BAYDENİN UKRAYNAYA QƏFİL SƏFƏRİ… - ABŞ prezidenti Putinin “qulağının dibində” onu hədələdi və Rusiyanın məğlubiyyətə məhkum olduğunu bəyan etdi

Baxış sayı:
1248

Ötən həftə ABŞ Prezidenti Co Baydenin 20-22 fevral tarixlərində Polşaya səfər edcəyi bəlli oldu. Belə bir iddia da səsləndi ki, Bayden səfər çərçivəsində Ukrayna paytaxtına da gələcək. Doğrudur, həmin vaxt belə bir səfərin baş tutacağı ehtimalı olduqca aşağı qiymətləndirilirdi. Lakin dünən ilk olaraq Ukrayna XİN başçısının müavini Andrey Melnik yerli kanallara açıqlamasında Co Baydenin Ukraynaya səfərini təsdiqlədi:
“Gəlin hələlik bu intriqanı saxlayaq və qabağa qaçmayaq. Mən ümid edirəm ki, hazırlanan sürpriz alınacaq. Bizim üçün çox vacibdir ki, işğalın ildönümündə biz təkcə sözdə dəstəyi, həmrəyliyi deyil, həm də böyük yardımı və bizim ən vacib, başlıca tərəfdaşlarımızın Kiyevdə olmasını görəcəyik”.
Bu açıqlamadan az sonra məlum oldu ki, Co Bayden Kiyevdə səfərdədir. Bununla bağlı videogörüntülər də yayıldı. ABŞ Prezidenti Zelenski ilə birgə Kiyevdəki Mixaylovsk kilsəsinə baş çəkib və Ukraynanın müdafiəsi uğrunda həlak olanların xatirəsini yad edib. Həmin vaxt Kiyevdə hava həyəcanı siqnalları da verilib. Bu, Rusiya hərbi təyyarələrinin Belarus ərazisində, yaxud Rusiyanın Ukrayna ilə sərhəd zonalarında havaya qalxması ilə əlqələndirilib.   
Xatırladaq ki, bu, Baydenin ABŞ Prezidenti statusunda Ukraynaya ilk səfəridir və Ukrayna paytaxtının demək olar hər həftə raket zərbələrinə məruz qalması fonunda baş verir. Rusiya prezidenti Vladimir Putin isə indiyə kimi "Rusiya ərazisi" elan etdiyi Donbas bölgəsinə bir dəfə də səfər etməyə cəsarət etməyib... 
Bayden Zelenski ilə Kiyevdən kənarda görüşmək təklifini rədd edib
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenə Ukrayna lideri Vladimir Zelenski ilə Kiyevdən kənarda görüşmək təklif edilib, lakin o, bundan imtina edib.
“Rolling Stone” nəşri xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan yüksək vəzifəli məmuru bildirib.
Qeyd olunub ki, Ukraynaya səfəri ərəfəsində Baydenə Vladimir Zelenski ilə görüşmək üçün məkan olaraq bir neçə variant təklif olunub ki, bunların sırasında Polşa-Ukrayna sərhədi və Ukraynanın qərbində, nisbətən təhlükəsiz hesab edilən Lvov şəhəri yer alıb. Amerika Prezidenti isə Ukrayna paytaxtına səfərdə israr edib.
“Ukrayna uğur qazanmaqda davam edəcək”
ABŞ Prezidenti Co Bayden Kiyevdə səfərdə olarkən bildirib ki, Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı və gələcəkdə də uğur qazanmaqda davam edəcək. O vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi əsrin dörddə üçü ərzində Avropada baş verən ən böyük müharibədir.
“Əminəm, Ukrayna qalib gələcək”, - deyə Co Bayden vurğulayıb.
Prezident Vladimir Zelenski isə Baydenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna ABŞ-dan güclü hərbi dəstək gözləyir: "Bu gün həmkarımla uzaqmənzilli raketlərin tədarükünü müzakirə etdik. Uzaqmənzilli silahlar bizim üçün çox vacibdir. Rusiyanın şansı yoxdur. Biz şəhərlərimizi, xalqımızı Rusiyadan birlikdə qoruyacaq və qələbəmiz üçün imkanları gücləndirəcəyik”.
Zelenski deyib ki, Ukrayna və ABŞ-ın müharibə ilə bağlı mövqeyi eynidir: “Biz, həmçinin Rusiyaya qarşı təzyiqlər barədə də razılığa gəldik. Biz həm ikitərəfli səviyyədə, həm də G7 çərçivəsində sanksiyaları sərtləşdirmək üçün birlikdə çalışırıq. Bu da çox vacibdir”.
"ABŞ və müttəfiqləri Ukraynaya 700-dən çox tank verəcək"
Bayden deyib ki, ABŞ və müttəfiq ölkələr Ukraynaya 700-dən çox tank verəcək.
O bildirib ki, ABŞ və 50 müttəfiq dövlət Ukraynaya ümumilikdə, 700-dən çox tank, 1000-dən artıq zirehli texnika, 1000 artilleriya sistemi və 2 milyondan çox top mərmisi verəcək.
“Putinin işğalçılıq müharibəsi məğlubiyyətə doğru gedir”
 Co Bayden Vladimir Zelenski ilə görüşündə onu da deyib ki, Putinin işğalçılıq müharibəsi məğlubiyyətə doğru gedir.
Zelenski ilə yan-yana dayanan Bayden Putinin Ukraynaya qarşı müdaxilə qərarı verərkən böyük səhvə yol verdiyini bildirib: “Putin düşünürdü ki, Ukrayna zəifdir, Qərb isə parçalanıb. O, elə bilirdi ki, bizdən çox yaşayacaq. Düşünmürəm ki, o, indi də belə hesab edir... O, açıq şəkildə səhv edirdi. Bir ildən sonra bunun sübutu burada, bu otaqdadır. Biz burada bir yerdə dayanmışıq”.
Bayden çıxışında bir il əvvəl, müharibənin ilk günüdə yaşananları və Zelenski ilə “rus təyyarələri havada olanda və tanklar sərhədi keçəndə” baş tutan telefon söhbətini xatırladıb: “Siz mənə dediniz ki, arxa fonda partlayış səsləri eşidirsiniz. Mən bunu heç vaxt unutmaram. Dünya (həmin gecə) dəyişmək ərəfəsində idi. Siz dediniz ki, bir daha nə vaxt yenidən danışacağımızı bilmirsiniz. Bir il əvvəl, həmin qaranlıq gecədə dünya sözün əsl mənasında Kiyevin süqutuna, hətta ola bilsin, Ukraynanın sonuna hazırlaşırdı. Bir il sonra Kiyev dayanır. Ukrayna dayanır. Demokratiya dayanır. Amerikalılar sizinlə dayanır, dünya sizinlə dayanır”. Bayden sonda deyib ki, Ukrayna onun “ürəyinin bir hissəsini zəbt edib”.
Qeyd edək ki, Bayden Kiyevə səfəri çərçivəsində Ukraynaya yeni yardım paketini və Rusiyaya qarşı yeni sanksiyaları elan edib.
Moskva Baydenin Kiyevə səfəri ilə bağlı əvvəlcədən xəbərdar edilib
“ABŞ rəsmiləri Baydenin Kiyevə səfəri öncəsi Moskva ilə əlaqə saxlayaraq, iki böyük ölkənin hərbi qarşıdurmasına səbəb olacaq hadisələrin baş verməməsi üçün xəbərdarlıq ediblər”.
“Associated Press” Agentliyi belə bir məlumat yayıb.
Agentlik bildirir ki, Baydenin Ukraynaya səfəri çox özəl və nadir xüsusiyyətə malik olub. Belə ki, indiyə qədər çox nadir hallarda hansısa ABŞ Prezidenti münaqişə zonasına, özü də hava məkanına tam nəzarət etmədiyi bir əraziyə səfər edib. Ona görə də Ağ Ev Rusiya rəhbərliyi ilə öncədən əlaqə yaradaraq, hər hansı münaqişə səbəbi yaratmamasını istəyib.
Xəbərdə o da bildirilir ki, Baydenin Ukraynaya səfəri zamanı ABŞ-ın “E-3 Sentry” və “RC-135W Rivet Joint” radar təyyarələri də daxil olmaqla, bir neçə hərbi təyyarə Polşa ərazisindən Kiyevin hava məkanını nəzarətdə saxlayıb.
Muxalifet.az