“Kanal 13”ün rəhbəri qanunsuz tikinti ittihamlarını rədd edib

Baxış sayı:
637

Yanvarın 8-də Səbail Rayon Məhkəməsində “Kanal 13” televiziyasının rəhbəri Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İclas zamanı Orucovun vəkilləri onun barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət qaldırıblar. Lakin vəsatət təmin edilməyib.

Sonra prokuror ittiham aktını elan edib. Orucov özünü təqsirli bilməyib. Növbəti məhkəmə ilcası yanvarın 24-də olacaq.

Xatırladaq ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə özbaşına tikinti ittihamı ilə saxlanılıb. Sonradan onu Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədildikdə) maddəsilə ittiham olunub.

Lakin ibtidai istintaqın nəticələrinə əsasən qaçaqmalçılıq ittihamı ləğv edilib.

İş məhkəməyə Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi üzrə verilib. Bu ittihamla onu üç ilə qədər məhdudiyyət və ya azadlıqdan məhrum olunma cəzası gözləyir.

Əziz Orucov ittihamları rədd edir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.