Ukraynaın valyuta ehtiyatları rekord həddə çatıb – Mərkəzi Bank səbəbləri açıqladı

2023-cü il aprelin 1-nə Ukraynanın beynəlxalq valyuta ehtiyatları son 11 ildə rekord həddə - 31,88 milyard dollara çatıb.
Bu barədə Mərkəzi Bankın açıqladığı məlumatda bildirilir. Qeyd olunur ki, mart ayında Bankın xalis valyuta satışlarının aşağı düşməsi və xarici valyutada olan borcların cüzi ödənişləri hesabına ehtiyatlar 10% artıb.
Məlumatda qeyd olunur ki, ötən ay Mərkəzi Bankdakı valyuta hesablarına 5,11 milyard dollar daxil olub.
Ukrayna hökuməti xarici valyutada dövlət borcuna xidmət göstərilməsi və ödənilməsi üçün 486,8 milyon dollar ödəyib. Bundan əlavə, Ukrayna Beynəlxalq Valyuta Fonduna 638,6 milyon dollar köçürüb.
Balans məlumatlarına əsasən, martda Mərkəzi Bank valyuta bazarında 1,67 milyard dollar satıb, ehtiyatlar üçün isə 5,2 milyon dolları geri alıb.
Ötən ay Mərkəzi Bank tərəfindən həyata keçirilən xalis valyuta satışı 2023-cü ilin fevral ayı ilə müqayisədə 783,1 milyon dollar azalıb.
2022-ci il ərzində Ukraynanın beynəlxalq ehtiyatları qrivnanın məzənnəsini saxlamaq üçün valyuta müdaxilələri səbəbindən 7,9% azalıb. Ölkənin beynəlxalq ehtiyatları 2023-cü ilin yanvarında 5% artaraq fevralın 1-nə 29,9 milyard dollar təşkil edib.