“Prokurorluq orqanlarında Samir Musayev adlı şəxs qulluq keçmir” - Baş Prokurorluq

Baxış sayı:
7305

Baş Prokurorluq bəzi KİV-də yayılmış məqalə ilə bağlı təkzib verib

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, bir sıra kütləvi informasiya vasitələrində dərc edilmiş “Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşına qarşı şok ittihamlar” adlı məqalədə guya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Samir Musayevin Bakı şəhər sakini Nail İsmayılovdan borc aldığı pul vəsaitini qaytarmamaqla ona hədə-qorxu gəlməsinə dair həqiqəti əks etdirməyən məlumatlar yayılıb: “Prokurorluq orqanlarında, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Samir Musayev adlı şəxs qulluq keçmir.

Eyni zamanda, məlumatda göstərilmiş halların araşdırılması məqsədilə Nail İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilərək izahatı alınıb.

Hazırda adıçəkilən şəxsin Baş İdarənin adından istifadə etməklə N.İsmayılov və ya digər şəxslərə qarşı qanunsuz hərəkətlərə yol verməsi ehtimalları ilə əlaqədar araşdırma aparılır”.