RUSİYA VƏ BELARUSDAN SONRA NÖVBƏ BİZƏ ÇATDI... - “Microsoft” Azərbaycanı tərk edir

Qlobal İT nəhənginin ölkəmizdəki nümayəndəliyi olan “Microsoft” şirkəti Azərbaycanı tərk edir. Qafqaz.media haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan İnternet forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, “Microsoft”un Azərbaycandakı nümayəndəliyinin rəhbəri və onun əksər əməkdaşları artıq işini dayandırıb.
“Daha dəqiq desək, işdən çıxarılıblar. Uzun illərdir bu sektorda tanıdığımız dostlarımız artıq “Microsoft Azərbaycan”da işləmir. Görünür, “Microsoft” bu işçilərinə başqa ölkələrdəki ofislərdə işləməyi təklif etməyib”, - deyə ekspert təəssüflə bildirib.
Osman Gündüzün fikrincə, bu vəziyyət Azərbaycan hökuməti, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi üçün siqnal olmalıdır:
“Ölkəmizdə HP-nin nümayəndəliyi bir neçə il əvvəl bağlansa da, heç kim “Microsoft”-un getməsini qabaqcadan gözləmirdi. Bu şirkət bütün dünyada İT mühitinə təsir edən və idarə edən, innovasiyaları təşviq edən və bütövlükdə dünya nizamına təsir göstərən qlobal infrastrukturdur. Onun Azərbaycanı tərk etməsi sadəcə olaraq ağlasığmazdır”.
Ekspertin sözlərinə görə, “Microsoft” Rusiya və Belarusda da fəaliyyətini dayandırıb və “Microsoft”un Rusiya ofisinin 500-dən çox əməkdaşı eyni vaxtda işdən çıxarılıb.
Bəs, “Microsoft”-un Azərbaycanla bağlı layihələrini və öhdəliklərini kim həyata keçirəcək? Windows-un istifadəsi və bu proqram təminatı üçün yeniləmələr necə olacaq və Office, Office365, Azure və digər lisenziyalı proqramlar kimi tətbiqlərin taleyi indi necə olacaq? Həmçinin, dövlət orqanları ilə bağlanan müqavilələrin taleyi nə yerdədir? Milyonlarla “Microsoft” müştərisi nəyə hazırlaşmalıdır? Bütün bunlar necə saxlanılacaq və idarə olunacaq?
“Məlum olur ki, “Microsoft”un Azərbaycandakı bütün fəaliyyət sahələri bundan sonra bu şirkətin digər ölkələrdə yerləşən ofislərindən əlaqələndiriləcək. Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də, “Microsoft”un Azərbaycanın təhsil sahəsindəki işləri Gürcüstan ofisindən idarə edəilcək”, - Gündüz bildirib.
Ekspert hesab edir ki, “Microsoft”un Azərbaycan bazarından çıxması ölkənin ali rəhbərliyini narahat etməli və reaksiya verilməlidir.
Qeyd edək ki, şirkətin özü Azərbaycandakı nümayəndəliyinin bağlanması ilə bağlı hələ rəsmi məlumat yaymayıb. Şirkətin ölkə bazarını tərk etməsinin səbəbləri barədə də ətraflı məlumat yoxdur.