AZƏRBAYCANDA NEÇƏ MİLYONÇU VAR? - Sərvəti milyon dolları keçənlərin sayı açıqlandı / SİYAHI

Baxış sayı:
157

Dünyada şəxsi sərvətin artımı sürətlənməkdə davam edir. İsveçrənin UBS maliyyə qrupunun hazırladığı "Global Wealth Report 2026" hesabatına görə, 2025-ci ilin sonuna qədər dünyada aktivləri 1 milyon ABŞ dollarından çox olan şəxslərin sayı 57,5 milyona çatıb.

Təkcə ötən il ərzində təxminən 1 milyon nəfər yeni dollar milyonçusu statusu qazanıb.

Hesabata əsasən, 2025-ci ildə qlobal şəxsi sərvət 10,8 faiz artıb. Artım xüsusilə Avropa, Yaxın Şərq və Afrika regionunda dünya orta göstəricisini üstələyib. Bununla yanaşı, qlobal sərvətin əsas hissəsi əvvəlki illərdə olduğu kimi ABŞ və Çində cəmləşməkdə davam edir.

Dollar milyonçularının sayına görə dünya lideri ABŞ-dır. Ölkədə 23 milyon 627 min nəfərin sərvəti 1 milyon ABŞ dollarını ötür ki, bu da dünyadakı bütün milyonçuların təxminən 41 faizini təşkil edir. İkinci yerdə 5 milyon 305 min milyonçu ilə Çin qərarlaşıb. 

Sonrakı sıralar isə belədir:

- Yaponiya (2 milyon 902 min)

- Almaniya (2 milyon 648 min)

- Böyük Britaniya (2 milyon 428 min)

- Fransa (2 milyon 388 min)

- Kanada (2 milyon 98 min)

- Avstraliya (1 milyon 634 min)

- Cənubi Koreya (1 milyon 317 min)

- Niderland (1 milyon 294 min)

- İtaliya (1 milyon 235 min)

- İspaniya (1 milyon 77 min)

- İsveçrə və Hindistan (hər biri 944 min)

- Tayvan (772 min) yer alır.

UBS-in hesabatına görə, Türkiyə 2025-ci ildə dollar milyonçularının artım tempinə görə dünyada Litvadan sonra ikinci olub. Ölkədə milyonçuların sayı bir il ərzində 6,4 faiz və ya 5 min 650 nəfər artaraq təxminən 93 min nəfərə çatıb.

Region ölkələri arasında isə lider Rusiya hesab olunur. Müxtəlif beynəlxalq qiymətləndirmələrə əsasən, Rusiyada 447 min 777 nəfərin sərvəti 1 milyon ABŞ dollarını ötür.

Azərbaycan üzrə beynəlxalq maliyyə qurumları rəsmi statistika açıqlamasa da, mövcud ekspert hesablamalarına görə ölkədə 4-6 min arasında şəxsin sərvəti 1 milyondan yuxarıdır.

Qonşu Ermənistan üçün isə qiymətləndirmələr 1,5-2 min dollar milyonçusunun olduğunu göstərir. Gürcüstan üzrə isə beynəlxalq hesabatlarda dəqiq məlumat təqdim edilmir.

UBS qeyd edir ki, milyonçuların sayının artması və ya orta sərvət göstəricilərinin yüksək olması əhalinin ümumi rifahını tam əks etdirmir. Bankın fikrincə, az sayda çox varlı insan ölkənin orta sərvət göstəricisini əhəmiyyətli dərəcədə yüksəldə bilər və bu, əhalinin real maddi vəziyyəti barədə yanlış təsəvvür yarada bilər.