"Öncə işğala son qoyulur, sonra normallaşma, daha sonra Qarabağın statusu..." - İLHAM ƏLİYEV

Baxış sayı:
4837

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb.

Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsində xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistanın baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur.

İ.Əliyev xatırladıb ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur.

Azərbaycan Prezidenti bildirib ki, münaqişənin həllini mümkün sayır: “Birinci mərhələ ərazilərin işğaldan azad olunmasıdır. İkinci mərhələ - Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması. Düşünürəm ki, buna hər iki tərəf hazırdır, ancaq ərazilər azad olunmadan bu mümkün olmayacaq. Biz hər zaman demişik ki, Azərbaycan çoxmillətli bir ölkədir, ermənilər milli azlıq kimi, milli çoxluğun malik olduğu hüquqlara sahib olacaqlar. Buna görə də, münaqişənin həlli üçün Ermənistanın qoşunlarını işğal olunmuş ərazilərdən çıxarması lazımdır, o, Azərbaycana qarşı ərazi iddialarından imtina edir, azərbaycanlılar öz tarixi torpaqlarına qayıdırlar, çünki bunların buna qanuni hüquqları var"./Virtualaz.org