Tiktoker Arzum məhkəmə zalında həbs edildi - VİDEO

Baxış sayı:
251

Tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Muxalifet.az
-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda əvvəlcə vəkillər müdafiə çıxışı edib.
Arzum isə son söz deyib: “İlk gündən özümü təqsirli bilmirəm. Kimsə yüksək sürətlə yanımdan keçib qəza edəcəksə, mən niyə təqsirli olmalıyam? 6 aydır səbəbsiz yerə uşaqlarıma həsrət qalmışam. Məhkəməyə inanıram, ədalətli hökm çıxarılacağına ümid edirəm”.
Daha sonra hökm elan edilib. Məhkəmə xanım müttəhimi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli hesab edib.
Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib.
Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib.
Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
Arzum isə qəza baş verdikdən sonra zərərçəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. O, eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi fəaliyyətinə davam edib, oynaya-oynaya videolar paylaşıb.