Rusiya yanacaq ixracına yenidən qadağa qoydu - BÖHRAN DƏRİNLƏŞİR

Rusiya hökuməti avqustun 1-dən etibarən benzinin, dizel yanacağının, gəmi yanacağının və qazoylun ixracına yeni qadağa tətbiq edib. Məhdudiyyətlər 2027-ci il yanvarın 31-dək qüvvədə olacaq.
Bu barədə Rusiya Hökumətinin mətbuat xidməti məlumat yayıb. Rəsmi açıqlamada qərarın daxili yanacaq bazarında sabitliyi qorumaq məqsədilə qəbul edildiyi bildirilir.
Bununla belə, sentyabrın 1-dən etibarən istehsalçılar tərəfindən çıxarılan dizel, gəmi yanacağı və qazoyl üçün tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması nəzərdə tutulur.
Xatırladaq ki, Rusiya hökuməti aprel ayının əvvəlində də benzinin ixracına iyulun 31-dək qüvvədə olan qadağa qoymuşdu. Həmin vaxt bu addımın yüksək tələbat dövründə qıtlığın qarşısını almaq üçün atıldığı iddia edilirdi. Daha sonra hakimiyyət orqanları aviasiya kerosini və dizel yanacağının da xaricə satışını dayandırmışdı.
Qeyd edək ki, Rusiyada yanacaq böhranı iyun ayından – Ukrayna PUA-larının Rusiya neft emalı zavodlarına (NEZ) və digər neft infrastrukturlarına endirdiyi dalbadal zərbələrdən sonra kəskinləşib.
Hazırda Rusiyanın demək olar ki, bütün regionlarında, eləcə də ilhaq edilmiş Krımda və işğal altında olan digər ərazilərdə ciddi yanacaq qıtlığı və yanacaqdoldurma məntəqələrində uzun növbələr müşahid olunur. Regionların mütləq əksəriyyətində benzinin sərbəst satışına xüsusi məhdudiyyətlər tətbiq edilib.
Rasim Əliyev




















