KOLLEC DİREKTORU HAQQINDA ŞOK İDDİALAR - Şahib Əliyevin qanunsuz yollarla yığdığı "topdağıtmaz" sərvət / VİDEO

Baxış sayı:
24358

Göyçay rayonu, Qaramən kənd sakini Mustafayev Rəvan Aydın oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Bildirmək istəyirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq tuğyan edir. Baxmayaraq ki, adı "təhsil ocağı"dır, həqiqətdə isə bura "korrupsiya yuvası"dır.

Hazırda direktor səlahiyyətlərini Şahin Əliyev icra edir. O, 40 ilə yaxındır ki, burada müxtəlif yüksək vəzifələrdə çalışıb. Şahin Əliyev bu illər ərzində öz kürsüsünü kifayət qədər möhkəmləndirmişdir.

Şahin Əliyev rüşvətxorluqla milyonlar əldə edib. Göyçay rayonunun müxtəlif yerlərində böyük malikanələri, bahalı avtomobilləri var. Hansı ki, gündəlik gözdən pərdə asmaq üçün işə "Tofas-Şahin" markalı avtomobillə gəlib-gedir.

Bundan əlavə, Bakı şəhərində və ölkəmizin digər regionlarında evləri, mülkləri var. Bir neçə bahalı aqrotexnikalar (traktor, kombayn) alıb, icarəyə verib.

Əslində, onun varidatının siyahısı daha genişdir. Şübhəsiz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində direktor müavini işləyən şəxsin aylıq maaşla bir belə var-dövlət əldə etməsi mümkünsüzdür. Şahin Əliyev öz yaxın və uzaq qohum-əqrəbalarını kollecdə işlə təmin edib. Kollecin qarajında istismar müddəti başa çatmış avtomobil və texnikalar mövcuddur. Onlar qeyri-işlək vəziyyətdə olsa da, aylıq yanacaq pulu yazılır və həmin vəsait Şahin Əliyevlə aidiyyəti işçilər arasında bölüşdürülür.

Burada təxminən 1200-1300 tələbə sayı var, onları əksəriyyəti qiyabi oxuyur və ya maddiyyat qarşılığında aylığa buraxılıblar. Bütün smestirlərdə tələbələr rüşvət verərək imtahandan yüksək nəticə əldə edirlər. Bəzi müəllimlərlə daxildə baş verən anlaşılmazlıq səbəbilə bu semestr Şahin Əliyev şəxsən özünə müraciət edən tələbələrə köməklik göstərir, haqqı deyən müəllimlərin xahiş etdiyi tələbələr isə imtahandan kəsilmiş hesab edilir.

Hazırda Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində Şahin Əliyevə qarşı böyük narazılıq yaranıb. Özünü "süddən çıxmış ağ qaşıq" kimi göstərməyə çalışan Şahin Əliyev məgər yaxın keçmişini nə tez unutdu?! Sanki tələbələrdən rüşvət tələbinə dair sabiq direktor İrşad Abbasovla yanaşı, sosial şəbəkələrdə səs yazıları paylaşılan Şahin Əliyev deyil.

Eyni zamanda, kollecdə uzun illərdir baş mühasib işləyən Mətanət adlı qadın sanki ailə ansambılı yaradıb. Özü, qızı, oğlu, kürəkəni hamısı yüksək vəzifələrdədir. 

Cənab Prezident!

Sizdən çox xahiş edirəm, Baş Prokurorluğa, Maliyyə Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və aidiyyəti orqanlara tapşırıq verəsiniz ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində şəffaf və obyektiv araşdırmalar aparılsın, korrupsiyaya bulaşmış Şahin Əliyev və digər şəxslər məsuliyyətə cəlb edilsinlər".
Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.