“Putin Türkiyənin icazəsi olmadan edə bilməz” – Türkmən lider açıqladı

Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev ötən həftə Türkiyəyə qarşı sərt bəyanat vermiş, "Türkiyənin əldə olunan razılıqla bağlı İdlibdə nəzarəti təmin etməsi və “Heyət Təhrir Şam” terror təşkilatını çıxarması lazım olduğunu, ancaq bunu etmədiyini" söyləyərək, "Bir çox sual işarəsinə və bizdə böyük xəyal qırıqlığına yol açır" ifadəsini işlətmişdi.
Suriya Demokratik Türkmən Hərəkatının lideri Abdulkərim Aga ABŞ-ın Türkiyəyə zərər vermək üçün regionda çəkic güc yaratmaq istədiyi xəbərdarlığını edərək Türkiyənin bunu qəbul etməməsi, müqavimət göstərməsi lazım olduğunu söyləyib. Türkmən lider Abdulkərim Aga, "ABŞ orada PKK və digər terror təşkilatlarına dəstək verir və bu dəstəyini daha da artırmaq istəyir. Bunu da biz Türkmənlər olaraq Suriyalılar kimi qəbul etmirik. Amerika İraqda apardıqları kimi, zamana yayaraq Suriyada da bunu etmək istəyir" deyib.
Türkiyənin yavaş hərəkət etməsinin səbəbi!
Türkiyənin İdlibdən terror təşkilatlarını yavaş-yavaş çıxardığını deyən Türkmən lider Abdulkərim Aga, Rusiyanın "Türkiyənin tələsmədiyi" ifadəsini işlətdiyi Türkiyənin niyə bir anda təmizlik etmədiyini də bu şəkildə açıqlayıb:
"Rusiya hər şeyin bir anda olmasını istəyir. Daha sürətli olunması lazımdırsa, çox diqqətli olunması lazımdır. 4 milyon insan yaşayır orada. Rusiyanın tələskənlik edərək İdlibi vurması böyük fəlakətə səbəb olar. Türkiyənin əlində çox böyük “kozırlar” var. Amerika və Rusiya Türkiyə qədər güclü ola bilməz Suriyada. Türkiyə güclü bir dövlətdir. Türk milləti ilə birlikdə Türkiyə Suriya xalqına sahib çıxdı. Türkiyə İdlibdə yaşayanlara da miqrasiyaya səbəb olmadan, yerlərindən etmədən sahib çıxır. Ən qısa zamanda inşallah Türkiyə terror təşkilatlarına imkan verməz və bölgəni nəzarət altına alır. Əslində İdlib xalqının çox böyük hissəsi nəzarətin Türkiyənin əlinə keçirməsini istəyir. O terror təşkilatları çox kiçik azlıqlardır əslində. Onları xalqa qarşı güclü edən şey Türkiyə düşmənlərinin terror təşkilatlarına olan silah və maliyyə dəstəyidir. Türkiyənin terror qruplarını oradan təmizləməsi bir gün çəkər. Amma Türkiyə həssaslığı üzündən tədricən təmizləyir".
Putin niyə tələskənlik edib?
Rusiyanın Türkiyəni tələsməməkdə ittiham etməsini doğru saymadığını bildirən Abdulkərim Aga, "Türkiyədə seçkilər var. Bəzi daxili məsələləri var idi. Amma buna baxmayaraq əməliyyatlar üçün planlarını hazırladı. Terror təşkilatlarının yerlərini bir bir müəyyən etdi. İdlibin terror təşkilatlarından təmizlənməsi təkcə Rusiyanın deyil, Türkiyənin də lehinədir. Putin İdlib vurulmadan əvvəl Türkiyənin icazəsini mütləq almışdır. Lakin burada Rusiya Türkiyənin icazəsini alsa belə, əməliyyat apararkən köçə səbəb olacaq şəkildə etməməlidir. Bu ərazini təmizləmək lazımdır terror təşkilatlarından. Bu hamımızın istəyidir, amma diqqətli olunması lazımdır". deyə söyləyib.
İdlibdəki təşkilatları kimlər dəstəkləyir?
Türkmən lider Aga İdlibdəki terror təşkilatlarının azlıqda olmasına baxmayaraq aldıqları silah yardımları və gördükləri maliyyə dəstəyi ilə dominant mövqeyə gəldiklərini bildirərək "Sayı üç yüzü keçməsə də, pul və silah yolu ilə İdlibdə insanları aldadıblar və terror qruplarının tərəfinə çəkiblər. Bunu edənlər kimlərdir? Bunu edənlər Türkiyə düşmənçiliyi aparan və Suriyanın bütövlüyünü istəməyən ölkələrin casuslarıdır. İdlibdə açıq fəaliyyətdədirlər" deyib.
Aga sözlərini belə tamamlayıb:
"Türkiyə və Suriya xalqını sevməyən ölkələrin casuslarının və qrupların da bölgədən təmizlənməsi lazımdır. Türkiyə bu gücə malikdir. Necə Cerablusda, necə Əl Babda bunu edibsə, İdlibdə də bunu asanlıqla edə bilər".
Müxalifət.az