“QÜRURUM İNCİDİ, İNTİHARA CƏHD ETDİM” - İranda qadınlar evlənmək üçün bakirəlik şəhadətnaməsi almağa məcbur edilir
İranda nikahdan əvvəl bakirəliyə hələ də xüsusi əhəmiyyət verilir. Bəziləri evlənməkdən əvvəl hətta bakirəlik şəhadətnaməsini tələb edir.
Lakin ölkədə buna qarşı olanların sayı daha da artmaqdadır Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu praktikanı insan hüquqlarına zidd hesab edir.
"Səninlə evlənməyim üçün mənimlə oyun oynadın, bakirə deyilsən. Əgər həqiqəti bilən olsaydı, səninlə heç kim evlənməzdi", Məryəm ilk dəfə əri ilə birlikdə olduqdan sonra həyat yoldaşı ona bunları söyləmişdi.
Məryəm cinsi əlaqədən sonra qanaxmasının olmamasına baxmayaraq, daha əvvəl heç kimlə cinsi əlaqədə olmadığını bildirib. Amma əri ona inanmayıb və bakirəlik şəhadətnaməsi istəyib.
İranda bakirəlik şəhadətnaməsi tələbi qeyri-adi deyil. Bir çox qadın nişanlandıqdan sonra həkimə gedib bu sertifikatı istəyir.
Lakin ÜST bakirəlik testinin elmi əsası olmadığını deyir.
Məryəmin aldığı sertifikatda onun "qızlıq pərdəsi"nin (himen) "elastik" olduğu qeyd edilib. Bu da o demək idi ki, cinsi əlaqədən sonra qanaxma olmaya bilər.
"Qürurum incidi. Yanlış bir hərəkət etmədim, amma ərim məni alçaltdı. Artıq dözə bilmirdim, həblə intihara cəhd etdim" - deyə Məryəm danışır.
Lakin o, vaxtında xəstəxanaya çatdırıldığı üçün sağ qaldı.
"O pis günləri heç unutmayacağam, 20 kiloqram arıqladım", - Məryəm deyir.
Tətbiqə son vermək çağırışı
Məryəmin hekayəsi İrandakı bir çox qadının vəziyyətini əks etdirir. Qadınların evlilik öncəsi bakirəliyi mühafizəkarlıqla bağlı köklü bir keçmişə sahibdir.
Ancaq son dövrlərdə bir dəyişiklik başlayıb. Ölkə miqyasında qadınlar və kişilər bakirəlik testinə son qoyulması üçün təbliğat aparırlar.
Keçən ilin noyabr ayında internetdə yayılan petisiyaya bir ayda 25 min nəfərin dəstəyini qazanıb. Bu ilk dəfə idi ki, bu qədər insan açıq şəkildə bakirəlik testinə qarşı çıxıb.
"Bu, şəxsi həyatın toxunulmazlığının pozulması və alçaldıcı bir rəftardır" - Nida deyir.
O, Tehranda 17 yaşlı bir tələbə ikən sevgilisi ilə cinsi əlaqədə olmuşdu. "Panikada idim, ailəm eşidərsə, nə olacaq deyə düşünürdüm".
Buna görə də o, "qızlıq pərdəsinin bərpası" əməliyyatını etdirməyə qərar verib.
Texniki cəhətdən bu əməliyyat qeyri-qanuni deyil, lakin ciddi sosial nəticələrə səbəb ola biləcəyi üçün xəstəxanalar bu əməliyyatı etmək istəmirlər.
Nida bunu gizli şəkildə baha qiymətə edəcək özəl klinika tapıb. "Bütün yığdığım pulu buna xərclədim. Kompüterimi, telefonumu, qızıl əşyalarımı satdım".
Hər hansı bir yanlışlıq olacağı təqdirdə, bütün məsuliyyəti öz üzərinə götürdüyünü göstərən sənədi imzalayıb.
Bir tibb bacısı tərəfindən həyata keçirilən əməliyyat 40 dəqiqə davam edib, amma Nidanın sağalması bir neçə həftə çəkib.
"Çox ağrım var idi, ayaqlarımı tərpədə bilmirdim", o, deyir.
Hadisəni ailəsindən gizlətdiyi üçün çox yalnız qaldığını, amma onların xəbər tutmasından qorxduğu üçün ağrıya dözməli olduğunu söyləyir.
Amma onun çəkdiyi əzablar boşa çıxmış, sonradan onunla evlənmək istəyən sevgilisi ilə yaxınlıq vaxtı qanaxması olmamışdı.
"Məni onunla evlənmək üçün oyun qurmaqda günahlandırdı. Yalançı olduğumu deyib məni tərk etdi".
Ailə təzyiqi
ÜST-nin qeyri-etik və elmi əsası olmadığına görə qarşı çıxdığı bakirəlik testi hələ də bir çox ölkədə tətbiq edilir. Bunlar arasında Türkiyə, İraq və İndoneziya da var.
İrandakı tibb qurumu iddia edir ki, bakirəlik testi yalnız məhkəmə prosesləri və təcavüz ittihamları kimi xüsusi hallarla əlaqədar aparılır. Bununla belə, əksər bakirəlik sertifikatları hələ də evlənməyi planlaşdıran cütlüklər tərəfindən tələb olunur. Bunun üçün onlar özəl klinikalara yönəlirlər.
Test və sertifikatlaşdırma prosesi ginekoloq və ya tibb bacısı tərəfindən həyata keçirilir. Şəhadətnamədə qadının adı və digər şəxsi məlumatları əks olunur.
Daha mühafizəkar ailələrdə sertifikatda iki şahidin imzası da olur və bu şahidlər adətən analardır.
İllərdir bakirəlik sertifikatı verən Dr. Faribə bunun alçaldıcı bir təcrübə olduğunu etiraf edir, amma əslində, bir çox qadına kömək etdiyinə inanır:
"Ailələrindən elə təzyiq görürlər ki, bəzən cütlüklər üçün yalan danışıram. Əgər bir yerdə olublarsa və ailə quracaqlarsa, ailələrinin qarşısında qadının bakirə olduğunu deyirəm".
Kişi gözü ilə
Amma bir çox kişi üçün evlənəcəkləri qadının bakirə olması çox önəmlidir.
Şiraz şəhərində yaşayan 34 yaşlı elektrik Əlinin dediyinə görə, "Qız evlənmədən əvvəl bakirəliyini itiribsə, o, etibarlı deyil. Ərini başqa bir kişi üçün tərk edə bilər".
"Özü 10 qızla cinsi əlaqədə olub. Deyir ki, özümü saxlaya bilmədim".
İran cəmiyyətində ikili standartlar olduğunu qəbul edir, amma ənənələrə qarşı çıxmağı doğru hesab etmir:
"Sosial normalara görə, kişilər qadınlardan daha müstəqildir".
Əlinin fikirlərini bir çoxları, xüsusən də İranın kənd və mühafizəkar bölgələrində bölüşürlər.
Bakirəliyin yoxlanılmasına qarşı təbliğat və nümayişlərə baxmayaraq, çoxları məsələnin İran mədəniyyətində dərin köklərə malik olduğunu nəzərə alaraq, hökumətin tezliklə hərtərəfli qadağa qoyacağını gözləmir.
Gələcəyə ümid
İntihara cəhd etməsi və təcavüzkar əri ilə yaşamasından 4 il keçdikdən sonra Məryəm məhkəməyə müraciət edərək boşandı.
"Kişilərə yenidən güvənməkdə çətinlik çəkəcəm. Yaxın bir zamanda evlənəcəyimi düşünmürəm".
On minlərlə digər qadınlar kimi o da bakirəlik testinə qarşı aparılan kampaniyaya imza atdı.
Yaxın gələcəkdə bir dəyişiklik gözləməsə də, İranda qadınların bir gün daha bərabər olacağına inanır: "Bir gün olacaq. Ümid edirəm ki, heç bir qız mənim başıma gələnləri yaşamaz"./BBC