliq

Eldar Sabiroğlu

- Məhkəmə qətnaməsində baş redaktora qarşı heç bir əsaslı ittiham irəli sürülməyib. Belə olan halda V.Məmmədovun həbsini sifarişli hesab etmək olarmı?

- Bu adam iqtidara, hətta iqtidardan daha çox hakimiyyətin zirvəsinə yaxın olan adamdır. Bəzi adamlar bunu başqa cür qiymətləndirirlər, mən bunu başa düşə bilmirəm. Bəli, bu həbsin sifarişli olduğunu mən də düşünürəm. Amma bu işdə siyası motiv axtarmaq mənasızdır. Veriliş zamanı konkret ad çəkilmir, hansısa sirr paylaşılmır. Burada düzgün olmayan, qeyri-qanuni halların olduğunu dərk edirəm.

- Siz uzun müddət Müdafiə Nazirliyində mühüm vəzifədə çalışmısınız və "qadağa olunan informasiya"nın nə olduğunu çox yaxşı bilirsizniz. Sizcə, Vüqar Məmmədov həqiqətənmi hansısa dövlət sirrini ifşa edib?

- Bəli, "qadağa olunan informasiya"nın nə olduğunu bildiyim üçün, Vüqar Məmmədovun qeyri-qanuni olaraq həbs edildiyini düşünürəm. Orada heç bir dövlət sirrinin ifşa olunmasından söhbət gedə bilməz. Bəli, Vüqar müəllim digər vaxtlarda bir çox məmurları qanunsuz əməllərinə görə tənqid edirdi. İndi istəyirlər ki, bu sifarişi qərəzli şəkildə başqalarının üzərinə atalar. Amma, əlbəttə, bu mümkün deyil.

Qeyri-sağlam münasibət var. Vüqar müəllim və Elnur müəllim arqument gətirərək, söhbətlərini davam etdiriblər. Bir daha deyirəm, bu həbsdə siyasi motiv yoxdur. Burada heç bir dövlət sirrindən və yaxud da hərbi sirdən söhbət gedə bilməz.

Söhbətləşdi: Jalə FAMİLQIZI