Rusiyanı Suriyada ABŞ qalib etdi - ŞOK DETALLAR

Baxış sayı:
5458

Muxalifet.az “Bloomberg”in müxbiri Hel Brandsa istinadla aşağıdakı təhlili paylaşır. “Rus muzdluları indi Suriyada az öncə Amerika qoşunlarının zəbt etdiyi mövqeləri ələ keçirirlər. Rusiya Amerikanın bölgədə qurduğu nizamı tədricən zəiflədə bilər, amma yalnız ABŞ özü bu nizamı tamamilə dağıda bilər,-deyə müəllif qeyd edir”. 2014-cü ildə Prezident Barak Obama ehtiyatla qeyd etmişdi ki, Rusiya qonşularına zərər verə biləcək, lakin qlobal səviyyədə təsir göstərə bilməyən “regional güc ”-dür. Son iki həftə ərzində Rusiya Prezidenti Vladimir Putin bu kobudluğu xatırlayaraq gülümsəsəydi təəccüblü olmazdı. Rus muzdlular indi Suriyada bir neçə gün əvvəl Amerika qoşunlarının əlində olan mövqelərə yerləşirlər - bu, ABŞ-ın bölgədəki mövqeyini itirməsinin və Moskvanın Suriya vətəndaş müharibəsində əsas “güc” olaraq yüksəlişinin rəmzidir. Bu arada, Putin Birləşmiş Ərəb Əmirliklərinə dövlət səfəri etdi, onun gəlişindən sonra şəhər küçələrində Rusiya bayraqları dalğalandı. İndi Rusiya Orta Şərqdə 1960-cı illərdəki Sovet hakimiyyətinin yüksəliş dövründə olduğundan daha çox nüfuza malikdir. İqtisadiyyatı orta olan Avropa gücünə bərabər bir ölkə üçün pis deyil. Xatırlamaq çətindir, amma bir neçə il əvvəl Moskvanın bölgədəki yeganə müttəfiqi- Bəşər Əsəd rejimi dağılmaq üzrəydi və belə bir görüntü var idi ki, Moskvanın tamamilə bölgədən çıxmağına az qalıb. Putin 2015-ci ildə Suriyaya hərbi müdaxiləyə əl atanda, Obama rus qoşunlarının tezliklə müharibə ocağına ilişıb qalacağını söyləmişdi. Ancaq hər şey fərqli oldu. Moskva İran və Tehranın nəzarətində olan qüvvələrlə əməkdaşlıq edərək bu münaqişədə regional mübarizə uğrunda qalib və əsas diplomatik güc olduğunu göstərdi. İsrailin Baş naziri Benyamin Netanyahu və İranın “Quds” xüsusi təyinatlılarının komandiri Qasim Süleymani, Yaxın Şərqdəki təhlükəsizlik məsələlərini müzakirə etmək üçün başqa hansı ölkəyə gedəcəklər ki? Kreml, BƏƏ ilə yanaşı bölgədəki Səudiyyə Ərəbistanı və Misir kimi ABŞ müttəfiqi olan ölkələrlə də hərbi-siyasi əlaqələrini artırır. Türkiyənin son vaxtlar Rusiya hərbi texnikası (S-400 zenit-raket sistemi) alması NATO-da fikir ayrılığına səbəb oldu. Moskva hətta Liviya vətəndaş müharibəsindəki qarşıdurmaya müdaxilə edərək, Amerika vətəndaşlığına sahib olan general Xəlifə Haftarın komandanlığı altında üsyançı qüvvələrə dəstək verdi. Yaxın Şərqdə bu canlanmanı təmin etmək üçün Putin çox iş gördü. Suriyada aviasiya, muzdlular, nəzarət altında olan qüvvələrin dəstəyi ilə böyük xərclərə düşmədən Rusiyanın nisbətən az olan qüdrətini və nüfuzunu bərpa etdi. Bundan əlavə, müharibənin qızğın çağında Moskvanın rəqiblərinin–xüsusilə ABŞ-ın daha təmkinli olacağına ümid edərək, rus pilotlarını, məsləhətçilərini və xüsusi təyinatlı qüvvələrini Suriyaya göndərmək kimi risk almağa hazır idi. Bununla yanaşı Putin, bölgədəki demək olar ki, bütün oyunçular üçün “qapıları açıq” qoyaraq “diplomatik elastiklik” göstərdi. O, Türkiyə ilə münasibətləri bərpa edərək və Ankaranın Vaşinqtona olan narazılığından NATO-nu zəiflətmək üçün istifadə edərək ölkələrin daimi dostları və ya düşmənləri olduğunu yox , daimi maraqlarının olduğunu sübut etdi və beləliklə Rusiyaya Liviyadakı kimi münaqişələrə müdaxilə imkanı yaradan bir vasitədən-Yaxın Şərqdə bol olan - xaosdan istifadə etdi. Yeri gəlmişkən Putin bir çox ərəb rejimlərinin ABŞ-ın etibarlılığı ilə bağlı narahat olmağa başladığı zamanda başqa çox dəyərli bir faktordan - ABŞ-ın səhvlərindən yararlanmaq və “rusların daha etibarlı” olduqları imicini qabartmaqdan məharətlə istifadə edərək bu uğurları qazandı. Məsələn, ABŞ və müttəfiqləri 2011-ci ildə Liviyaya müdaxilə zamanı Müəmmər Qəddafi rejiminin devrilməsindən sonra orada təhlükəsizlik fəlakətini yaratmasadılar, Rusiyanın Liviyaya müdaxilə imkanı olmazdı. Eynilə, Rusiyanın Suriyada mərkəzi oyunçu kimi yüksəlməsi 2015-ci ildə deyil, 2013-cü ildə başladı. Məhz o zaman Obama, ehtiyatsızlıqla Əsədin qoşunları tərəfindən kimyəvi silah tətbiq edilməsini iddia edərək "qırmızı xətt" çəkdi və “qırmızı xətt” keçildiyi zaman bununla əlaqəli konkret tədbirlər görməkdən imtina etdi, sonra isə öz nüfuzunun xilasından ötrü “böhranı çözmək müqaviləsi” bağlamaq adı altında Moskvaya müraciət etməyə məcbur oldu. 2015-ci ildə Putin vətəndaş müharibəsinin gedişatını dəyişə bilərdi və Vaşinqtonu pis vəziyyətə sala bilərdi, çünki Obama administrasiyasının hərəkətləri onların elan etdiyi siyasətlə yürütdüyü siyasət arasında böyük bir ziddiyyət yaratdı: açıq şəkildə bir məqsəd qoyuldu - rejim dəyişikliyi. İndi Rusiyanın Suriyanın şimalındakı zəfəri mümkün oldu, çünki Tramp rəhbərliyi nisbətən aşağı qiymət müqabilində ələ keçirdiyi mövqeyi tərk etdi və bununla da Moskvanın yararlandığı xaosun başlamasını sürətləndirdi. Hazırda Vaşinqtonun tərəfdaşları onun gələcəkdəki roluna etibarsız yanaşırlar. Tramp rəhbərliyi ABŞ-ın 40 ildir bölgədə yürütdüyü siyasətin ləğvi istiqamətində ciddi bir addım atdı, İranla qarşıdurmanı qızışdırdı və daha sonra dəfələrlə Tehranın Fars körfəzindən neft hasilatına və ya ixracına müdaxilə etməsinə reaksiya vermədi. Rusiya, qətiyyətlə Yaxın Şərqə qayıtdısa, Amerika bunun üçün ilkin şərtlər yaratdı. Putin Rusiyanın soyuq müharibədən sonra itirdiyi beynəlxalq nüfuzunun bərqərar olduğu bir dünya yaratmaq istəyir. Ən azından Yaxın Şərqdə Putin Rusiyası düzgün yoldadır. Bu tendensiyanın yaxın gələcəkdə kəskin şəkildə dəyişməsi ehtimalı yoxdur. Uzun illər amerikalı təhlilçilər ölkədə pensiyaların azaldılması şəraitində yaşamağa məcbur olan rusların xarici sərgüzəştlərdən bezəcəklərini gözlədilər. Ancaq nə qədər ki,Putinin siyasəti onlar üçün çox baha başa gəlmir və geosiyasi uğurlara imza atır, onun siyasi riskləri az olacaq. Putin ölkəsinin dünya gücünə çevrilməsini istəyən yeganə rus deyil. Bütün korrupsiyaya və avtoritarizmə baxmayaraq, bu onun populyar olmağının səbəblərindən biridir. Ancaq Rusiya böyük bir gücdürsə, ABŞ yenə də super gücdür və Yaxın Şərqdəki əsas geosiyasi üstünlüklərini qoruyub saxlayırlar. Rusiya ABŞ tərəfdaşları ilə münasibətlər qura bilər, ancaq Fars körfəzinə nəzarət işində Vaşinqtonun roluna iddia edə bilməz. Rusiya Suriyada və başqa yerlərdə terrorla mübarizə etdiyini söyləyə bilər, amma əslində yalnız ABŞ İŞİD kimi qrupların qabağını almaq imkanına malikdir. Moskva Suriyadakı vətəndaş müharibəsinin gedişatını dəyişdirə bilər, lakin bu ölkənin yenidən qurulması üçün lazım olacaq beynəlxalq maliyyə yardımının axınına mane ola bilməz - bunu yalnız Vaşinqton Avropa ilə əməkdaşlıqla edə bilər. Bir sözlə, Rusiya ABŞ-ın bölgədə qurduğu nizamı tədricən zəiflədə bilər, ancaq yalnız ABŞ özü bu nizamı məhv edə bilər. Muxalifet.az