24 ilin tibb işçisi qanunsuz yerə işdən çıxarıldığını İDDİA EDİR - Astara xəstaxansının baş həkimindən şikayət

Baxış sayı:
976

Astara rayonu, Şahağac kənd sakini İsmayılova Firavan Sərdar qızı tərəfindən redaksiyamıza şikayət daxil olub. Şikayətçi bildirir ki, Astara Mərkəzi Xəstəxanasının baş həkimi Oktay Əmənullayev onu qanunsuz olaraq işdən çıxarıb:

“Mən, İsmayılova Firavan Sərdar qızı, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hər kəsə bəllidir ki, işsizlik bir çox insanı təngə gətirib. Artıq mən də yorulmuşam. 24 il tibb işçisi olmuşam. İşlədiyim dönəmdə heç bir qanun puzuntusuna yol verməmişəm. Əhalinin, eləcə də kollektivin hörmətini qazanmışam.

Məzuniyyətdə olduğum vaxtda Astara rayon Mərkəzi Xəstəxanasının baş həkimi, direktoru Oktay Əmənullayev çağırıb dedi ki, gəl ərizəni yaz, işdən çıx. Səbəbini soruşduqda isə, bildirdi ki, “dövlət sənin diplomunu və məktəbini tanımır”. Bildirdim ki, həkim, 24 ildir bu sahədəyəm, heç bir səhvim, qeyri-peşəkarlığım olmayıb. Niyə belə edirsiz? “Covid 19” dönəmində sizin əmrinizlə evdə polis nəzarəti altında müalicə alan xəstələrin mənzillərinə gedərək, ailəmi, özümü təhlükəyə ataraq onlara yardım göstərmişəm. O zaman niyə mənə demirdiz ki, sənin diplomunu dövlət tanımır?!

Baş həkimə ailə vəziyyətimi də danışdım ki, bəlkə məni işdən çıxarmaz…

4 bacı-qardaşım var, onlar da xəstədilər. Övladları xəstədir, onlara da mən baxıram. Atam ağır ürək xəstəsidir, anam isə şəkər xəstəsidir. Bu dediklərimin heç birinə məhəl qoymadı.

Oktay Əmənullayev dedi ki, “cəfəngiyyat danışma, sənin ailən məni maraqlandırmır”.

Mən 1 ilin, 5 ilin işçisi deyiləm, 24 illik stajım var. Bu, mənə qarşı haqsızlıqdır.

Qeyd edim ki, atam birinci Qarabağ müharibəsinin iştirakçisidir. Müharibə vaxtı idarə etdiyi yük maçını ilə hərbçilərə ərzaq daşıyaraq, dəfələrlə özünü odun, alovun içinə atmışdır. Müharibədən ona gözlə görünməyən, amma ağrı-acısını daxilində gəzdirən bir xəstəlik “hədiyyə” qalıb. Mən də bir övlad kimi borcluyam ki, ömrümün axırına kimi onların qayğısına qalım.

Oktay Əmənullayevin arxasında hansı qüvvə durursa, heç bir qurum ona sözünü keçirə bilmir. Məni haqsız yerə işdən çıxardandan sonra Əmək Müfəttişliyinə şikayət etdim. Onlar da dedilər ki, “səni haqsız yerə işdən çıxarıblar, işinə bərpa olunmağın üçün göndəriş verəcəyik”. Lakin baş həkim bu qərardan narazı olub, Əmək Müfəttişliyini mənim işimdən ötrü 2 dəfə məhkəməyə verib. Lakin Əmək Müfəttişliyi məhkəməni uddu və qərar qüvvədə qaldı.

Buna baxmayaraq, 12 dekabr 2023-cü ildə Ulu öndər Heydər Əliyevin anım günü Əmək Məcəlləsinin “70 C” bəndi ilə məni işdən çıxardı. Bu günə kimi də etdiyi haqsızlığı boynuna almayıb, məni işimə bərpa etmir.

Kənddən qırağa çıxa bilmirəm ki, atam, anam baxımsız qalar. Səlahiyyətli qurumlardan xahiş edirəm, bu kimi özbaşınalıqların yayılmasına yol verməyin, işimə geri qayıtmağım üçün mənə kömək göstərin”.

Məsələ ilə bağlı Astara rayon xəstəxanasının baş həkimi Oktay Əmənullayevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.