HEYDƏROVUN ADI KEÇƏN DƏLƏDUZLUQ - Xalq artistinin kürəkəninə qarşı 100 minlik ittiham

Bakı şəhər sakini Elşən Mahmudbəyli mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadəni dələduzluqda ittiham edir.
Musavat.com-a müraciət edən şikayətçi iddia edir ki, Qasımzadə digər iki nəfərlə birləşərək onun 55, dostunun isə 50 min dollarını dələduzluqla ələ keçirib. Onun sözlərinə görə, R. Qasımzadə indiyə kimi mənimsədiyi pulun 8 min dollarını geri qaytarıb:
“Mən uzun illər Rusiyada yaşayıb, orada çalışmışam. Azərbaycana 2024-cü ildə gəlmişəm. Bakıya qayıtdıqdan sonra dostum Mirəli Cəfərov bildirdi ki, onun tanışları qızıl alveri ilə məşğul olur və çox gəlirli sahədir. O, məni əmin etdi ki, bu tanışlar çox etibarlı adamlardılar və illərdir ki, onlarla çalışır. Mən dostumun çalışdığı adamlarla görüşdükdə məlum oldu ki, işi aparan şəxs Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadədir. Bu tanışlıq məni daha çox inandırdı. Çünki atam və əmim 1988-ci ildən mərhum Ramiz Əzizbəyli ilə dostluq edirdilər. Atam Rüfətlə görüşdü, işlə maraqlandı. O, atama hər şeyin şəffaf olacağına dair vədlər verdi, dedi ki, onun mərkəzi univermaqda və "Moskva" ticarət mərkəzində qızıl yerləri var. O, bu yolla bizi bu işə qoşulmağa şirnikləndirdi. Rüfət atama dedi ki, qızıl biznesinə başlamaq üçün 50 min dolların lazımdır. Hətta bu işdən qazandığı pulla 3 ev və bahalı maşın aldığını dedi. Beləliklə, biz Rüfətə çatdırmaq üçün onun tanış etdiyi Məmməd adlı şəxsə 45 min dollar verdik”.
Şikayətçi bildirir ki, R. Qasımzadə onları arxayın edib ki, bu məbləğə qızıl alıb və artıq satışına başlayıb: “O bunun müqabilində bizə hər ay 3 min manat xeyir verəcəyini dedi. Bunun üzərindən 3-4 ay keçəndən sonra ona niyə məni işə ortaq etmədiyini soruşdum. O dedi ki, səbirli olum və gözləyim, yaxın vaxtlarda yeni yer açacağımızı söylədi. Hər dəfə də Türkiyədən karqo ilə qızılları alması ilə bağlı video göstərirdi.
2024-cü ilin noyabr ayında o mənə 700 qram qızıl verdi və bildirdi ki, 10 min dollar da əlavə edim, ucuz qızıl var, onu almalıyıq. O, məndən və eyni zamanda dostum Mirəlidən, həmçinin digər şəriklərdən də pul aldı və dedi ki, məhsulu almaq üçün 90 min dollar toplanmalıdır. Rüfət bizi əmin edirdi ki, bu pulları tam şəkildə xeyri ilə birlikdə dekabr ayında geri qaytaracaq. Mən isə verdiyim pulun mayasının yarısının heç olmasa qaytarmasını tələb edirdim. O, hər dəfə “qaytaracağam” deyib məni yola verirdi.
Fevral ayında isə Rüfət bəhanə etdi ki, guya İstanbul gömrüyündə 5 kiloqram qızılı ilişib qalıb, onunla məşğuldur. Hətta bildirdi ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əlaqəsi var, o söz verib, bu işdə ona kömək edəcək. Biz araşdırdıq və məlum oldu ki, onun İstanbul gömrüyündə heç bir qızılı saxlanılmayıb. Məsələnin dərinliyinə gedəndə məlum oldu ki, Rüfət şəriklərinə də pul atıbmış. Ramiz Əzizbəylinin qızları ilə görüşüb, məsələni onlara danışdıq. Onlar bizə dedi ki, əlaqələri genişdir, ona görə də hara istəyiriksə, şikayət edək. Beləliklə, Ramiz Əzizbəylinin qızları məni və şərikləri şərləməklə hədələdilər”.
E. Mahmudbəyli deyir ki, Rüfət Qasımzadəyə verdiyi pulun yalnız 8 min dollarını geri alıb. Hazırda məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Musavat.com Rüfət Qasımzadə ilə əlaqə saxlamağa çalışsa da onun nömrəsinə zəng çatmayıb. Qarşı tərəf olaraq, onun mövqeyini dərc etməyə hazırıq.








































