Qiymətlər, tariflər anınd, pensiyalar “nağılla” qaldırılır

Baxış sayı:
14486

ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir
Artıq öyrəncəliyik, qiymətlər, kommunal ödənişlər, tariflər bir gecənin içində qaldırılır, pensiyalar, təqaüdlər, əməkhaqqılarının ilboyu artırılacağı söylənilir. Beləcə hansısa “eks, növbədənkənar” deputatın, hökumət üzvünün “artım nağılları” bir il əhalinin başını qatır, medianın manşetinə çevrilir, növbəti  ilin Novruz bayramına düşən ayında “göydən  3 -5 faizlik illik artım alması” düşür”. Sonra yenə də qiymətlər, tariflər sosial- iqtisadi əsaslandırılmadan birdən Tarif Şurasının qərarı ilə qaldırılır, əhaliyə isə yeni nağıllar danışılır. Köhnə nağıllarsa hələ də deputatların, məmurların dilində dolaşır. Ən böyük nağıl 80 manatlıq veteran pulları haqqındadır. Bir də verilməyən uşaq pulları ara-sıra gündəmə gəlir.

30 sentyabrda Milli Məclisin payız sessiyasının ilk iclasının keçiriləcəyi, gündəliyin vəsiqələrin verilməsi və komitələrin formalaşması olması bildirilib. Düzü, hamı kimi, bizim də yeni tərkibli qanunverici hakimiyyətdən pozitivə doğru bir gözləntimiz yoxdur. Məclisin yeri dağ başı olsa da, özü dağın dibindən- PA-dan idarə olunur. Dılğır bir məmurun rüşvət, mənimsəmə qərarını qanundan aşağıda tutan, “biz neyləyə bilərik” ritorik sualı ilə deputatlıq edən qanunverici orqandan , tərkibi köhnə olsun, yeni olsun, nəsə gözləmək olarmı?
“Veteranlar haqqında” qanunun yalnız bir maddəsi Qarabağ veteranlarına tətbiq edilir , onu da Tarif Şurası ləğv edib. Qanunun 11-ci maddəsinə görə, müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri ƏVƏZSİZ olaraq onların (müharibə veteranlarının) şəxsi MÜLKİYYƏTİNƏ verilir”. Bu ƏVƏZSİZ MÜLKİYYƏT hüququnu QEYDİYYAT ÇIXARIŞI (“kupça”) ilə gerçəkləşdirməyə borclu olan İqtisadiyyat Nazirliyi, yanındakı ƏMDX ( Əmlak Məsələləri Dövlət Xidməti) isə sözün gerçək anlamında dələduzluqla məşğuldur. Dələduzluq xidmətinə baxın, ƏMDX rəsmi məktublarla bildirir ki, əvəzsiz olaraq şəxsi mülkiyyətə verilmə hüquqların dövlət qeydiyyatına alınması demək deyildir. Tarif Şurasının 31.07.2023 tarixli qərarı ilə daşınmaz əmlakın dövlət qeydiyyatına alınmasına dövlət rüsumundan əlavə 236,96 manat xidmət haqqı müəyyən edilib və bu qərar QANUNDAN DA, KONSTİTUSİYADAN DA ÜSTÜNDÜR. (?) Bu absurdluğu bir ay DƏDKR-in rəis müavini Elvin Məmmədov, növbəti bir ay Elşad Məmmədov bildirib. Baş prokurorluqdan, DTX-dan, Korrupsiyaya qarşı mübarizə baş idarəsindən qanuna zidd olaraq rüşvətxorluğundan, korrupsiyasından  şikayət edilən ƏMDX-ya göndərilən müharibə veteranlarının kollektiv şikayətini isə müavin Rüstəm Şahbazov 27.09.2024-cü il tarixli məktubla cavablandırıb. Əvvəllər də rəsmi məktublarla  “JEK”-in, ƏMDK-nın hansısa məktubunun (?), şəhadətnaməsinin (?) , saxta-doğru “kupça”nın-qeydiyyat çıxarışının  QANUNDAN, KONSTİTUSİYADAN, MƏHKƏMƏ QƏRARINDAN ÜSTÜNLÜYÜNÜ (?) bildirən Rüstəm Şahbazov yenə də ənənəsinə sadiq qalıb. Bu yekəlikdə xidmətin müavini yazır ki, əvəzsiz şəxsi mülkiyyətə verilmə hüquqların RÜSUMSUZ və XİDMƏT HAQQISIZ olaraq dövlət qeydiyyatına alınmasına əsas vermir. Çünki “ Dövlət rüsumu haqqında” qanunda müharibə veteranlarının bağlarının dövlət qeydiyyatına alınmasının dövlət rüsumundan azad edilməsi yazılmayıb. Qanunun aliliyinə, Konstitusiyanın ən yüksək qüvvəsinə saymazlığa baxın, bəs “Dövlət rüsumu haqqındaqanunda Tarif Şurasının qərarı ilə rüsum bəlirləmə yazılıb? Özü də bağ sahələrinə aid olmayan qərarla?
İndi söz Milli Məclisdə, qanunvericidədir. Ya bu “Veteranlar haqqında” qanunun 11-ci maddəsini də ləğv etsin, ya da “Dövlət rüsumu haqqında” qanuna müharibə veteranlarının bağ sahələrinin dövlət qeydiyyatına alınmasının rüsumdan azad edilməsini əlavə etsin.  Di gəl, Tarif Şurasının qərarını Konstitusiyadan, qanundan, Prezident fərmanından, NK qərarından üstün tutan  xidmətin dələduzluğundan əl çəkəcəyi inandırıcı görünmür.
Məğrur BƏDƏLSOY