Nazarbayev Azərbaycan iqtidarına “dərs”verdi

Qazaxıstan prezidenti ölkəsinin gələcəyi naminə prezident səlahiyyətlərini baş nazir və spiker arasında bölüşdürdüyü bir ərəfədə, Azərbaycanda ailə hakimiyyətinin, “krallıq sistemi”nin qurulmasına start verilib
Bir neçə gün əvvəl Qazaxıstan parlamenti konstitusiyaya dəyişikliklər və əlavələrlə bağlı olan qanun layihəsini təsdiq etdi. Yeni dəyişikliyə əsasən, prezidentin səlahiyyətləri azaldıldı, bunun əksinə olaraq, baş nazir və parlament sədrinin səlahiyyətləri artırıldı.
Əlbəttə, Nursultan Nazarbayevin prezident kimi səlahiyyətlərini icra etdiyi bir dönəmdə həyata keçirilən bu dəyişiklik heç də təsadüf deyil. Şübhə yoxdur ki, bütün bunlar Nazarbayevin iradəsi ilə baş tutub.
O halda indiyədək çoxları tərəfindən avtoritar lider kimi tanınan Qazaxıstan prezidenti nə üçün könüllü olaraq səlahiyyətlərindən imitina edib?
İlk baxışdan belə görünə bilər ki, Nazarbayev prezidentlik dönəmi başa çatdıqdan sonra, hakimiyyəti bu və ya digər yollarla yenidən öz əlində saxlamaq üçün hansısa Azərbaycansayağı plan üzərində işləyir. Lakin əksər nüfuzlu ekspertlər bu fikirdədir ki, əslində Qazaxıstan prezidenti özündən sonrakı dönəmi qarant altına almaq istəyir. Hansı ki, yeni dönəmdə Nazarbayevin hakimiyyət idarəçiliyində təmsil olunmayacağı bəllidir. Bu baxımdan belə qəbul olunur ki, N.Nazarbayev ölkəsinin gələcəyini daha demokratik və Rusiyanın təsir dairəsindən kənarda görmək istəyir. Təsadüfi deyil ki, Nazarbayev öz hakimiyyəti illlərində Qazaxıstanı Kremlin təsirindən çıxarmaq üçün çox ciddi addımlar atıb və daha çox Türk dünyasının lideri statusunda çıxış edib.
Sözsüz ki, Qazaxıstanda baş verən proseslərin birbaşa və ya dolayısı ilə Azərbaycana da təsir imkanları mövcuddur. Ən azı ona görə ki, hər iki dövlət post-sovet ölkəsidir və hazırda istər Qazaxıstan, istər də Azərbaycan özünü SSRİ-nin varisi elan edən Putin Rusiyasının təsirindən yaxa qurtarmağa çalışır. Amma, yuxarıda qeyd etdiyimiz kimi, Nazarbayev son illər bu sahədə çox ciddi addımlar atsa da, Azərbaycanda hələ də “kommunizm küləyi” əsir. Hətta Azərbaycan hakimiyyəti yeri gələndə Moskvanın qəzəbindən qorxaraq dövlətimizin əleyhinə olan qərarlara belə, imza atır. Çünki bu hakimiyyətin rəhbərliyində təmsil olunan əksər məmurları milli maraqlarımız deyil, şəxsi maraqları daha çox düşündürür. Bu sistemdə əsas söz sahibi olan bircə nəfəri belə, ölkəmizin gələcəyi maraqlandırmır. Hər kəs ancaq öz ailəsinin, qohum-əqrəbasının gələcəyinin qayğısını çəkir.
Təsadüfi deyil ki, N.Nazarbayev Qazaxıstanın gələcəyi naminə prezident səlahiyyətlərini baş nazir və spiker arasında bölüşdürdüyü bir ərəfədə, Azərbaycanda ailə hakimiyyətinin, “krallıq sistemi”nin qurulmasına start verilib. Hansı ki, birinci xanım Mehriban Əliyevanın birinci vitse-prezident təyinatını buna misal göstərə bilərik. Əslində bu addım Azərbaycan Konstitusiyası və beynəlxalq hüququn zorlanması kimi tarixə düşsə də, dövlətimizin imicinə daha böyük zərbə oldu. Çünki heç Afrikanın “banan ölkələri”ndə belə, bu cür anormallığa rast gəlmək olmur.
Odur ki, Azərbaycanda sözün həqiqi mənasında dövlət maraqlarını şəxsi çıxarlarından öndə tutan siyasi liderə və ölkənin nüfuzu və gələcəyi üçün xidmət göstərəcək hakim komandaya ehtiyac var. Nə qədər ki, mövcud rejim iqtidar sahibidir, biz dövlət və millət olaraq bu cür absurd qərarlarla dünyada biabır olmağa davam edəcəyik.
Səbuhi İsmayılov