“Qarabağa “İsgəndər-M” raketlərinin atılmasını Putinlə müzakirə etmişəm...” - İLHAM ƏLİYEV AÇIQLADI

Baxış sayı:
749

Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda, ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışı zamanı bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda “İsgəndər-M” raketlərinin qalıqlarının tapılmasını müzakirə edib. Və Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub göndərib.

“Aprelin 1-də rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım oldu. Adətən bildiyiniz kimi, telefon danışıqlarının məzmunu tərəflər arasında razılaşdırılır, birgə, razılaşdırılmış informasiya yayılır. Lakin mən Azərbaycan xalqından heç nəyi gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik. Mənim göstərişimlə Azərbaycan Müdafiə Nazirliyi fotolarla, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələlik heç bir cavab almamışıq”,-Əliyev bildirib.

Azərbaycan dövlət başçısı rəsmi Yerevanın bu raketlərin istifadə olunması ilə bağlı bəyanatlarını da “qəribə” adlandırıb. “Onlar gah deyirlər raketlər partlamayıb, gah deyirlər bu sirrdir. Deməli hər halda istifadə olunub. Biz rəsmi Yerevandan cavab gözləyirik. Mən sizə deyə bilərəm ki, bizdə kifayət qədər informasiyalar var, amma biz rəsmi izahat gözləyirik”,-İlham Əliyev əlavə edib.