Onların xalqa heç bir aidiyyatı yoxdur… – ELDAR SABİROĞLU YAZIR

Bu sentyabr da xalqımızın tarixinə həm faciəvi, həm də qəhrəmanlıqlarla dolu səhifələr yazdı.
Ona görə faciəvi ki, xain düşmən bu ayın 13-də Azərbaycanı arxadan vurdu. Çətin keçən döyüşlər zamanı erməni-faşist ordusunun 200-ə yaxın əsgərini cəsur Azərbaycan ordusu cəhənnəmə vasil etsə də, bizim də itkilərimiz oldu. Vətəni canından əziz tutan 80 igid əsgər və zabitimiz azğın və alçaq düşmənlə döyüş zamanı qəhrəmancasına həlak oldu. Allah şəhidlərimizi rəhmət eləsin!
Əslində, bu sözlərlə təzə bir şey demirəm. Qəhrəmanlarımızın dəyər və qiymətini Ulu Tanrı, qədirbilən xalqımız özü verir. Verməyənlərə də Allahdan ağıl, insaf və vicdan arzulayıram. Soruşa bilərsiniz ki, niyə və nə üçün sərt şəkildə belə qənaətə gəldim?! Əvvəla, azlıqda olan bir qism cəmiyyət üzvünün xalqa heç bir aidiyyatı yoxdur və xalqın yekdilliyini poza biləcək gücə sahib deyil. Sadəcə, suyu bulandırıb, bu savaşdan da öz mənfəətləri üçün nəsə götürmək həvəsinə düşüblər.
“Xala xətrin qalmasın” deyə irəli sürülən fikilərdəki sətiraltı mənalara görə bütün tənbeh və qərəzin kimə yönəldiyi apaydın ortadadır. Azca düşüncəsi olan hər kəs üçün bu qərəzin və kin-küdurətin kökündə düşmən üzərinə amansız yürümə əmrini verən Ali Baş Komandanın dayandırıldığını görməmək yalnız başıboş adamlara xasdır. Hətta dövlətin rəhbərliyi ilə xalq arasında uçurum yaratmaq və beləliklə, hakimiyyətin sarsıdılmasına nail olmaq üçün ən yaramaz "arqumentləri" meydana atırlar. Məsələn, özünü ictimai fikrə böyük “ideoloq”, “politoloq”, “görkəmli tarixçi alim” kimi sırıyan bəziləri ordumuzu hədəfə alaraq bildirir ki, günahkar Azərbaycandır və hərbi təcavüzə yol verən, beynəlxalq konvensiyaların altını üstünə çevirən də biz olmuşuq. Erməniyə haqq qazandıran "ədalət” mücəssəməsinə nə deyəsən!? Görəsən, bunlar hansı millətdəndir?!
Başqa bir qrup isə özünü tamamilə biabırçı bir vəziyyətə salaraq bəyan edir ki, Azərbaycan ordusunun düşmən torpaqlarına girməsi düzgün olmadı və bu siyasi səhv ölkəmizin beynəlxalq qurumlarda, aparıcı dövlətlərdə çox pis qarşılanacaq. Sual olunur, bəs bu dünya 30 il işğalçı Ermənistan bizim torpaqları əsarət altında saxlayanda harada yatmışdı? BMT-nin həllini tapmayan 4 qətnaməsi hər şeyi açıb göstərir.
Çox uzatmaq istəmirəm. Azərbaycanın atdığı addımlarda heç bir qəbahət görmürəm. Xalqımız bu mürəkkəb zamanda dövlətinin yanında olmalı və düşmənə qarşı mübarizədə öz yekdilliyini qorumalıdır.
Eldar SABİROĞLU,
Sabiq millət vəkili, ehtiyatda olan polkovnik