Deputat ​video ilə bağlı Ramil Usubova rəsmi müraciət etdi

Baxış sayı:
6775

Millət vəkili Fazil Mustafa Daxili İşlər naziri, general- polkovnik Ramil Usubova “Kazbekə şey basım fırranım” adlı mahnı və video ilə bağlı rəsmi müraciət edib.
Muxalifet.az xəbər verir ki, deputat sosial şəbəkələrdə vidioçəkiliş formasında paylaşılan “mahnı”nın yayılmaqda olduğunu, ifa edilən “mahnı”nın sözlərində bəşəriyyətin ən böyük bəlası olan narkomaniyaya açıq şəkildə çağırış edildiyini, onun yayılmasının təbliğ olunduğunu bildirib: 
“Bu çağırışın əsas hədəfi olaraq Azərbaycan auditoriyasının seçilməsi hansısa qüvvələrin ölkəmizdə bu bəlanın yayılmasında ciddi maraqlarından xəbər verir. Bu üzdəniraq "mahnı" artıq orta və ali məktəblərdə, çox sayda gənclərin arasında məqsədyönlü şəkildə sürətlə yayılmaqdadır. 
"Mahnı" adı ilə bu biabırçılıq və rüsvayçılığı yazdıranlar, ifa edənlər, videoya çəkilənlər və onu yayanlar kütləvi şəkildə cinayət əməli törətməklə cəmiyyətin, xüsusilə də gənc nəslin təlim-tərbiyəsinə və sağlamlığına sarsıdıcı zərbə vururlar. Bu çəkilişlərə azyaşlı uşaqların və gənc qızların cəlb olunması isə cəmiyyətdə xüsusi narahatçılıq doğurur.

Hörmətli Ramil müəllim!
Ümid edirəm ki, narkomaniyaya qarşı mübarizəyə hər zaman yüksək diqqət yetirən bir səlahiyyətli dövlət xadimi kimi tərəfinizdən qanunlara və əxlaqi dəyərlərə açıq şəkildə meydan oxuyan və onu heçə sayaraq bu zərərli təbliğatla məşğul olanların şəxsiyyətlərini araşdırmaq istiqamətində təcili tədbirlər görüləcək və bu zərərli təbliğatı gerçəkləşdirən şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə cəlb olunması təmin ediləcəkdir. Görüləcək tədbirlərin tərbiyəvi əhəmiyyətini nəzərə alaraq nəticəsi barədə geniş ictimaiyyətə məlumat verilməsini də Sizdən xahiş edirəm”.