Bakı Slavyan Universitetində müəllimlərin maaşı iki dəfə artırılır

Baxış sayı:
238

Bakı Slavyan Universitetində (BSU) fevralın 1-dən etibarən müəllimlərin əmək haqlarının hesablanmasında yeni sistemə keçid edilir.

Belə ki, Universitetdə tətbiq olunacaq differensial maaş sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək. Üç mərhələdən ibarət olacaq prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndirmənin əsas meyarları kimi götürüləcək.

Yeni sistemin ən diqqətçəkən tərəfi maaş artımının dərəcəsidir. Belə ki, reytinq siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları iki dəfə artırılacaq. Siyahıda 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40 faiz, 61-100-cü yerlərdəkilər üçün isə 20 faiz artım nəzərdə tutulur. Bu prosesdə iştirak könüllü olsa da, tələbələrin müəllimləri qiymətləndirməsi də yekun nəticəyə təsir edən daimi amillərdən biri olacaq. Universitet rəhbərliyi bildirib ki, bu addım həm təhsilin keyfiyyətini yüksəltmək, həm də müəllimlər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır./hurriyyet.org