​Politoloqdan İran hadisələri haqda SENSASİON AÇIQLAMA

Baxış sayı:
4283

Qabil Hüseynli: “Situasiyanın inqilaba keçməsinə bir şey qalmayıb”
 
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən və dünyanın bununla bağlı müzakirəsindən sonra, indi də İranda başlayan etiraz hərəkatı dünyanın gündəmindədir. Bəzi ekspertlər İranda baş verənlərin xaricdən, bəziləri isə daxildən qaynaqlandığı qənaətindədirlər. Qonşu ölkədə yaşananların xaricdən və yaxud daxildən qaynaqlanmasından daha önəmli faktor isə odur ki, hadisələr ciddi yöndə inkişaf edərsə, bunun Şimali Azərbaycana nə dərəcədə təsiri ola bilər? Şübhəsiz ki, etirazlar ciddi sonucla nəticələnərsə, bu, Azərbaycana da təsir edəcək.
 
“Cənubi Azərbaycanın tələsmədən proseslərə müdaxilə etməsi hərakatın gücünə güc qatmır”
 
İranda baş verənləri şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Hurriyyet.org-a bildirdi ki, qonşu ölkədə yaşanan prosesləri birmənalı qiymətləndirmək çox çətindir: “Sosial etirazların miqyasına baxdıqda, belə təsəvvür yaranır ki, bu cür stiuasiyanın inkişaf edərək inqilaba keçməsinə elə də bir şey qalmayıb. Amma rejim də qüvvətlidir, cəza, repressiya tədbirlərini gücləndirib və ciddi surətdə ölkədə həbslər həyata keçirir. Xüsusən də Cənubi Azərbaycanın çox da tələsmədən proseslərə müdaxilə etməsi hərakatın gücünə güc qatmır, hərakatı kəsərli etmir. Amma bu gün alınan məlumatlara görə, Təbriz də daxil olmaqla, Cənubi Azərbaycan şəhərləri bü gündən başlayaraq dinc mitinqlər keçirməyi planlaşdırır”.
 
“Səriştəsiz, amansız siyasət ölkə əhalisinin sosial etirazlarına səbəb oldu”
 
İranda baş verənlərin kökünə gəlincə, Q.Hüseynli dedi ki, o, məsələnin kökünü xaricdə görmür: “Zənnimcə, daxildə yeyintilər, səriştəsiz, amansız bir siyasət ölkə əhalisinin sosial etirazlarına səbəb oldu. Təsəvvür edin, İran nüvə sazişini imzaladıqdan sonra, şahın dövründən Amerikada “yatan” 250 milyard dolları Obamanın göstərişi ilə İrana qaytardılar. İran isə bu pulların böyük hissəsini “Həmas”ın, “Hizbullah”ın və digər terrorçu təşkilatların maliyyələşməsinə xərclədi, eləcə də Suriyada həyata keçirilən əməliyyatlara sərf etdi. Zənnimcə, əhali ölkədə baş verən korrupsiya olaylarından da ciddi narahatdır. Ölkə əhalisinin ən azı 15 faizi işsizdir, maaşlar aşağıdır və ciddi sosial təzadlar var. Belə bir şəraitdə Ruhaninin də prezident seçkiləri ərəfəsində verdiyi vədləri yerinə yetirə bilməməsi əhalinin ciddi etirazlarına gətirib çıxardı ki, bu etirazlar hələlik davam etməkdədir”.
 
 “Azərbaycan öz sərhədlərini möhkəmləndirməlidir”
 
“Bəziləri hesab edirlər ki, İranda baş verən olaylar Azərbaycan üçün təhlükəlidir. Yəni qaçqın axını baş verə bilər, İranda vətəndaş qarşıdurması ola bilər, bu da Azərbaycana humanitar fəlakət gətirə bilər. Əlbəttə, mən də bu ehtimalın olmadığı qənaətində deyiləm. Belə bir ehtimal var. Amma zənn etmirəm ki, İranda hadisələr xaosa doğru gedə və əhali vətəndaş qarşıdurması nəticəsində bir-biri ilə çatışan iki qrupa bölünə bilər. Bu qrupu yaradan hakimiyyətdəki mühafizakar və islahatçı qanadın tərəfdarlarıdır. Amma aşağıda əhali birdir, yuxarıda siyasi elitada çatlaq var. Mən inanmıram ki, burada baş verən proseslər böyüsə və öz həddini aşsa, Şimali Azərbaycan üçün hər hansı bir təhlükə yarana bilər. Hər ehtimala qarşı Azərbaycan öz sərhədlərini möhkəmləndirməlidir”, - deyə politoloq vurğuladı.
 
“Türkiyənin narahatçılıqları kürdlərin fəal olması ilə bağlıdır”
 
“Türkiyənin İran rejiminin saxlanmasında marağı nə ilə bağlıdır” sualına isə Q.Hüseynli belə cavab verdi: “Qonşu Türkiyənin narahatçılıqlarını başa düşmək də, başa düşməmək də olar. Türkiyənin narahatçılıqları əsasən milli azlıqlar və onların içərisində kürdlərin xeyli fəal olması ilə bağlıdır. Kürdlər isə İranın şimalında qərbi Azərbyacan şəhərlərində daha çox yaşayırlar və başlanan sosial etirazlarda çox fəal qüvvə kimi çıxış edirlər. Ona görə də Türkiyə belə hesab edir ki, bu cür ayrılıqçı qüvvələrin iş başına gəlməsi Türkiyədə müəyyən kürdçü qruplaşmaları tətikləyə və ölkənin daxili məsələləri üçün problemlər yarada bilər. Əlbəttə, heç kəs İranın bölünməsini istəmir. Amma Türkiyə bu məsələləri bir az avtoritar formada qoyur və bildirir ki, xalqın etiraz hüququnu qəbul etmədən asayişin bərpa edilməsini və əmin-amanlğın, sabitliyin təmin ediməsini arzulayır və tələb edir. Məncə, bu, məsələyə demokratik yanaşma deyil. Bu da ondan qaynaqlanır ki, Türkiyənin özündə də dini qruplaşmalar son dövrlərdə çox fəaldırlar və onlar siyasi elitaya da sıza biliblər. Bu gün Türkiyənin özü üçün yaranan problemlərin bir çoxu ölkənin daxili siyasətində islamlaşmaya doğru meyllərin güclənməsi ilə bağlıdır”.