“Şah İsmayıl Xətai ili”nin elan olunması TƏKLİF EDİLİR

Partiya əsrlər öncə türk dövlətləri arasında olan çəkişmələri yenidən gündəmə gətirməyin tərəfdarı olmadığını bildirib
ADP İdarə Heyətinin ölkə və beynəlxalaq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları Rusiyanın xarici işlər naziri S.Lavrovun keçən həftə Ermənistana səfəri zamanı, adı çəkilən ölkənin media mənsubları qarşısında, Azərbaycanın işğal olunmuş ərazilərinin rus silahı ilə əldə edilməsi barədə səsləndirdiyi bəyanata münasibət bildirib.
Partiya yetkililəri rus dövlət rəsmisinin bu çıxışını Rusiyanın etimadını itirmiş Paşinyan hakimiyyətinin yenidən öz dövlətinin təsir dairəsinə salmaq məqsədi daşıdığını qeyd etməklə, ərazilərimizin məhz rus silahının dağıdıcı gücü ilə işğal edilməsinin açıq etirafı kimi dəyərləndirib. İdarə Heyəti işğalçılığın bu cür açıq etirafının Ruiyanın baş diplomatı tərəfindən dilə gətirilməsinin nə beynəlxalq hüquq qaydalarına, nə də Rusiya ilə Azərbaycan arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında əldə edilmiş razılaşmalara uyğun gəlmədiyini diqqətə çatdırıb və torpaqlarımızın 30 il işğalda qalması faktında bu ölkənin siyasi məsuliyyət daşıdığını, xalqımıza dəyən maddi və mənəvi ziyanların kompensasiya edilməsində Ermənistanla yanaşı Rusiyanın da payının olduğunu bəyan edib.
İdarə Heyəti Türk Dövlətlər Təşkilatının Budapeştdə keçirilən qeyri-rəsmi görüşünün nəticələrinə münasibət bidirib. Bu görüşün təkcə türk dövlətləri üçün deyil, onların da qatıldığı böyük bir coğrafi məkanı əhatə edən dövlətlər üçün də faydalı olacağına əminliyini ifadə edib. Partiya yetkililəri bu sammitdə qəbul edilən qərarların Qərbi Avropadan tutmuş Şərqi və Cənubi Asiyaya qədər bütün dövlətlərin maneəsiz olaraq iqtisadi, ticari əlaqələrinin qurulmasında, transport, kommunikasiya, logistika işlərinin sürətlənməsində, Orta Dəhliz və Transxəzər marşurutları boyunca müasir infrastrukturların inkişafı vasitəsi ilə regioanal inteqrasiyanın genişlənməsində önəmli əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Ölkəmizin bu platformada xüsusi çəkisinin olmasına diqqət çəkən partiya rəsmiləri dövlət başçısının sammit zamanı Türk Dövlətlər Təşkilatının beynəlxalq platformaya çevrilməsi, bu birliyin istismara, ideoloji ekspansiyalara, irqi ayrı-seçkiliyə söykənən digər beynəxalq birliklərdən fərqli olaraq yalnız dinc xarakter daşımasına, xətt boyunca yerləşən ölkələrin iqtisadi, ticari dirçəlişinə, Qərbdən Asiyaya elmi texnoloji nailiyyətlərin, Avrasiya məkanından maddi resursların Qərbə axınının maneəsiz daşınmasına xidmət edəcəyi barədə səsləndirdiyi fikirləri təqdir edib və bu görüşün bu il Azərbaycanda keçiriləcək rəsmi sammiti üçün gözəl vəsilə olacağını bildirib.
İdarə Heyəti Ukrayna xarici işlər nazirinin Azərbaycana səfərinin yekunları ətrafında müzakirələr aparıb və ölkələrimiz arasında uzun illərdir davam edən dostluq əlaqələrinin yeni mərhələyə daxil olması baxımından bu görüşün əhəmiyyətini qeyd edib. Görüş zamanı Azərbaycan tərəfindən Ukraynanın suverenliyi və ərazi bütövlüyünün hər zaman olduğu kimi tanınması barədə verilən rəsmi bəyanatların, Rusiya tərəfindən hərbi təcavüzə, işğala məruz qalan Ukrayna üçün ən böyük dəstək olduğu bildirilib.
İdarə Heyəti son vaxtlar rus dövlət rəsmilərinin SSRİ-nin bərpa edilməsi ilə bağlı səsləndirdiyi bəyanatları qətiyyətlə pisləyib və bu cür bəyanatların yeni dünya nizamına uyğun olmadığını, vaxtı ilə zor əsasında biləşdirilən ölkələrin sonradan beynəlxalq razılaşmalarla ayrılaraq müstəqillik əldə etməsi və BMT tərəfindən onların müstəqilliyinin tanınmasından sonra yenidən zorən SSRİ halında birləşdirilməsi cəhdinin işğal və ilhaq mahiyyəti daşıdığını bildirib və dünya dövlətlərini Putin Rusiyasının imperialist iddialarının gerçəkləşməsi istiqamətində atdığı addımların qarşısını almaq üçün vahid cəbhədən çıxış etməyə çağırıb.
İdarə Heyəti son vaxtlar türk dövlət qurucularının ayrı-ayrı tarixi şəxsiyyətlərinin, xüsusi ilə Azərbaycan Səfəvi dövlətinin başında duran, türk dilini saray dili və ardınca böyük bir xalqın danışdığı rəsmi dil elan edən, türk dilində gözəl ədəbiyyat nümunələri ortaya qoyan, şücaət və qəhrəmanlığı ilə türk xaqanlarına layiq yer tutan Şah İsmayıl Xətaiyə qarşı başladılan qarayaxmalardan, onun və digər tarixi şəxsiyyətlərimizin inkarına durmaq faktından narahatçılığını ifadə edib və bu cür təftişlərin türk dünyasının parçalanmasında maraqlı olan xarici qüvvələrin əlinə işləməsini diqqətə çatdırıb.
Partiya rəsmiləri türk dünyasının genişləndiyi, Turana gedən yolun aydınlaşdığı, Türk Dövlətlər Təşkilatının beynəlxalq platformaya çevrildiyi bir zamanda əsrlər öncə türk dövlətləri arasında olan çəkişmələri yenidən gündəmə gətirməyin tərəfdarı olmadığını bildirib və hakimiyyəti türk dünyası qarşısında göstərdiyi xidmətlərə, türk dilini dövlət səviyyəsinə qaldırdığına, türk imperiyalarından birinin damğasını vurduğuna görə bu ili Azərbaycanda “Şah İsmayıl Xətai ili” elan edilməsi üçün müvafiq qərar qəbul etməyə çağırıb.
İdarə Heyəti ölkə başçısı İlham Əliyevin 200 nəfər məhbusun azadlığa buraxılması ilə bağlı imzaladığı əfv fərmanını da müzakirə edib. Müzakirələr zamanı bu addımın humanist bir hadisə olduğuna diqqət çəkən müzakirə iştirakçıları, əfv olunanlar sırasında siyasi məhbusların adlarının olmamasından da təssüf hissi keçirdiklərini qeyd ediblər.
Muxalifet.az