Saatlıda adı olub, özü olmayan klub və mədəniyyt evləri

Baxış sayı:
9125

Rayonda büdcə vəsaitinin mənimsənilməsini “görən” yoxdur

Mədəniyyət Nazirliyində başa alıb gedən  korrupsiya və rüşvərxorluq hallarının üstünün açılmasından və maddi məsul şəxslərin həbsindən sonra düşünmək olardı ki, regionlarda mədəniyyət idarələrində büdcə vəsaiti qorunacaq, məsul şəxslər heç olmasa korrupsiya hallarını qismən də olsa, dayandıracaqlar. Ancaq sən saydığını say, gör Saatlı Mədəniyyət Mərkəzi nə sayır. Mədəniyyət Nazirliyində baş verən olaylar sanki Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyevin yadından çıxıb. O, vərdiş etdiyi əməllərindən hələ də əl çəkmir.
Bu gün Saatlı rayonu ərazisindəki mədəniyyət evləri və klublara baxış keçirilsə, məlum olar ki, əksəriyyətinin adı var, özü isə yoxdur. Əksər kəndlərdə illərlə qapısı bağlı qalan uçuq-sökük binalar, guya, mədəniyyət evi və ya klubdur. Həmin “binalarda” hətta oturmağa stul və sınıq-salxaq da olsa, skamya da yoxdur. Bəhanələri də budur ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov bu vəzifəyə təyin olunan gündən klub və mədəniyyət evləri inventar üzünə həsrət qalıblar.
Mədəniyyət Nazirliyindəki həbslərdən sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov Saatlı Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyevin vasitəçiliyi ilə rayonun bütün mədəniyyət müəssisələrinin təsərrüfat şöbə müdirlərini bir- bir idarəyə çağırıb köhnə tarixə olan sənədlərə imza atdırır və guya, kargüzarlıq və digər təsərüfat malları aldıqlarını təsdiq etdirir. Daha fikirləşmirlər ki, həmin təsərrüfat şöbə müdirləri gələcək yoxlamalarda hər şeyi olduğu kimi etiraf edəcəklər.
Saatlıda klub və mədəniyyət evlərinin əksəriyyətinin adı var, özü isə yox. Hətta  B.Əliyev özü üçün bir neçə “adı olub, özü olmayan” işçi də saxlayır. Məsələn, rayonun Varxankənd kənd klubunun mədəni təşkilatçı vəzifəsində “işləyən” Ağalarova Məharət Mirələkbər qızı 5 ildən artıqdır ki, Sumqayıt şədərində yaşayır. Ancaq hər gün kənd klubunda, guya, “işdə” olur. M.Ağalarovanın aylıq əmək haqqı Bəylər Əliyevə çatır. Əmək haqqı kartı da Bəylər Əliyevdədir. Rayonun klub və mədəniyyət evlərində belə “ölü canlar” coxdur. Rayonun Qaracalar kənd mədəniyyət evində  “işləyən”  İlhamə Quliyeva iş yerinin harada yerləşdiyini bilirmir.  Çünki rayon icra hakimiyyəti başçısının I müavin İlham Quliyevin  qardaşı arvadıdır. Mərkəzin direktoru hər il Mədəniyyət Nazirliyinə verdiyi hesabatda  rayonun Azadkənd, Nərimankənd, Məmmədabad, Çolpu və Nabat kəndlərində guya, 3-4  özfəaliyyət dərnəyinin fəaliyyət göstərdiyini qeyd edir. Gəlin görək həmin kəndlərdə klub və mədəniyyət evinin binası hansı vəziyytdədir? Bəzilərində ümumiyyətlə,  bina yoxdur. Binası olmayan mədəniyyət evində özfəaliyyət dərnəyi necə təşkil oluna bilər.  Bəs onda bu yalanlar nədən ötrüdür?
Kənan Heydərov Saatlının tarixində  ilk dəfə respublika üzrə keçirilən  “Xalq ulduzu” yarışmasının qalibi olub. O, rayon Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyevə iş üçün müraciət edib. Halbuki, rayonun bütün klub və mədəniyyət evlərində çalışanların heç birnin təhsili, mədəniyyətdən anlayışı belə yoxdur. Hətta əksəriyyəti orta məktəbi bitirib. “Xalq ulduzu”nun qalibinə isə iş tapılmadı. Çünki mədəniyyət müəssiələrinə  hələ xadiməliyə işə qəbul üçün 2 min manat “şirinlik” tələb olunur. Bu gün Kənan kimi istedadlı gənclər Mədəniyyət Mərkəzindəki rüşvətxorluğa görə kənarda qalıblar.
Cəmil Süleynmanov  rayon musiqi məktəbində təsərrüfat müdiri işləyib. Lakin bir il onun əmək haqqı kartı  özünə verilməyib. Kart məktəbin direktoru Ramella müəllimədə qalıb. Səbəbini soruşanda deyib ki, Bəylər müəllimlə  Əhməd müəllim bilər. Əmək haqqı almadan işləməkdən təngə gələn Cəmil Süleynmanov məcburiyyət qarşısında qalaraq işdən çıxıb. Belə faktlar onlarca göstərmək olar. Gənclər ümid edirlər ki, korrupsiya və rüşvətxorluğun qarşısnın alınması növbəsi Saatlı Mədəniyyət Mərkəzinə də catacaq.
Bu gün Saatlıda  əksər klub və mədəniyyət evlərinin adı var, özü isə yox. İşçilərə gəlincə isə əksəriyyti  iş yerlərinin harada olduğunu bilmirlər.
Arif  Dadaşov,
Saatlı rayonu

Redaksiyadan: Aidiyyəti şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.