​Prezidentin nazir müavini təyin etdiyi Anar Əliyev kimdir?

Baxış sayı:
5518

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevinin sərəncamı ilə Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. 
A.Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr pilləsini bitirib.
2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi alıb. 2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Sahibkarlıq sahəsində lisenziya və icazələrin verilməsi, habelə azad iqtisadi zonalarla bağlı həyata keçirilmiş islahatlarda, müvafiq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında yaxından iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Hazırkı vəzifəsinə qədər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Qeyd edək ki, ölkə başçısının ötən gün imzaladığı digər sərəncamla Vüsal Zakir oğlu Nəsirli də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib