​REAL parlament tipli partiya olacaq – NATİQ CƏFƏRLİ

Baxış sayı:
2584

Aprelin 9-da REAL Hərəkatı mətbuat konfransı keçirərək, partiyaya çevrildiyini açıqlayıb. Tədbirdə çıxış edən REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, hərəkatın partiyaya çevrilməsi üçün 7-8 apreldə internet üzərindən  qurultay keçirilib. Səsvermə nəticəsində partiyanın sədri İlqar Məmmədov olub. Həmçinin qurultayda Məclis sədri də seçilib.
Bəs REAL partiyası öz siyasi fəaliyyətini necə quracaq?
Muxalifet.az
xəbər verir ki, “Yeni Müsavat”a danışan partiyanın Ali Məclisinin üzvü Natiq Cəfərli bildirib ki, REAL parlament tipli partiya olacaq: “Yəni sırf olaraq üzvlərinin sayının artırılmasına çalışan partiya yox, tərəfdarların və seçicilərin qazanılmasına çalışan partiya olacağıq. Formal üzvlük o qədər də vacib deyil. Əsas olan ürəklərin və beyinlərin qazanılmasıdır. Bu yöndə də bizim addımlarımız olacaq. Deyərdim ki, artıq indidən hazırlıq işləri görürük. Həm bələdiyyə seçkilərində, həm də parlament seçkilərində çox aktiv şəkildə iştirak edəcəyik. Artıq müxtəlif treninq və kurslar da təşkil etmişik. Eyni zamanda o dövrə görə müşahidəçilər də hazırlayacağıq ki, qaydaları-qanunları bilərək, aktiv şəkildə seçkilərdə iştirak etsinlər. Mövqe sənədləri də hazırlanacaq. Yeni seçilmiş partiyanın Ali Məclisində müxtəlif komissiyalar qurulacaq. Həm iqtisadi, həm də sosial, daxili siyasətlə bağlı mövqe sənədləri hazırlanacaq. Bu, zaman-zaman ictimaiyyətə açıqlanacaq. Sırf parlament tipli partiya olaraq, gələcəkdə Azərbaycanın parlamentli respublikaya çevrilməsinə çalışacağıq. Elə bu hədəflərimiz istiqamətində də hərəkət edəcəyik. Yerli məclislərin güclənməsinə də çalışacağıq. Demək olar ki, yerlərdə el məclislərinin formalaşması tamamilə bitib. Ona görə də qurultayda el məclisləri də nümayəndə verdilər, iştirak etdilər. Onların fəaliyyətlərinin aktiv şəkildə işlənməsinə çalışacağıq”.
Digər partiyalarla əməkdaşlıq məsələsinə gəlincə isə partiya funksioneri aşağıdakıları söylədi: “Əməkdaşlıq məsələsinə gəlincə isə onu deyim ki, qapımız dəyərlərimiz və prinsiplərimizə uyğun gələn, istənilən siyasi təşkilatlara açıqdır. Ancaq biz birlik modellərinin şəxslər üzərində və ya nəyinsə əleyhinə olmaq istiqamətində qurulmasının əleyhinəyik. Çünki normal, işlək birlik modelləri ancaq  dəyərlər, prinsiplər, qırmızı cizgilər üzərində qurulan zaman effektiv olur. Eyni zamanda həm cəmiyyətə, həm də siyasi proseslərə effektiv təsir göstərməyə qadir olur. Bundan başqa, son zamanlar ölkədə təəssüf ki, siyasi dil və üslub həddindən artıq aşağı səviyyəyə düşüb. Çalışacağıq ki, bu səviyyəni yuxarı qaldırmaq üçün öz nüfuzumuzdan və partiyamızın dilindən, ritorikasından istifadə edək. Siyasi dilin ancaq proqram və prinsiplərin üzərindən, diskussiyaların olması vacibdir. İndiki şəraitdə isə siyasi dil çox aşağı səviyyəyə düşüb. Hətta təhqirlər səviyyəsinə qədər enib, korlanıb. Bunun yüksəldilməsi üçün çalışacağıq. Hələ ki hamımız partiyanın Ali Məclis üzvləriyik. Yeni İdarə Heyəti seçiləcək və çox güman ki, ora da namizədliyim olacaq”.