“Rafiq Bədəlov dedi ki, 58 min manat ödəməsən, oğlunu içəridə öldürtdürə bilərəm” - RƏİS MÜAVİNİNİN ADI HALLANAN CİNAYƏT İŞİ

Baxış sayı:
6223

Kəmalə Qasımova: “Rafiq Bədəlov dostu Orxan Axundzadənin əli ilə oğlumu həbs etdirib”

Əmircan qəsəbəsi, Tofiq Bayram küçəsi, 206 A ünvanında yaşayan Kəmalə Qasımova “Hürriyyət”in redaksiyasına müraciət edərək, oğlu, 1991-ci il təvəllüdlü Fərid Qasımovun qanunsuz olaraq 12 il müddətinə həbs edildiyini bildirib. K.Qasımova iddia edir ki, oğlu iddiaçı Fərman Fərmanzadə ilə Yasamal rayonundakı 175 nömrəli məktəbdə oxuyub. Fərman ali məktəbi bitirdikdən sonra “AtaBank”da işləyib. Günlərin birində oğlu işsiz olduğu üçün sinif yoldaşına müraciət edib ki, ona iş tapsın.
“Fərman da deyib ki, sənin ali təhsilin yoxdur, iş tapa bilmərəm. Amma sən mənim üçün müştəri gətir, kredit verim, onun müqabilində sənə də pul verim”, - deyən Kəmalə xanımın sözlərinə görə, Fərid həmin təklifdən sonra Fərmanla işləməyə başlayıb. Hər müştərinin qarşılığında Fərman Fərmanzadə ona 200, 300, bəzi hallarda isə 500 manat pul verib. Bir gün Fərmanın atalığı, keçmiş polis zabiti olduği bildirilən Rafiq Bədəlov bundan xəbər tutaraq, Fəridə oğulluğu ilə işbirliyini dayandırmaq haqda xəbərdarlıq edib.
“Rafiq Bədəlov oğluma deyib ki, mən Fəridi banka işə düzəltmək üçün külli miqdarda pul vermişəm, rəhbərlik səninlə qanunsuz iş gördüyünü bilsə onu işdən çıxarar, mənim verdiyim pullar da batar”, - deyə K.Qasımova bildirir. Şikayətçinin sözlərinə görə, üstəlik, R.Bədəlov Fəridə onu da deyib ki, bu işi davam etdirsə, onu həbs etdirəcək.
“Oğluma deyib ki, mənim Səbail Polis İdarəsində dostlarım var, rəis müavini Orxan Axundzadə mənim dostumdur, səni 10-15 il müddətinə həbs etdirərəm. Lakin oğlum ona fikir verməyib və həmin işə davam edib. Bundan sonra Rafiq Bədəlov dostu Orxan Axundzadənin əli ilə Fəridə “torba tikib””, - deyə Kəmalə xanım vurğulayıb.
Onun dediyinə görə, Fəridin Fərmanla işbirliyini davam etdirdiyi haqda məlumat alan Rafiq Bədəlov onu həbs etdirmək üçün oyun qurub: “Bunlar zəng ediblər ki, Fərman sənə pul verəcək, gəl götür. Həmin zəng Fəridin dostu Samir (Mahmudov – müəl.) tərəfindən edilib. Hazırda o da həbsdədir. Yəni oğlumu Samirin əli ilə həbs etdiriblər. Fərmanın atalığı Samirə deyib ki, mən Fəridi qorxutmaq məqsədilə bu işi edirəm, 2-3 gün Səbail Polis İdarəsində saxladıb, sonra buraxdıracam”.
İddia olunur ki, Fərid ona çatacaq pulu almağa Samirlə birgə gedib. Bu haqda anası danışır: “Samir yolda polislərə mesaj yazıb ki, Fəridin xəbəri yoxdur, onu gətirirəm. Görüş yerinə çatanda Fərman buna pul uzadır. Fərid baxır ki, həmin məbləğ çoxdur və pulu götürmür. Bu zaman polsilər onu əhatəyə alaraq həbs edirlər. Həmin vaxt Samiri onunla birlikdə tutsalar da, səhər onu sərbəst buraxırlar”. Hətta, idarədə polislər Fəridə deyəndə ki, sən dostunun əli ilə həbs edilmisən, o, inanmayıb. Sonra polislər Samirin yazdığı həmin mesajı göstəriblər...
Kəmalə Qasımovanın sözlərinə görə, Səbil Polis İdarəsində olanda Rafiq Bədəlov kənarda kresloda oturub, polis əməkdaşlarına deyib ki, bunu tapdalayın. Onun bu sözündən sonra polislər Fəridi döyməyə başlayıblar. Hətta o da iddia olunur ki, Fəridi döyənlər arasında rəis müavini Orxan Axunzadə də olub və məhz onun təzyiq altında F.Qasımov boş kağıza imza atıb. Yəni O.Axundazadə kimisə çağırıb ki, “gəlin bunun başına oyun açın”, həmin vaxt Fərid ağ vərəqlərə imza atmağa məcbur olub: “Bütün bunlar haqda Samir məhkəmədə açıqlama versə də, hakim dedi ki, bu işlə bağlı mənə yuxarıdan təzyiqlər olur...”.
Məlumata əsasən, Səbail Polis İdarəsində işgəncə verildikdən sonra, Fəridi huşsuz vəziyyətdə, əlil arabasında “Semaşko” xəstəxanasına aparıblar. Xəstəxanada həkim ona “bu sənədə qol çək ki, kor bağırsaq ağrısı ilə gəlmisən”, deyib. O isə bildirib ki, onda kor bağırsaq problemi yoxdur. Bu zaman həkim sərt şəkildə bildirib ki, “elə etmə səni kəsim, sonra tikim, qarnında şıram qalsın...”
Kəmalə Qasımova deyir ki, oğlu Fəridi “Semaşko”dan birbaşa Kürdəxanı istintaq təcridxanasına göndəriblər. Lakin həmin vaxt çox ağır vəziyyətdə olduğundan onu təcridxana qəbul etməyib. Nəticədə, o, 21 gün həbsxananın müalicə müsəssində qalmalı olub: “Sonra oğlumu Bakı İstintaq Təcridxanasına göndərdilər, 8 ay burada qaldı. Həmin müddətdə Rafiq Bədəlov məni də, atasını da çağırdı ki, guya, Fərid hədə-qorxu ilə Fərmandan 58 min manat pul alıb. Dedi ki, sən bu pulu ödə, oğlunu buraxdırım, ödəməsən onu 15 ilədək həbs gösləyir, hətta içəridə öldürtdürə bilərəm. Bundan sonra mən də, atası da qorxduq, yeganə yaşayış yerimizi - evimizi satıb Rafiq Bədəlova 30 500 manat verdim (müxtəlif vaxtlarda 25 min, 2 min və 3 500 manat olmaqla – müəl.). Yenə deyirəm, oğlumun Fərmana hədə-qorxu gəlmədiyinə əmin olsam da, başqa çıxış yolum yox idi. O dedi ki, mənim yuxarılarda adamım var, oğlunu həbs etdirərəm. Fakt odur ki, dediyini də etdi, nə şahid var, nə sübut var, oğlum türmədədir”.

Şikayətçi xanım deyir ki, pulu Rafiq Bədəlova notarial qaydada ödəyib və bundan sonra o, heç bir tələbinin olmadığı haqda sənədə imza atıb(FOTO). Bu hadisədən bir müddət sonra Fərid ev həbsinə buraxılıb. 10 ay ev həbsində qaldıqdan sonra, Rafiq Bədəlov bundan xəbər tutub və 2017-ci ildə onun yenidən həbs edilməsinə nail olub. Baxmayaraq ki, ev həbsi müddətində Fərid dostundan əlavə 30 min manat da borc alaraq R.Bədəlova verib. Lakin bununla bağlı aralarında heç bir rəsmi sənəd imzalanmadığından, hazırda Rafiq Bədəlov ona əlavə 30 min manat verildiyini inkar edir: “O, 30 min manat da oğlum ev həbsinə çıxdıqdan sonra aldı ki, sənin işinə xitam verdirəcəm. İndi isə deyir ki, elə şey olmayıb...”
Kəmalə Qasımova oğlunun qanunsuz həbsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovu da ittiham edir. Onun sözlərinə görə, məhkəmədə oğlunun xanım vəkili “Fərid guya pulu götürərkən saxlanılıbsa, hanı əl izi? Heç bir fakt yoxdur”, - deyə hakimə etiraz edəndə, M.Ağalarov onun üstünə qışqırıb: “O isə ağladı ki, mənm nə edim, işimi görürəm...”
O ki qaldı Fəridin Fərmandan hədə-qorxu ilə pul tələb etməsi haqda iddiaya, K.Qasımova deyir: “Məhkəmədə Fərmana sual verildi ki, sənə kimin yanında hədə-qorxu gəlib? Dedi ki, heç kimin, təklikdə. Əgər ona hədə-qorxu gəlibsə, niyə gedib şikayət etmirdi? Guya banklardan pul götürüb, oğluma verib... Vəkil gedib araşdırıb, görüb ki, Fərman həmin hadisədən 4 ay əvvəl bankdan pul götürüb. Bundan sonra vəkil ona sual verdi ki, sən Fəridin sənə hədə-qorxu gələcəyini bilərək, 4 ay əvvəldən pulu hazırlamışdın? O isə cavab verə bilmədi”.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bunlara rəğmən, iddiaçı Fərman Fərmanzadənin atalığı Rafiq Bədəlov Fəridi yenidən həbs etdirməyə nail olub. Üstəlik, bu dəfə azadlığa çıxa bilməməsi üçün 1 il əvvəl xitam verilən işi yenidən açdırıb və onunla birlikdə daha 4 nəfəri - Samir Mahmudov, Zaur Əliyev, Elvin Zahidov və Yaqut Kərimovanı da məhbəsə atdırıb ki, işə “qrup halında törədilən cinayət” görüntüsü verilsin...
Bu və digər faktlar haqda növbəti yazımızda daha ətraflı məlumat verəcəyik. Bizi izləyin.
“Hürriyyət”
Redaksiyadan: Yazıda adı hallanan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.