“TÜRKİYƏ AZƏRBAYCANDA HƏRBİ BAZA AÇMALIDIR” – Saakaşvili həyəcan təbili çalır

Baxış sayı:
579

Həbsdə olan sabiq Gürcüstan Prezidenti Mixail Saakaşvili Rusiya ilə bağlı yeni sensasiyalı iddia irəli sürüb. O, özünün sosial şəbəkədə yaydığı bəyanatında Ukrayna Hərbi Kəşfiyyatına (GUR) istinadla bildirib ki, Rusiya Ermənistandakı Gümrü bazasına yeni hərbi qüvvələr yerləşdirir.

Saakaşviliyə görə, bu, təkcə bölgədəki hərbi manevr deyil. O hesab edir ki, Rusiya Azərbaycanla münasibətlərdə gərginliyi bilərəkdən süni şəkildə artırır və bununla Ermənistanın hazırkı hökumətini devirmək niyyətindədir. Onun fikrincə, Kreml Paşinyan hakimiyyətini devirib, yerinə öz adamlarını gətirmək, daha sonra isə Ermənistan vasitəsilə Azərbaycana qarşı hücuma keçmək istəyir.

"Kreml İrəvanda Rusiya tərəfindən qurulmuş yeni hökumət vasitəsilə Azərbaycana qarşı hücum planlaşdırır və bu prosesdə Rusiyanın birbaşa iştirakı nəzərdə tutulur,” – Saakaşvili vurğulayıb.

Eks-prezident daha irəli gedərək iddia edir ki, Rusiya həm Ermənistana, həm də Azərbaycana rahat müdaxilə imkanı əldə etmək üçün Gürcüstanı tam işğal etməyi planlaşdırır. Onun fikrincə, bu plan Gürcüstandakı oliqarxik İvanişvili rejiminin tam razılığı ilə həyata keçiriləcək. "Rusiya Gürcüstanda İvanişvili diktaturasının razılığı ilə hərbi nəzarət qurmaq və bu ölkəni birdəfəlik öz təsiri altına almaq istəyir,” – deyə o bildirib.

Mixail Saakaşvili Rusiyanın bu addımlarının strateji məqsədlərini belə izah edir:

Azərbaycan və Ermənistan arasında sülh prosesini pozmaq;

Türkiyənin Cənubi Qafqazdakı mövqeyini zəiflətmək;

Suriyada uduzduğu mövqelərə görə revanş almaq;

Gürcüstanı bir daha Rusiyanın tabeliyinə keçirmək.

Təklif olunan cavab addımları: Sülh, baza və etiraz hərəkatı. Saakaşvili bu təhlükənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə və region ölkələrinə konkret çağırışlar da edir. O bildirir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi dərhal imzalanmalıdır. Eyni zamanda o, Türkiyənin Azərbaycanda hərbi baza açmasını zəruri sayır.

Bundan əlavə, Saakaşvili Gürcüstanda İvanişvili rejiminə qarşı xalq etiraz hərəkatına dəstəyin vacibliyini vurğulayır:

“Ən yaxşı cavab budur: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini sürətləndirmək, Azərbaycanda Türkiyə hərbi bazasının açılmasını təmin etmək və Gürcüstanda İvanişvili rejimini devirmək üçün xalq hərəkatına dəstək vermək".

Rasim Əliyev