EVİ UÇAN XƏTAİ SAKİNİ İCRA HAKİMİYYƏTİNDƏN ŞİKAYƏTÇİDİR – “Mən bu evi alanda bilmirdim ki, 8 metr altından kanalizasiya boruları keçir...”

Baxış sayı:
3901

Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov 11 ünvanında yaşayan Məmmədov Məzun Hümbət oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi evinin ucduğunu və çarəsiz vəziyyətdə olduğunu bildirir. Deyir ki, heç bir qurum onun problemi ilə qəti şəkildə maraqlanmır:
“Məlumat üçün bildirim ki, 2006-cı ilin noyabr ayında Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov 11 ünvanında olan evi almışam. Hər bir sənədim də qaydasında olub.
2024-cü il oktyabr ayının 13-nə qədər bu evdə ailəmlə birgə yaşamışıq. 12-dən 13-nə keçən gecə həyətimdə çökmə baş verdi. Nəticədə evin bir hissəsi ucdu və qəzalı vəziyyət yarandı.
Artıq günlərdir ailə-uşaqla çöllərdə qalmışıq. Burada çoxlu çəkilişlər olub, ancaq efirə elə çıxardıblar ki, baxıb xəcalət çəkirəm. Kaş, heç bu kanallara müsahibə verməzdim.
Heç bir dövlət qurumu hadisə ilə maraqlanmır. Fikirləşmirlər ki,  bəlkə bu ailənin nəyəsə ehtiyacı var. Əlbəttə, söhbət maddiyyatdan getmir. Bu ev mənim və yaxud ailəmin səhvi ucbatından qəzalı vəziyyətə düşməyib. Amma mənə elə davranırlar ki, sanki, bu, mənim günahımdır. Hara müraciət edirəm, kobud cavab verirlər.
Havanın soyuq vaxtında evsiz qalmışıq. Bir ailənin həyatı təhlükəlidir, amma bu, səlahiyyətli qurumların heç vecinə də deyil. Hər bir problemin həll edilməsi ilə bağlı Prezidentə müraciət etməliyik?! Mən uşaq deyiləm ki, hansısa bir qurum kobud cavab versin.
Bu işlə təkcə “Azərsu”nun əməkdaşları məşğuldurlar. Rayon İcra Hakimiyyəti qəti bu hadisə ilə maraqlanmır. Dəfələrlə zəng vurmuşam, Etibar adlı 1-ci müavin mənimlə çox kobud danışdı. Bilmirəm nə edim, başımı itirmişəm. Mən bu evi alanda bilmirdim ki, evin 8 metr altından kanalizasiya boruları keçir. İndi qəza olub deyə ucqun yarandığını deyirlər. Məndən qabaq bu torpağı niyə satıblar, kimlər satıb, mənim xəbərim olmayıb. Amma səlahiyyətli qurumlar çalışırlar ki, bütün xərci mən çəkim. Evin divarları da artıq tökülür.
Xahiş edirəm bu problemi işıqlandırın, bəlkə yatanlar oyana”.
Jalə FAMİLQIZI