İNTERNET KƏSİLİR, AMMA PUL ÖDƏYİRSİNİZ... - Provayderlərə qarşı hansı addımları ata bilərsiniz?

İnternet xidmətində yaranan qəfil fasilələr abonentlərin gündəlik həyatına, iş prosesinə və biznes fəaliyyətinə ciddi təsir göstərə bilər. Xüsusilə fəaliyyətini onlayn platformalar üzərindən quran şəxslər üçün internet bağlantısının uzun müddət kəsilməsi maddi itkilərlə nəticələnə bilər. Belə hallarda provayderlərin xidmətin keyfiyyətinə və fasiləsizliyinə dair öhdəlikləri, eləcə də abonentlərin hüquqları gündəmə gəlir. İnternet xidmətində yaranan problemlərə görə provayderlərin məsuliyyət daşıyıb-daşımaması və istehlakçıların hansı hüquqi müdafiə imkanlarına malik olması maraq doğurur.
İnternet provayderi abonentə xəbərdarlıq etmədən xidməti dayandırdığı və ya uzunmüddətli fasilələrə yol verdiyi halda hansı məsuliyyəti daşıyır? İnternet bağlantısının kəsilməsi nəticəsində maddi zərərə məruz qalan abonent kompensasiya tələb edə bilərmi və bunun üçün hansı addımları atmalıdır?
Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, interrnet xidmətinin müqavilədə müəyyən edilmiş sürətdən və keyfiyyətdən aşağı olması, uzunmüddətli kəsilmələrin baş verməsi və s. hallar qüsurlu xidmət göstərilməsi və müqavilə şərtlərini pozulması hesab edilə bilər. Yəni provayderin günahı ucbatından internet xidməti uzun müddət dayanarsa, müqavilədə göstərilən minimal internet sürəti təmin edilmədikdə, xəbərdarlıqsız kəsintilər baş verdikdə ilk növbədə internet telekommunikasiya xidməti göstərən operator və ya provayderə müraciət edərək, test nəticələrini və digər sübutedici sənədləri təqdim etməyiniz tövsiyə olunur.

Onun sözlərinə görə, abonent istifadə edilməyən günlərin ödənişinin geri qaytarılması və ya növbəti ayın balansına əlavə edilməsi tələb edə bilər: “Məsələ həll olunmadığı halda, həmin sübutlarla tənzimləyici quruma müraciət etmək olar. Qeyd edək ki, bu sahədə tənzimləyici qurum İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir.
Bundan başqa, istehlakçı hüquqularının pozulması ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi üçün abonent Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsində istehlakçıların hüquqlarının pozulması dedikdə əhaliyə xidmət göstərən şəxslər tərəfindən xxidmətin ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması da başa düşülür. Bu əmələ görtə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.
R.Əliyev əlavə edib ki, internetin kəsilməsi və ya keyfiyyətsizliyi nəticəsində abonentə maddi zərər dəyibsə kompensasiya tələbi ilə mülki qaydada məhkəməyə də müraciət də edə bilər: “Bunun üçün zərərin dəyməsini və bu zərərin prvayderin günahı ucbatından baş verməsini təsdiq edən sübutları da məhkəməyə təqdim etməlidir. Ancaq internetin kəsilməsinin provayderin iradəsindən asılı olmayan səbəblərdən baş verməsi (qəza halları, təbii fəlakətlər (fors-major), qlobal magistral xətlərdə baş verən problemlər və ya əvvəlcədən rəsmi elan edilmiş planlı profilaktik işlər və s.) sübut olunarsa, bu zaman provayder məsuliyyətdən azad ola bilər”.
Oğuz Ayvaz








































