Norveç səfirliyi bizi təhqir etdi – MÜƏLLİMLƏRDƏN ETİRAZ/FOTO

Finlandiya-Azərbaycan Elm və Təhsil Forumunun Təşkilat Komitəsi və iştirakçıları KİV-ə müraciət ünvanlayıb.
Muxalifət.az-ın xəbrinə görə, teleqraf.com-a daxil olan müraciətdə deyilir:
“Avropanın və dünyanın təhsildə qabaqcıl ölkələrindən biri olan Finlandiyada elm və təhsil sahəsində təcrübəmizi artırmaq məqsədilə Azərbaycandan bir qrup təhsil işçisi, məktəb direktoru və müəllim heyəti ilə birlikdə Finlandiyanın paytaxtı Helsinkiyə səfər etməyi planlaşdırırdıq. 24-29 may 2018-ci il tarixində Helsinkidə “Finlandiya-Azərbaycan Elm və Təhsil Forumu” adlı elmi-təcrübə proqramı həyata keçirməyi qərarlaşdırdıq. Bu səfərin əsas məqsədi dünyada elm və təhsildə keyfiyyət deyildiyində ilk ağıla gələn Avropa ölkələrindən birinin təcrübəsini öyrənməkdən, həmçinin Avropa ilə Azərbaycan arasında mədəni və elmi münasibətlərin inteqrasiyasına kömək etməkdən ibarət idi.
Biz heç zaman təsəvvür edə bilməzdik ki, dünya xalqlarına mədəniyyət aşılamağı özünə missiya kimi görən Avropa İttifaqı üzvü olan bir ölkə qeyri-rəsmi informasiyaları doğru informasiya kimi təqdim etməkdən utanmayacaq. Norveç Krallığının Azərbaycanda yerləşən səfirliyi ümumbəşəri dəyərlərə hörmətsizcə yanaşaraq, cəmiyyətdə Avropaya olan inamı sarsıtdı. Belə ki, Finlandiyaya getmək üçün viza müraciəti etdiyimiz Norveç Krallığının Azərbaycandakı səfirliyi vizadan imtina üçün bizə bir neçə əsas səbəb göstərdi. Nəzərinizə çatdırmaq istəyirik ki, bu səbəblərin hamısı əsassızdır. Səfirlik yazılı olaraq iddia edir ki, Finlandiyadan göndərilən dəvət məktublarını araşdırmaq üçün Finlandiya-Azərbaycan Assosasiyası ilə heç bir halda əlaqə (telefon və ya email) saxlamaq mümkün olmayıb, Espo şəhərində yerləşən və səfər zamanı getməyi planlaşdırdığımız “Juvanpuisto School” adlı orta məktəbdən cavab verilməyib”.
Bildirilir ki, Norveç səfirliyi tərəfindən aidiyyatı qurumlara heç bir sorğu, telefon, faks və ya e-mail göndərilməyib:
“Səfirlik əsassız səbəblərdən 39 nəfərdən ibarət təhsil işçisinin Avropa ölkəsinə səfərinə ciddi-cəhdlə əngəl törətdi. İmtina məktublarında azərbaycanlıların hər zaman ölkəni tərk etmək istəyinin olduğu, bizi bu ölkəyə bağlayan heç bir səbəbin olmadığıı vurğulanmaqla ölkəmizin təhsil işçiləri təhqir olunub. Hər zaman insan haqlarından danışan Norveç Krallığı imtina məktubunda Azərbaycanda ictimai, siyasi və maliyyə problemlərinin olduğunu və bu səbəbdən azərbaycanlıların öz ölkələrini tərk edib başqa ölkələrdə yerləşdiyini vurğulayıb. Həmçinin, məktubda bildirilir ki, azərbaycanlı təhsil işçilərinin Finlandiya forumunda iştirakı və rolu vacib deyil. Qərəzli yanaşmalar sərgiləyən səfirlik adi diplomatik-etik qaydalara da əməl etməyib və öz missiyasını aşaraq ölkəmizin daxili işinə müdaxilə edib.
Ciddi əsas olmadan vizalar üçün imtina məktubunda bu cür əsassız iddialara yer verən Norveç Krallığının Azərbaycandakı səfirliyindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlayacaq, hüquqları pozulmuş müəllimlərin haqlarını müdafiə edəcəyik”.
Açıqlamada qeyd olunur ki, bu xoşagəlməz addımla Avropanın qonşuluq, humanizm, təhsil sahəsində qarşılıqlı münasibətlərin inkişafı və mədəni əlaqələrin qurulması işinə kölgə salınıb:
“Eyni zamanda, bu qeyri-qanunu davranış təşkilatçı qurumun haqqında mənfi rəy formalaşdırıb, neçə illər ərzində əldə etdiyi etibarına böyük mənəvi zərər vurub. Səfirlikdən cavab məktubunun gecikdirilməsi və təyyarə uçuşuna 32 saatdan daha az bir vaxtda məlumatın verilməsi şirkətin zərərini artırıb”.
Təşkilat Komitəsi bu vəziyyətin aradan qaldırılması, hüquqları pozulan və zərər çəkən müəllimlərin müdafiəsi, baş vermiş xoşagəlməz hadisənin doğru araşdırılıb işıqlandırılmasında mediadan dəstək istəyir:
“Bütün bunların nəticəsində çox sayda azərbaycanlı təhsil işçisinin, dünyada insan hüquqlarının təbliğatçısı olan Avropanın imicinə ciddi xələl gəlib. 39 nəfər müəllim hər gün onlarla sinifə daxil olan, yüzlərlə şagirdə elmi-bəşəri dəyərləri təbliğ edən canlı insan faktoru deməkdir. Bu xoşagəlməz hadisə onların mənəvi hisslərini olduqca sarsıdıb, qarşılaşdıqları hadisədən çox məyus olublar”.