“Oğlum özünü asmayıb, öldürülüb”

Mingəçevir şəhər sakini, Şuşa şəhərindən məcburi köçkün, milliyyətcə ukraynalı Olqa Rzayeva oğlunun intihar etmədiyini, öldürüldüyündən şübhələndiyini bildirib.
 
“Qafqazinfo”ya müraciət edən O.Rzayeva qeyd edib ki, 1975-ci il təvəllüdlü oğlu, Rzayev Zahir Aydın oğlu 10 il 6 ay məhkumluq həyatı sürdükdən sonra 2016-cı il iyulun 18-də azadlığa buraxılıb və ailəsinin yanına qayıdaraq birgə yaşamağa başlayıb:
“Zahir həbsxanada olanda onun həyat yoldaşı Pərvanə ilə həyat tərzinə görə heç bir münasibətimiz olmayıb. Həbsdən sonra da Pərvanə ona “Ya ata-anan, ya da biz” deyə şərt qoydu, Zahir də bizimlə əlaqəni kəsdi.
2017-ci il martın 17-də Zahir öz mənzilində naməlum şəkildə dünyasını dəyişib. Pərvanənin dediyinə görə səhər yuxudan duranda Zahiri mətbəxdə qaz borusundan əlləri arxadan skotçla, ayaqları bir yerdə bağlı vəziyyətdə asılı görüb. O 19 yaşlı qızı Çinarəni çağırıb cəsədi yerə endirib, əllərini və ayaqlarını azad etdikdən sonra köməyə adam çağırıblar”.
Faktla bağlı özünü öldürmə həddinə çatma maddəsi ilə cinayət işi açılıb. Anası O.Rzayeva isə hüquqi varis kimi tanınıb və Bakıdan yeni ekspert gəlməsini tələb edib:
“Bakıdan, Gəncədən və Şəmkirdən ekspertlər gəldi, qızım Afət onlara Zahirin boynunun qırıq olması faktını və ayağında olan dörd iynə izlərini göstərərək, bu faktların ölümdə nə dərəcədə rol oynamaqlarını araşdırmağı xahiş etdi.

Həmçinin, istintaq martın 15-də 19 yaşlı qızı Çinarənin Zahirin ayağına bıçaqla xəsarət yetirməsini, martın 16-da Pərvanənin anası Nailəyə evin giriş qapısının açarlarını nə məqsədlə verdiyini, həmin gün təxminən saat 21.00 radələrində Zahir İsgəndərə zəng edib evə qayıtmasını tələb etdikdə o, atasına nalayiq sözlərlə “gör sənə nə edəcəm” deməsi faktların heç birini yoxlamadı. Hər dəfə də “ekspertin rəyi hazır olmayınca heç bir istintaq işi apara bilmərik” cavabını verirdilər. Mayın 17-də hazır olan rəydə yenə də Zahirin özünü asması faktının təsdiqləndiyi bildirildi. Rəydə Zahirin boynunun qırıq olması və ayağındakı dörd iynə izləri olması haqda heç nə yazılmamışdı. İyunun 14-də cinayət işinə xitam verildi”.
O.Rzayevanın Ombudsman Elmira Süleymanovaya müraciətindən sonra baş prokuror Zakir Qaralov istintaqın keyfiyyətsiz aparılmasına görə xitam qərarını ləğv edib:
“Biz yenilənmiş istintaq zamanı bir neçə vəsatət qaldırdıq. Zahirin özünü asdığı deyilən mələfənin halqa hissəsi onun başına keçirilmiş, lakin böyük olduğu aydın görünüb. Lakin həmin mələfə ekspertizaya göndərilməyib. Həmin mələfə isə guya 12 gün sonra hadisə yerindən tapılıb.