Özünüməşğulluq proqramı: kiçik biznesə çıxış imkanı

Baxış sayı:
15753

Vətəndaşlarımız dövlətin onlar üçün yaratdığı bu imkandan faydalana bilir?
Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların əmək bazarında iştirak və məşğulluq imkanlarının artırılmasıdır. Bu istiqamətdə işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ildə 16,3 min qadın münasib işlə təmin olunub, 2,4 min qadın üçün peşə hazırlığı kursları təşkil edilib. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə tədbirlərin davamı olaraq 2024-cü ilin 8 ayında 3176 qadın özünüməşğulluq proqramına cəlb edilib.
Özünüməşğulluq proqramı işsiz qadınların da kiçik sahibkarlığa çıxışına dəstək üçün mühüm önəm kəsb edir. Maraqlidir, bəs, vətəndaşlarımız bütün bu imkanlardan faydalana bilirmi? Ümumiyyətlə, proqram çərçivəsində hansı sahələrə daha çox önəm verilir. Bu və digər suallara Dövlət Məşğulluq Agentliyi aşağıdakı kimi cavab verib:
 “Sorğunuza cavab olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır.
Özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.
Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Özünüməşğulluq  proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən kiçik biznesə başlamaq üçün istəyi, minimum potensialı, bacarıqları, təsəvvürü olan əmək qabiliyyətli, həmçinin məhdud əmək qabiliyyətli şəxslərin dövlətin dəstəyi ilə öz ailə təsərürfatlarını, kiçik bizneslərini yaratmalarına dəstək göstərilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa mal və materiallar formasında aktivlər verilir.
Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər.
Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq) istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.
Özünüməşğulluq proqramı həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxtda bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Ümumilikdə isə özünüməşğulluq proqramının üstün tərəflərini aşağıdakı kimi qruplaşdırmaq olar:
- Ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması;
- Mikro və kiçik sahibkarlığın inkişafı;
- Yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin azaldılması;
- İctimai vəsaitlərin (dövlət vəsaitləri) xərclənməsində səmərəliliyin artırılması;
- Yoxsulluq səviyyəsinin azaldılması;
- İqtisadiyyatda inkluzivliyin gücləndirilməsi.
Proqramın icrası zamanı üstün aşğıdakı kateqoriyalara aid vətəndaşlar hüquqa malikdirlər:
- Şəhid ailələrinin üzvləri;
- Ünvanlı dövlət sosial yardımı alan şəxslər;
- Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar;
- 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslər;
- Pensiya yaşına 2 ildən az qalmış şəxslər;
- Cəzaçəkmə müəssisəsindən azad edilmiş işsiz şəxslər.
Özünüməşğulluğun təşkili aşağıdakı mərhələləri əhatə edir:
- Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;
- Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;
- Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;
- Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;
- Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi”.
Qeyd edək ki, özünüməşğulluq proqramına cəlb edilən şəxslər aktivlərlə təmin edilməzdən əvvəl təlim kurslarına cəlb edilir. Proqram iştirakçılarına özünüməşğulluq istiqaməti üzrə nümunəvi biznes planın hazırlanması, özünüməşğulluq istiqaməti üzrə fəaliyyətin təşkilinə dair əsas biliklər, biznes fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi prosedurlar öyrədilir, motivasiya yönümlü təqdimatlar edilir, bazarlara çıxış imkanlarının artırılması və digər dövlət proqramlarından istifadə ilə bağlı perspektivlər izah olunur. Təlimlər bitdikdən sonra iştirakçıların özünüməşğulluq fəaliyyətinə başlamaq üçün hazırlığı qiymətləndirilir. Biznes planını uğurla müdafiə edən şəxslər əmlak formasında aktivlərlə təmin edilir.
Proqrama cəlb olunmuş şəxslərə aktivlər təqdim edildikdən sonra da onlara biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər verilir. Özünüməşğulluq fəaliyyətinin 1 il ərzində bu fəaliyyətin monitorinqi aparılır. Müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
Hazırladı: Aynurə İSMAYIL
P.S. Növbəti yazımızda Dövlət Məşğulluq Agentliyinin özünəməşğulluq proqramına cəlb olunan vətəndaşlarımızın bundan nə kimi fayda götürdükləri haqda suala cavab tapmağa çalışacağıq.