Naxçıvandan qoyun daşıdıqları üçün biletli sərnişinləri təyyarəyə almadılar - AZAL RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR /VİDEO

Baxış sayı:
145

Son günlər Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlər ciddi problemlərlə üzləşir. Belə ki, vətəndaşlar bilet olmaması səbəbindən bəzən günlərlə gözləməli olurlar. Bəzi hallarda isə əlində bilet olan vətəndaşlarımız da müxtəlif səbəblərdən saatlarla hava limanında gözləməyə məcbur edilirlər.

Həmin vətəndaşlarımızdan biri tərəfindən “Hürriyyət”in redaksiyasına daxil olan məlumata əsasən, 09 iyul 2026-cı il tarixində, saat 21:30-da J2292 reysi ilə Naxçıvandan Bakıya uçmalı olsa da azyaşlı körpələri ilə 1 saata yaxın hava limanında səbəbsiz yerə gözləməli olub. Hansı ki, təyyarə biletdə qeyd olunan tarixdə deyil, 22:10-da yola düşüb.

Lakin ən ciddi problem təyyarənin gecikməsi deyil. Müxtəlif səbəblərdən adının açıqlamasını istəməyən şikayətçi saytımıza bildirir ki, uçuş saatının təxirə salınması hansısa texniki nasazlıq, yaxud hava şəraitinin kəskin pisləşməsi ilə bağlı deyil. Söhbət ondan gedir ki, J2292 reysi üzrə hərəkət edən hava gəmisi öz vaxtında uçuş həyata keçirib, lakin bu zaman təyyarədə cəmi 5-6 nəfər olub. Sərnişinlərə isə növbəti J22158 reysi ilə ucuş həyata keçiriləcəyi bildirilib.

Maraqlıdır ki, təyyarədə cəmi 5-6 nəfər olubsa, o halda J2292 reysinə bilet alan sərnişinlər nə üçün əlavə olaraq təxminən 1 saat gözləməyə məcbur edilib? Bu haqda əməkdaşımızın sualını cavablandıran şikayətçi bildirir ki, 21:30-da yola düşən təyyarə həddindən artıq yükləndiyindən sərnişinləri növbəti reyslə, yəni saat 22:10-da yola salmağa məcbur olublar. Ən qəribəsi isə odur ki, qanunsuz yerə gözlədilən sərnişinlərdən etiraz edənlər səssiz şəkildə təyyarəyə alınıb və onların biletdə göstərilən tarixdə Bakıya uçuşu təmin olunub. Etiraz etməyənlər isə əlavə olaraq 1 saata yaxın hava limanında növbəti reysi gözləyiblər.

O ki qaldı təyyarə ilə Naxçıvandan Bakıya hansı yükün daşınmasına, bu haqda məlumat verən şikayətçi iddia edir ki, söhbət ərik yükündən və qoyun ətindən gedir. Doğrudur, bu haqda sərnişinlərə heç bir məlumat verilmir. Lakin, şikayətçinin sözlərinə görə, dünənki J2292 reysi ilə uçan təyyarəyə normadan artıq ərik və qoyun əti yükləndiyindən, sərnişinləri 1 saat yubatmağa məcbur olublar. Çünki, əks halda təyyarə həddindən artıq yüklənməli olacaqdı.

Elə bu səbəbdən də “Hürriyyət”ə müraciət edən şikayətçi AZAL rəhbərliyinin onlara böyük gəlir gətirən qoyunlara insanlardan daha çox “hörmət” qoyduğunu bildirir. Deyir ki, onları ən çox narahat edən də məhz bu faktdır.

Hazırladı: Jalə FAMİLQIZI

P.S. Məsələ ilə bağlı AZAL Mətbuat Xidmətinin mövqeyini öyrənməyə çalışacağıq.