“Rus Evi”-nin əsl sifəti ifşa olundu - Ukraynaya qarşı döyüşmək üçün muzdlular toplayırlar

Baxış sayı:
300

Məlum olduğu kimi, Bakıdakı “Rus Evi” haqlı olaraq hökumət tərəfindən bağlanandan sonra Rusiya rəhbərliyi müxtəlif səviyyələrdə onun işinin bərpasına çalışıb və hazırda da çalışmaqdadır. Lakin Kremlin agent şəbəkəsinə, Rusiyanın siyasi təsirinə və bir çox digər qaranlıq işlərə xidmət edən bu təşkilatın Bakıda bərpa edilməsinə hələlik Kreml nail ola bilməyib.

“Rossotrudniçestvo”-nun qurumu olan “Rus Evi”-nin gerçək sifəti, nə ilə məşğul olduğu Qırğızıstanda da ifşa olunub. Belə ki, Qırğızıstanın Oş şəhərindəki “Rus Evi”nin əməkdaşı Nataliya Sekerina Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün muzdlu əsgərlər toplamaqda şübhəli bilinərək həbs edilib. Rusiya mətbuatı xəbər verir ki, onun barəsində iyunun 17-dək həbs qətimkan tədbiri seçilib. Sekerinanı muzdluların toplanması, maliyyələşdirilməsi və təmin edilməsi maddəsi ilə (Qırğızıstan Cinayət Məcəlləsinin 416-cı maddəsinin 1-ci hissəsi) 7 ildən 15 ilədək həbs cəzası gözləyir.

Sekerina ilə yanaşı, Oş meriyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha 4 nəfər saxlanılıb.

Bişkekin Pervomayski Rayon Məhkəməsinin mətbuat xidməti press-relizlərdə iş üzrə saxlanılan müttəhimlərin adlarının baş hərflərini göstərib. Bundan başqa, cinayət işinin Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTK) tərəfindən də başlandığı məlum olub.

Həbs edilən ikinci şəxs Oş meriyasının mətbuat xidmətinin əməkdaşı Sergey Lapuşkindir. O, Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsi və 416-cı maddəsinin 1-ci hissəsi (“Başqa dövlətlərin silahlı münaqişələrində istifadə məqsədi ilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, hazırlanmasının təşkili”) ilə ittiham olunur.

Sekerinanın “facebook” səhifəsində Lapuşkinin iştirak etdiyi Oşdakı “Rus Evi”ndə keçirilən tədbirlərdən materiallar və videolar yerləşdirilib.

Bu iş üzrə Sekerina və Lapuşkindən başqa daha iki nəfər saxlanılıb. Onların kimliyi hələlik məlum deyil.

Qırğızıstanda bir neçə vətəndaş əvvəllər Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etdiyinə görə məhkum edilib./azpolitika