Rusiyalı milyarderin yaxtasından 30 ədəd rəsm əsəri götürülüb - DƏYƏRİ 5 MİLYON AVRODAN ÇOXDUR...

Almaniya polisi rusiyalı oliqarx Əlişir Usmanovun “Dilbar” yaxtasının interyerinin bir hissəsi olan 30 rəsm əsərini müsadirə edib.
Qafqaz.media bu barədə “Süddeutsche Zeitung” saytına istinadən xəbər verir.
Bu rəsmlərin ümumi dəyərinin ən azı 5 milyon avro olduğu təxmin edilir. Ələ keçirilən rəsmlər arasında Mark Şaqal kimi məşhur rəssamların əsərləri də var.
Rəsmlərə həbs qoyulması haqqında qərar sanksiyaların tətbiqi ilə bağlı qanuna uyğun olaraq qəbul edilib. Bildirilir ki, Usmanov ölkədəki bütün aktivləri barədə Almaniya hakimiyyətini xəbərdar etməli idi, bu, rəsmlərə də şamil edilirdi. Lakin milyarder bunu etməyib.
Xatırladaq ki, 69 yaşlı Usmanov Rusiyanın ən varlı adamlarından biridir. “Forbes” jurnalının 2022-ci ilə olan son hesablamalarına görə, onun sərvəti 14,6 milyard avro dəyərində qiymətləndirilir. Fevral ayında Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra o, Avropa İttifaqı da daxil olmaqla, beynəlxalq sanksiyalar siyahısına salınıb.
Qafqaz.media