“Paşinyan Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi fiqur olduğunu ortaya qoydu” – İSA QƏMBƏR

Baxış sayı:
1231

“O, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırım manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə bilərdi”

“Babasının faşist ordusunda xidmət etməsini gizlədən, Q.Njde və nasistlərlə əməkdaşlıq etmiş digər soydaşlarını qəhrəman kimi təqdim etməsi ifşa olunan Ermənistan baş naziri Nikol Paşinyan çıxış yolunu Azərbaycan Cümhuriyyətinin və Müsavat Partiyasının qurucusu M.Ə.Rəsulzadəyə böhtan atmaqda, onu faşist rejimi ilə əməkdaşlıqda ittiham etməkdə görüb”. Hurriyyet.org xəbər verir ki, bunu Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər deyib.

Paşinyanın bu yalanına həm ziyalılarımız, tarixçi alimlərimiz, həm də Müsavat Partiyası rəhbərliyi başda olmaqla siyasətçilərimizin tutarlı cavablar verdiyini vurğulayan İsa Qəmbər qeyd edib ki, onun özünümüdafiə üçün təkrarladığı bu cəfəngiyyatı elmi sübutlarla darmadağın ediblər: “Mən məsələnin başqa bir cəhətinə diqqəti cəlb etmək istəyirəm. 2018-ci ilin birinci yarısında hakimiyyətə gələn Paşinyan mürəkkəb daxili və beynəlxalq amillərin nəticəsində unikal bir şans əldə etmişdi. O, korrupsiya və monopoliyaları, repressiya və saxtakarlığı aradan qaldıraraq, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırım manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə və ölkəsinin Avropaya həqiqi inteqrasiyasına nail ola bilərdi. Lakin yarımçıq, diletant və populist fəaliyyətilə bütün bu imkanları demək olar ki, itirən Paşinyan üstəlik son dövrdə davranışları ilə “İnsanlara hürriyyət, millətlərə istiqlal” şüarının və “Ümumi Qafqaz Evi” ideyasının əsas müəllifi M.Ə.Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi bir fiqur olduğunu ortaya qoymuş oldu”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org