Ərdoğanın böyük ambisiyaları niyə baş tutmaya bilər?

Baxış sayı:
2788

Futbol meydançası ölçüsündə və 50 metr dərinliyində bir krater. Hər yerdə daş təpələr ucalır. Yeganə həyat durğun su gölməçələrindən su içən qağayılardır.

Bura İstanbulun yeni yaşayış kompleksi olmalı idi. Fikirtepe rayonunda lüks mənzillər, ticarət mərkəzləri və spa salonları ilə zəngin bir kompleks.

2010-cu ildə lentə alınan reklam videosunda Türkiyənin yeni aşkarladığı bir sərvət kimi nümayiş etdirilir.

Bu kompleksi inşa etmək üçün ən az 15 min nəfər sakini olan evlər sökülüb. Bir çoxları yeni evlərə sahib olmaq üçün depozit də ödəyib.

Lakin iqtisadi problemlər artdıqca və investorlar geri çəkildikcə, planlaşdırılmış tikintilərin əksəriyyəti yarımçıq dayandırılıb.

Yerdə qalan isə bankrot olmuş şirkətlər və puç olan ümidlərdir.

16 illik hakimiyyəti ərzində Rəsəb Tayyib Ərdoğana qarşı ən böyük təhlükə məhz böyük iqtisadi çöküş simptomları daşıyan bu tikintisi dayandırılmış binalardır.

Bu həftəsonu baş tutacaq yerli seçkilərdən əvvəl keçirilən sorğular göstərir ki, hakim AK Partiya paytaxt Ankarada və bəlkə İstanbulda da idarəni itirə bilər.

"Ona qarşı nifrət hiss edirəm"

60 yaşlı Zeynep Düzgünoldu köhnə evinin boş qalan yerini göstərdikcə gözləri dolur.

"İnsanlar evimi 'gözəl mətbəxi olan ev adlandırırdılar'," o, qəhərli səslə deyir.

"İndi isə mənim evim bel çantamdır. Uşaqlarımdan pul istəməyə utanıram."

Firdevs Uluocak-ın evi isə tikinti sahəsinin bitdiyi bir yerdə yerləşir, amma qazıntı işləri nəticəsində evi yellənməyə başlayıb.

Onun qəzəbini bir hədəf nöqtəsi var: Türkiyənin baş inşaatçısı, prezident Ərdoğan.

Firdevs Uluocak prezidentə qarşı şəxsi nifrət hiss edir

"Ona qarşı nifrət hiss edirəm," o deyir.

"Həmişə ona səs verirdim, amma o, insanlarımızı məhv edib."

Ötən 16 il ərzində prezident Ərdoğan Türkiyənin inkişaf göstəricisi kimi tikinti layihələrini önə çəkib.

Onun aeroportlardan tutmuş tunellərə qədər bir çox şeyi əhatə edən bu "meqa-layihələri" ölkənin infrastrukturunu dəyişdirib.

Memarlar narahat olsalar da, göydələnlər şəhərin səmasını da dəyişib.

Prezident Erdoğanın ən son nailiyyətlərindən biri də açılışı 2018-ci ilin oktyabrında baş tutan İstanbulun yeni aeroportudur

Prezidentə yaxın inşaat moğolları siyasi dəstək vasitəsilə dövlət tenderlərində qalib gəliblər.

Tikinti sektoru korrupsiya və tapşırıq iddiaları ilə də zəngindir.

Lakin hazırda inflyasiya dərəcəsinin 20% olduğu və türk lirasının üç dəfə dəyərdən düşdüyü bir məqamda xammal idxalı və xarici borcların faizləri də artıb və inşaat şirkətləri davam gətirə bilmir.

Fikirtepe layihəsinin podratçısı Pana Yapı BBC-yə, "bütün ölkə iqtisadi böhran yaşayır" deyib və şirkətin qurban olduğu iddiasını qəbul etmir.

Havada asılı qalan kranlar və yarımçıq qalan göydələnlər böhranın göstəriciləridir.

Türkiyə ötən il, sonuncu rübdə 3 faiz daha da pisləşən iqtisadiyyat ilə böhran vəziyyətinə daxil olub. Bir çoxları vəziyyətin daha da pisləşəcəyindən qorxur.

"Türkiyə xarici borclardan yüksək şəkildə asılı olan ölkədir və bunun altında çıxmaq çətinləşdikcə içində olduğumuz problemləri sezməyə başlayırıq," İstanbul İqtisadi Araşdırmalarının baş meneceri Can Selçuki deyir.

İqtisadçı Can Selçuki Türkiyənin xarici kapital "inyeksiyasına" ehtiyacı olduğunu düşünür

"Biz böyük bir parçalanmanın astanasında ola bilərik. Yüksək miqdarda xarici borclara ehtiyacımız var," o deyir, "və bunun üçün çox güman ki, doğru ünvan Beynəlxalq Valyuta Fondudur".

Prezident Erdoğan BVF-dan borc fikrinə qarşı kəskin münasibət bildirib.

"Lakin kapital tapmamaq dəyəri artan bankrotları və üzüaşağı spiralı sürətləndirə bilər," cənab Selçuki deyir.

Vəziyyət Ərdoğanı reputasiyasına xələl gətirə bilərmi?

İqtisadi vəziyyət prezidentin problemləri digər məsələlərə tərəf yönəltməsinə tətikləyə bilər.

O, seçicilərinin diqqətini öz üzərində saxlamaq üçün seçki mitinqlərində Yeni Zelandiya məscid hücumun videolarını nümayiş etdirib.

Üç dəfə artan qida qiymətlərinı sürətli azaltmaq üçün hökumət fermerlərdən tərəvəzlər alıb. Sonra isə həmin tərəvəzləri bazarlarda birbaşa istehlakçılara satır.

Bununla da qiymətləri şişirdən adamların məhz aradakı tacirlər olduğunu önə çəkir. Prezident həmin adamları "qida terroristləri" adlandırır.

İstanbulun Aksaray rayonundakı belə bazarlardan birində insanlar supermarket qiymətlərindən daha ucuz pomidor, badimcan və ispanaq almaq üçün uzun növbələr gözləməli olurlar.

Bu cür qida bazarları seçki kampaniyasının bir hissəsidir
Bu cür qida bazarları seçki kampaniyasının bir hissəsidir

"Növbələr kasıblıq yox, imkanların göstəricisidir," bazarlıq edən Ömer Çakırca deyir.

"Hər yerdə belədir. Bir şey endirimə düşərsə, hamı oraya axışacaq."

Lakin Eşref Korkmaz bu fikirlə razı deyil: "Bu gün xiyar və pomidor aldım - amma bu sadəcə seçkilər üçün sərmayədir," o deyir.

"Apreldən sonra bunlar olmayacaq. Əvvəl AK Partiyaya səs versəm də, artıq verməyəcəyəm. Çünki iqtisadi vəziyyət pisdir. Bu dəfə müxalifəti dəstəkləyəcəyəm."

Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdə irəli aparan iqtisadiyyat idi.

İndi isə onun zəifləməsinə səbəb ola bilər./BBC