ÇİN VƏ AZƏRBAYCAN ARASINDA VİZA REJİMİ LƏĞV OLUNDU - Bu iki ölkə vətəndaşlarına nə verəcək?

Məlum olduğu kimi, Azərbaycanla Çin arasında viza rejimi rəsmi şəkildə ləğv olunub. Viza rejiminin ləğvinə dair mühüm sənəd dünən Pekində Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Prezidenti Si Cinpin arasında imzalanıb. Bu sazişin qüvvəyə minməsi ilə hər iki ölkənin vətəndaşları turist və qısamüddətli səfərlər üçün artıq viza almaq məcburiyyətində qalmayacaqlar.
Qeyd edək ki, Çin ilə Azərbaycan arasında viza rejiminin ləğvi fonunda iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir. Bu əməkdaşlığın təməlində isə Çinin dünya iqtisadiyyatındakı güclü mövqeyi və Azərbaycanla artan ticarət əlaqələri dayanır.
Məlumat üçün bildirək ki, Çin ABŞ-dən sonra dünya iqtisadiyyatının aparıcı ikinci ölkəsi hesab olunur. 2024-cü ilin sonuna olan rəsmi göstəricilərə əsasən, Çinin ÜDM-si 18,6 trilyon ABŞ dolları, xarici ticarət dövriyyəsi 6 trilyon ABŞ dolları, xarici birbaşa sərmayə yatırımı 190 milyard ABŞ dolları olub.
Azərbaycanla Çin arasında son dönəmlər ticarət əlaqələrinin artdığı müşahidə olunur. Azərbaycan Dövlət Gömrük Komitəsinin 2023-cü il hesabatına əsasən, iki ölkə arasında ümumi ticarət dövriyyəsi 2,15 milyard ABŞ dolları olub. Bu dövrdə idxal 1,81 milyard ABŞ dolları, ixrac isə 340 milyon ABŞ dolları olub. Azərbaycandan Çinə ixrac olunan əsas məhsullar - neft və neft məhsulları, polietilen və kimyəvi məhsullar, kənd təsərrüfatı məhsullarıdır. Çindən idxal olunan əsas məhsullar isə elektronika və məişət texnikası, tikinti materialları və maşın avadanlıqları, tekstil məhsulları və geyimlərdir.
Birgə layihələr və sərmayələrdə də Çinin Azərbaycan iqtisadiyyatında müəyyən yeri var. Məsələn, 2022-ci ildə Çin şirkətləri Azərbaycana 320 milyon dollar dəyərində sərmayə yatırıblar. Sumqayıt Kimya Sənaye Parkında Çin mənşəli 4 şirkət fəaliyyət göstərir. “Bakı-Tbilisi-Qars” dəmir yolunun yükdaşımalarında Çin tranzit yük daşımalarının payı 15%-ə çatıb.
Rəqəmlər göstərir ki, Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilməkdədir. Viza rejiminin ləğvi ilə iş adamları və investorlar üçün imkanlar daha da genişlənəcək, bu isə Azərbaycan iqtisadiyyatına təkan verəcək. Eyni zamanda, Çin bazarına çıxış Azərbaycanın qeyri-neft ixracını artırmaq üçün böyük bir fürsət ola bilər.

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “AzPolitika”-ya şərhində bildirib ki, Çin böyük turzim bazarı olduğundan viza rejiminin ləğvi çox müsbət bir hal kimi qiymətləndirilə bilər: “Çin sürətlə zənginləşir. ABŞ hər nə qədər onu sıxışdırsa da, Çinin inkişafının qarşısını ala bilmir. Çin dünyanın ən böyük ikinci iqtisadiyyatına sahibdir. Çinin azərbaycanlılar üçün cəlbedici bir ölkə olduğunu deyə bilərik. Düşünürəm ki, Çini görmək, buradakı sərgilərə qatılmaq, sənayesini, biznesini öyrənmək bizim üçün maraqlıdır. Həmçinin Çin turistlərinin Azərbaycana gəlməsi turizmə çox müsbət təsir edə bilər. Çin turislərinin cuzi bir hissəsini ölkəyə cəlb edə bilsək, turizm xeyli canlanar”.
Ekspert hesab edir ki, ölkəyə giriş-çıxış liberallaşmalı və rahat şəkildə icra olunmalıdır: “Bu gün Azərbaycan dünya pasport indeksi gücünə görə geridədir. Bu indeks həmin ölkənin pasportu ilə vizasız neçə ölkəyə gediş-gəliş imkanları əsasında ortaya çıxır. Bu gün Azərbaycan quru sərhədlərini bağlı saxlayır, ölkəyə giriş məhdudlaşdırılır. Açığı, bunun hansı səbəbdən edildiyi məlum deyil. Təhlükəsizliklə bağlı belə bir addımın atıldığı deyilir. Ancaq hava nəqliyyatı ilə gediş-gəliş sərbəstdir. Təhlükənin yalnız gömrükdən keçməsi də absurddur . Azərbaycan nə Venesiya, nə İspaniya, nə də Fransadır ki, insanlar hansı yolla olur olsun, bura gəlməyə can atsınlar. Biz elə etməliyik ki, çinli turistlərin ölkəyə gəliş-gedişi rahat və sərbəst olsun”.
X. Kərimli qeyd edir ki, vizaların təkcə Çinlə yox, digər ölkələrlə də qarşılıqlı ləğvinə böyük ehtiyac var: “Azərbaycan öz qeyri-neft sektorunda turizmin inkişafını prioritet hesab edir. Düzdür, belə deyilir, amma bunun reallıqda necə olması ilə bağlı mənim şübhələrim var. Azərbaycan turizm ölkəsi olmaq istəyir, lakin ölkəyə girişi məhdudlaşdırır. Həmçinin bu gün bir çox ölkə ilə viza tələbi olduğu kimi qalır. Hava sərhəddi açıq olsa da, giriş mürəkkəbdir. Çünki birbaşa uçuşlar məhdud səviyyədədir. Unutmamalıyıq ki, turizm azadlığı, əyləncə imkanlarını və həmin ölkəyə giriş-çıxış rahatlığını sevir”.
E. Bəyməmmədli