QARABAĞ QAZİLƏRİ MƏĞRUR BƏDƏLLİNİN MÜDAFİƏSİNƏ QALXDI – Ölkə rəhbərliyinə müraciət olundu

Baxış sayı:
1665

Qarabağ Qazilərinin Hüquqlarını Müdafiə Komitəsi Qarabağ qazisi, jurnalist, DİN-in zabit pensiyaçısı Bədəlli Məğrur Ağamalı oğlunun döyülməsinə hüquqi qiymət verilməməsi ilə bağlı müraciət yayıb.
Muxalifet.az Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə ünvanlanan müraciəti olduğu kimi təqdim edir:
“Cənab Prezident!
Hörmətli Birinci vitse-prezident!
Sizə müraciətimiz torpaqlarımıza düşmən təcavüzü başlanan ilk gündən AMEA-nın aspiranturasında təhsilini, elmi işini atıb, iki körpə uşaqlı ailəsini Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa gedən, bu yolda 1-ci dərəcəli Qarabağ qazisi adını qazanan, DİN-in zabit pensiyaçısı, 66 yaşlı Bədəlli Məğrur Ağamalı oğlunun sifarişlə polis adına ləkə olan  Nizami polisinin 24-cü PŞ-nin “oğru qanunu” ilə cəzalandırılması barədədir.
2022-ci ilin sentyabrın 3-də saat 20-20 radələrində Qarabağ qazisi körpə nəvələri ilə marketdən çıxarkən 24-cü PŞ-nin mülki geyimli rəis müavini Natiq , sahə müvəkkili Elçin İslamov və daha on nəfərdən çox polis qabağını kəsib, 24-cü şöbəyə aparıb və vəhşicəsinə döyüblər. Nə körpə nəvələrini evə qoymasına, nə ailəsinə xəbər verməsinə imkan verilib, nə də tutulmasının səbəbi deyilib. Müdafiəçi hüququnu, Ombudsmana xəbər verilməsini tələb edəndə isə hər ikisinin ünvanına söyüblər. Polis şöbəsinin kamera quraşdırılmayan növbətçi hissəsində 1-ci dərəcəli Qarabağ qazisinin,  DİN-in zabit pensiyaçısının qollarını arxadan qandallayıb, rəis müavini Natiqin başçılıq etdiyi  8-10 nəfər polis  qazi-jurnalistin 9 qabırğasını sındırıb, ağ ciyərində döyülmədən hematoma əmələ gəlib. Rəis müavini Natiq qazi-jurnalistə mətbuatda Nizami polisini tənqid etdiyinə irad bildirib. Bu açıq-aşkar tənqidə görə, qazi- jurnalistin quldurluğa məruz qalması deməkdir. Dəhşət odur ki, 1-ci dərəcəli Qarabağ qazisi -jurnalistə həkim yardımına da imkan verilməyib, nə ailəsinə, nə də biz döyüş dostlarına yeri deyilməyib. Gecə yarısı Nizami RPİ-nin müvəqqəti saxlama kamerasına aparıb, orada da qatı cinayətkarların olduğu kameraya salınaraq cəzalandırılmasını tapşırıblar.
Sabunçu xəstəxanasında rentgen müayinəsi 9 qabırğasının sındığını təsdiq edəndən sonra da 1-ci dərəcəli Qarabağ qazisi ilə faşistcəsinə davranıblar, qollarının qandalını daha da bərkidiblər. Hətta astma dərmanlarını da istifadə etməyə verməyiblər. 2 sutka məhkəməsiz azadlıqdan məhrum edilən qazi-jurnalistə müstəntiq Qalib Kərimli saxta cinayət işi axtarışına çıxıb. Qazini qanunsuz dustaq edib, Xətai məhkəməsinin keçmiş hakimi Raziya Ataşovanı üzünə durdurub və o da yalan deyib ki, tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə 2014-cü ilin 17 iyulunda 3 il gizlədilən icra vərəqinin surətini verməyib (17.07.2014 tarixli hakim Raziyə Ataşovanın imzaladığı məktub və qoşulan icra vərəqəsi əlavə olunur ); məhkəmə qərarı olmadan evində axtarış aparılıb, qiymətli əşyaları, sənədlərini,  oğluna məxsus olan həyat yoldaşının dərs keçmək amacı ilə yararlandığı kompüteri aparıblar, hələ də qaytarmırlar. Bu açıq -aşkar vandalizmə, sifarişlə polis vəhşiliyinə hələ də prokurorluq hüquqi qiymət verilməsini təmin etməyib. Media qurumlarının yaydığı məlumatı isə sildirib, özbaşınalıq edirlər. Ombudsmana 916 çağrı mərkəzi ilə həbsdən çıxandan sonra 05.09.2022-ci ildə  zəng edən qazi -jurnalistin müraciəti  Ombudsman Aparatının rəhbərinin imzası ilə 13.09.2022 tarixli məktubla DİN -in 1-ci müavini, cənab Seyfulla Əzimova göndərilib. (Əlavə olunur) Ombudsman Aparatı da qazi – jurnalistin tənqidə görə işgəncəyə məruz qaldığını qeyd etmiş, amma həm də 14 ildir iki məhkəmə qərarını icra etməkdən imtina edən borclu məmurların sifarişi ilə tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin cəzalandırılmasını qeyd etməyi qəsdən unudub. Çünki sözügedən əmlak bazarlığında Ombudsman Aparatının da özəl payı var. Eyni zamanda, niyə Ombudsman özü araşdırma aparmaq səlahiyyətindən yararlanmır, birbaşa dövlətin 1-ci şəxslərinə, baş prokurora yox, heç daxili işlər nazirinə də yox, nazir müavininə müraciət edir? Özü də on gündən sonra, kimi gözləyiblər?
Bizim ümidimiz Sizədir, cənab Prezident, hörmətli Birinci vitse-prezident! Qarabağ qazisinin müraciətini aldığınız poçt vasitəsilə ilə bildirilib(əlavə olunur).
Sizdən 1-ci dərəcəli Qarabağ qazisi, jurnalist Məğrur Bədəlli  (Bədəlsoy) Ağamalı oğlunun Nizami polisinin sifarişlə işgəncəyə məruz qoyması, 9 qabırğasını sındırması, mətbuatdakı çıxışına, məhkəmənin verdiyi əmlakı ələ keçirib satan dövlət məmurlarının əli ilə cəzalandırılmasına hüquqi qiymət verilməsini təmin etməyinizi xahiş edirik.
Hörmətlə:
Xaliq Abbaszadə, komitənin sədri
Eldar Hüseynov, 1-ci dərəcəli Qarabağ qazisi
Əhmədov Mirbaba, 1-ci dərəcəli Qarabağ qazisi
İsmayılov Müşfiq, 1-ci dərəcəli Qarabağ qazisi
Cəfərov Rövşən, 2-ci dərəcəli Qarabağ qazisi
Süleymanov Güloğlan, 2-ci dərəcəli Qarabağ qazisi
İbrahimov Elçin, 2-ci dərəcəli qazi
Cəbrayılov Yusif, 2-ci dərəcəli qazi
Əhmədov Firudin, Qarabağ savaşı veteranı
Cavanşir Osmanlı, Qarabağ savaşı veteranı və b.
Bakı şəhəri, 17 sentyabr 2022-ci il”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.