Paşinyan geri çəkildiklərini etiraf etdi - "BÖYÜK SAYDA İTKİLƏRİMİZ VAR..."

Baxış sayı:
2628

Ermənistanın Baş naziri cəbhədəki vəziyyətlə bağlı ermənilərə növbəti isterik müraciət ünvanlayıb.

“AzPolitika.info” xəbər verir ki, Paşinyan müraciətində Ermənistan ordusunun çoxsaylı itkilərini və geri çəkilməsini etiraf edib: “Bu müddət ərzində böyük sayda itki verdik. Hazırda itkilərimizin sayı böyükdür”. Onun sözlərinə görə, Ermənistan qoşunları şimal və cənub istiqamətində geri çəkiliblər.

Paşinyan deyib ki, Azərbaycan ordusu son günlər taktiki dəyişikliklərə əl atıb: “Onlar bizim arxa cəbhəyə diversiya qrupları yerləşdirməklə panika yaratmağa çalışırlar." Göründüyü kimi, əslində Ermənistanın Baş naziri bununla Azərbaycan ordusunun düşmən xəttini yardığını və kifayət qədər dərinliyə irəlilədiyini etiraf edib. Və bunu “diversiya qruplarının göndərilməsi” kimi qələmə verməyə çalışıb.

Paşinyan məyusluğunu və yaşadığı panikanı gizlətmək üçünsə ermənilərə təskinlik verməyə çalışıb: “Bunları sizdə məyusluq yaratmaq üçün yox, xalqa həqiqəti söyləmək üçün deyirəm...”

Ermənistanın Baş naziri danışıqlardan imtina etməsinin səbəbini də açıqlamağa və bunun günahını özündən əvvəlki hakimiyyətin üzərinə atmağa çalışıb. Belə ki, Paşinyan ona “əvvəlki hakimiyyətdən miras qalan” danışıqlar bazasına görə, Ermənistanın əvvəlcə 5 rayonu, daha sonra iki rayonu qaytarmalı və Qarabağın yalnız Azərbaycanın tərkibində hansısa statusa razılaşmalı olduğunu bildirib. Lakin onun rəhbərlik etdiyi nazirlər kabineti bu şərtləri qəbul etməyib.

Əvəzində Azərbaycan tərəfinin məsələni hərbi yolla həll edəcəyinə dair ona xəbərdarlıq etdiyini də qeyd edib. Paşinyan həmçinin bildirib ki, onlar Azərbaycanın hücumunu gözləyirmişlər, lakin əsas sual bu hücumun nə zaman və hansı istiqamətlərdən başlamasıymış.

Bütün bunlardan sonra Ermənistan rəhbəri Rusiyaya minnətdarlıq etməyi də unutmayıb. Və Rusiyaya “Qarabağ münaqişəsinin tənzimlənməsindəki” səylərinə görə təşəkkür edib. Bu “səylərin” nədən ibarət olduğunu isə açıqlamasa da, bunların nədən ibarət olduğu heç kimə sirr deyil.