NİYƏ BÖLGƏLƏRDƏ İŞ TAPMAQ ÇƏTİNDİR? – Ekspert səbəbləri açıqladı

Azərbaycanda son illərdə bölgələrdə həyata keçirilən infrastruktur və sosial layihələr regionların inkişafına müsbət təsir göstərsə də, bir sıra problemlər hələ də qalmaqdadır. Xüsusilə məşğulluq, investisiya cəlbediciliyi, istehsalın inkişafı və gənclərin paytaxta miqrasiyası regionların sosial-iqtisadi inkişafını ləngidən əsas amillər sırasında göstərilir. Mütəxəssislər hesab edirlər ki, bölgələrin potensialından tam istifadə etmək üçün kompleks yanaşmaya ehtiyac var.
Bəs regionların inkişafını ləngidən əsas səbəblər hansılardır? Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli deyir ki, regionlarda vəziyyət elə də ürəkaçan deyil. Bakıda da layiqli iş tapmaq asan deyil, çünki ölkə iqtisadiyyatı hələ də istənilən səviyyədə inkişaf etməyib.
“Bölgələrlə müqayisədə Bakıda müəyyən iş imkanları var. Ancaq Azərbaycanın ən inkişaf etmiş şəhərini qonşu ölkələrin paytaxtları və iri şəhərləri ilə müqayisə etdikdə, təəssüf ki, burada da vəziyyət ürəkaçan deyil. Bakıda orta aylıq əməkhaqqı da qonşu ölkələrlə müqayisədə aşağıdır. Azərbaycan böyük əraziyə malik ölkə deyil. Bu baxımdan regionların problemi əslində bütövlükdə ölkənin problemidir. Əsas məsələ ondan ibarətdir ki, iqtisadiyyatın qeyri-neft sektoru zəif inkişaf edib, qeyri-neft ixracının həcmi isə çox aşağıdır. Ölkədə rentabelli istehsal qurmaq çətindir və bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Azərbaycanın coğrafi mövqeyi də müəyyən çətinliklər yaradır. Ölkənin açıq okeana çıxışı yoxdur. Okeana çıxışı olmayan dövlətlər, adətən, idxal və ixrac əməliyyatlarında daha çox maneələrlə üzləşirlər. Nümunə kimi Avstriyanı göstərmək olar. Lakin Avstriya vahid Avropa bazarının bir hissəsidir və onun yerləşdiyi geosiyasi mühit bizimkindən tamamilə fərqlidir”, - deyə o, bildirir.

İqtisadçı qeyd edir ki, Azərbaycanın qonşuluq etdiyi region da mürəkkəbdir. Cənubda İran uzun illərdir beynəlxalq sanksiyalar altındadır. Şimalda Rusiya həm genişmiqyaslı sanksiyalarla üzləşən, həm də müharibə şəraitində olan ölkədir. Qərbdə Ermənistanla sərhədlər bağlıdır və iqtisadi əlaqələr mövcud deyil. Dünyaya əsas çıxışımız Gürcüstan üzərindən həyata keçirilir: “Okeana çıxışın olmaması istehsalın maya dəyərini artırır. Çünki həm idxal, həm də ixrac zamanı logistika xərcləri yüksəlir. Bu da Azərbaycanın əsas iqtisadi problemlərindən biridir. Hazırda ölkə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri kimi layihələr vasitəsilə bu çatışmazlıqları kompensasiya etməyə çalışır. Əslində, uğurlu olmayan coğrafi mövqenin yaratdığı çətinlikləri müəyyən üstünlüklərə çevirmək lazımdır. Tarixi imkanlar da yaranıb ki, bu beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycandan keçsin. Lakin bu, yalnız Azərbaycandan asılı məsələ deyil. Nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyəti üçün qonşu dövlətlərin də bu layihələrdə maraqlı olması və qarşılıqlı əməkdaşlıq etməsi vacibdir”.
X.Kərimli hesab edir ki, regionların inkişafının əsas yolu qeyri-neft sektorunun gücləndirilməsindən keçir: “Regionlarda neft və qaz ehtiyatları olmadığı üçün iri sənaye müəssisələri, zavod və fabriklər formalaşmayıb. Dayanıqlı məşğulluğun təmin edilməsi və regionların inkişafı yalnız qeyri-neft sektorunun inkişafı hesabına mümkündür. Bunun alternativi yoxdur.
Buna görə də geniş iqtisadi islahatlar həyata keçirilməlidir. Kapitala çıxış imkanları asanlaşdırılmalı, rəqabət mühiti yaxşılaşdırılmalı, məhkəmə sistemi daha sürətli, çevik və ədalətli fəaliyyət göstərməlidir. Eyni zamanda müqavilə və mülkiyyət hüquqları etibarlı şəkildə qorunmalıdır. Həm hüquq-mühafizə və inzibati sahədə, həm də maliyyə sektorunda ciddi islahatlara ehtiyac var.”
Oğuz Ayvaz




















