“Rusiya “Poseydon”u işə sala və radioaktiv sunami yarada bilər” – NATO MÜTTƏFİQLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ

NATO-nun kəşfiyyat xidməti müttəfiqlərə Rusiyanın “Belqorod” sualtı qayığının hərəkətləri haqqında hesabat göndərib.
Qafqaz.media xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti yazır. Qeyd olunur ki, kəşfiyyat "qiyamət silahı” adlandırılan “Poseydon” super torpedosunun nüvə sualtı qayığından buraxıla biləcəyindən ehtiyat edir. Hansı ki, torpedo nüvə başlığı ilə təchiz edilib və "radioaktiv sunami" yarada bilir.
Mütəxəssislər onun təsirini qitələrarası ballistik raketin buraxılışı ilə müqayisə edirlər. Ən mühüm üstünlüklərindən biri də odur ki, 100 km/saatdan çox sürətlə səssizcə hərəkət edir.
Xatırladaq ki, “Belqorod” sualtı qayığı 2019-cu ildə Severodvinskdə suya buraxılıb. 2022-ci ilin yayında Rusiya Hərbi Dəniz Qüvvələri ilk sualtı qayığı qəbul edib. 184 metrlik "Belqorod" sualtı qayığı mövcud sualtı qayıqların ən uzunudur. Onun uzunluğu hətta Amerikanın Ohayo sinifli sualtı qayıqlarının ölçüsünü də (171 metr) üstələyir. Bu sualtı qayıqlar ABŞ-ın strateji nüvə qüvvələrinin bir hissəsidir.