Pasiyenti komaya salan estetik cərrah və anestezioloqa HÖKM OXUNDU

Baxış sayı:
169

Lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyevanın həyata keçirdikləri əməliyyat zamanı xəstənin komaya düşməsi ilə bağlı anasının şikayəti əsasında başlanan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Muxalifet.az APA-ya istinadən xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, üç il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, Yaqub Əsədiyə beş il, Cəmilə Əliyevaya isə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini və onların cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini təklif edib.

Zərərçəkən tərəfin nümayəndəsi təqsirləndirilənlərə sanksiya həddində cəza verilməsini və mülki iddianın tam təmin edilməsini xahiş edib.

Cəmilə Əliyevanın vəkili bildirib ki, Yaqub Əsədi xəstənin anesteziya olunmasına və intubasiya etməsinə icazə verməyib:

"Bunu cərrah özü edib. Anestezioloqun etirazlarına məhəl qoymayıb və buna görə də Cəmilə Əliyeva otağı tərk edib. Monitordan xəstənin vəziyyətinin yaxşı olmadığını görərək vəzifəsini icra etmək istəyib, lakin bacarmayıb".

Vəkil müdafiə etdiyi şəxsə bəraət verilməsini xahiş edib.

Cəmilə Əliyeva da çıxışında vəkilinin dediklərini təsdiqləyib. O əlavə edib ki, həkim reklam çəkmək məqsədilə hər işi özü görüb və xəstənin halı pisləşib:

"Bunu gördükdən sonra daha iki həkim də yardıma gəlib, lakin onlar da xəstəni daha betər hala salıb. Xəstənin bu halda olmasının səbəbi yanlış intubasiyadır ki, onu da mən etməmişəm. Bu gün xəstə həyatdadırsa, bu, mənim müdaxiləm nəticəsindədir".

Yaqub Əsədinin vəkili çıxışında bildirib ki, müdafiə etdiyi şəxs səhv intubasiya etsə də, xəstəni nəzarətsiz qoyduğu üçün Cəmilə Əliyeva təqsirkardır:

"Yaqub Əsədi işinə səhlənkar yanaşmayıb. İntubasiyadan sonra xəstənin pis hala düşməsi onun nəzarətsiz qalması səbəbindəndir. Yəni burada Yaqub doktorun səhvi yoxdur. Yaqub Əsədi ittiham olunduğu əməli törətməyib, buna görə də ona bəraət verilməsini xahiş edirəm".

Dövlət ittihamçısı replika hüququndan istifadə edərək bildirib ki, təqsirləndirilən şəxslər zərərçəkənə lazım olan pompanı da almayıblar, buna görə də onlara bəraət verilməməlidir.

Yaqub Əsədi son sözündə bildirib ki, xəstənin halı istifadə olunan dərmanlara görə pisləşib. O, məhkəmədən bəraət verilməsini xahiş edib.

Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə hər iki şəxsə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmə əsasən, onlar cəzalarını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcəklər.

Mülki iddia isə qismən təmin edilib. Hər iki təqsirləndirilənin daha öncə ödədiyi ziyan nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat pul vəsaitinin tutulmasına və zərərçəkənə ödənilməsinə qərar verilib.

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda yerləşən "MedAura" Klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisədən sonra N.Budaqlının anası Nəsimi Rayon Prokurorluğuna müraciət edib və fakta görə araşdırma başlanılıb.

Cinayət işi üzrə məsuliyyətə cəlb edilən lor, estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.