“NEMETSKİ” SABİQLƏR... - Keçmiş nazirlər “sadə azərbaycanlı” rolunda / FOTO

Baxış sayı:
130

Xalq yazıçısı Çingiz Abdullayevin “köhnə dostlar” - sabiq nazirlər Əbülfəs Qarayev, Elmar Məmmədyarov və digər tanınmış şəxslərlə birgə məclisdən paylaşımı sosial mediada maraqla qarşılanıb. Lakin bundan da çox maraq doğuran sabiq XİN başçısı Elmar Məmmədyarovun “Dost məclislərində hesab necə ödənir” sualına cavabı olub.

Sabiq nazir belə deyib: Xüsusi günlər olmayanda görüşdükdə “nemetskiy şot” olur. Yəni tamaşaya və ya çay içməyə gedən zaman pulu birlikdə toplayır, elə ödəyirik”.

Yəni, sıravi, sadə azərbaycanlıların tez-tez istifadə etdiyi məlüm hesablaşma üsulu - bildiyiniz “nemetski şot”!

Belə çıxır ki, Əbülfəs Qarayev və Elmar Məmmədyarov da bizlərdən biridir. Elədirsə, bu “sadə azərbaycanlılar”ın mətbuatda dərc edilən əmlaklarının, şirkətlərinin siyahısına, onların bir zaman başçılıq etdikləri nazirliklərdəki qanunsuzluqların miqyasına baxaq.

Əbülfəs Qarayevin təkcə mediada dərc edilən əmlak və bizneslərinin siyahısına baxanda adamın gözü qaralır. Bunlar Azərbaycan, Rusiya, Litva, Panama, Türkiyə, Malta kimi qitələri aşan coğrafiyanı əhatə edir:

-Xorvatiyada "Amfiteatr" hoteli;

-Monteneqroda "L.K.Montenegro” şirkəti(Bu şirkət vasitəsilə Qarayevlər Monteneqroda daşınmaz əmlak sahibi olublar);

- “Triat Exire" UAB (LTD) – Litva;

- "KL Bodrum Emlak Ticaret ve Sanayi Limited" - Türkiyə;

- “SQ-FUTURE” MMC - Azərbaycan;

- TM GROUP - Azərbaycan;

- QALS MMC (ГАЛС ООО) – Rusiya;

- “GALS GALLERY” MMC - Azərbaycan;

- “GALS BEAUTY AND SPA” - Azərbaycan;

- RİMBA S.A. - Panama (ləğv edilib);

- GREEN FARMS AZERBAİJAN MMC - Azərbaycan;

- GREEN FARMS INTERNATIONAL LTD -Malta;

- A&S LIMITED – Malta;

- ADİNOTEC LTD – Malta;

- “COLAB” Biznes mərkəzləri - Azərbaycan;

- Bodrumda hotel;

- “Nazilrum” gözəllik salonları - Azərbaycan;

- Biləsuvarda 5000 ha torpaq sahəsi” və sair və ilaxır.

2020-ci ildə Prezident tərəfindən vəzifəsindən uzaqlaşdırılan Qarayevin dövründəki Mədəniyyət Nazirliyində keçirilən istintaq tədbirləri zamanı dövlət büdcəsinə milyonlarla ziyan vurulduğu faktlarla sübut olundu. Qarayevin müavini də daxil olmaqla nazirliyin xeyli yüksək vəzifəli məmuru həbs edildi. Qarayev özü isə günahı da həbs edilmiş əməkdaşlarının üstünə atdı…

Elmar Məmmədyarov da dostu Qarayevdən geri qalmayıb. Onun rəhbərlik etdiyi nazirlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və digər vəzifəli şəxslər külli miqdarda rüşvət alma və mənimsəmə ittihamı ilə həbs edildilər. Amma E.Məmmədyarov da Qarayev kimi məsuliyyətindən kənarda qalmağı bacardı.

Məmmədyarovun təkcə ABŞ-də oğlunun adına alınan evin qiyməti bir neçə il əvvəl 4.5 milyon dollar idi və bu, təbii ki, onun varidatının yalnız mediaya məlum olan hissəsidir…

İndi bu adamlar durub “nemetski şot” barədə danışanda, sıravi azərbaycanlının buna şübhə ilə yanaşması təbiidir. Çünki süni alınır və kənardan ya xəsislik, ya da qeyri-səmimilik kimi görünür. Ona görə ki, bu sabiqlərin keçmişinə baxanda, qətiyyən maaşla dolanıb “nemetski şot”la hesab ödəməyə adət etmiş sadə azərbaycanlıya oxşamırlar…

Cəlal Məmmədli